Matriarxın payızı: Merkelin yeni müddəti Avropaya nə vəd edir? – TƏHLİL
Hər bir halda, hakersiz ya hakerlərlə, almanların 13.5 faizi "Almaniya üçun Alternativlər"ə səs verməklə onların koalisiyaya daxil olmasına şərait yaratdı. "Alternativ" siyasətçilər daha çox Şərq federal torpaqlarında səs toplayıblar, baxmayaraq ki, xanım kanslerin özü də əslən oradandır. "Alternativlər" Almaniyanın da digər AB ölkələri kimi miqrantların qəbuluna kvota qoymasını, Avropa Birliyi ilə münasibətlərə yenidən baxmasını, Şengen zonası rejiminin sərtləşdirilməsinin tərəfdarıdırlar. Onlar hesab edirlər ki, Hitlerin gördüyü heç də bütün işlər pis deyil, "Holokost" qurbanlarına abidə qoyulması alman xalqı üçün təhqirdir və s. Görünən odur ki, Merkel qələbə qazansa da, radikalların onun hökumətində yer alması qarşıdakı dörd ildə xanım kanslerin başının üstündə Domokl qılıncı kimi dayanacaq. Onlar özləri də bunu gizlətmirlər. Kansleri narahat dövr gözləyir.
Bununla belə, almanlar Merkeli bir çox məsələlərdə dəstəkləyirlər. Məsələn, əhalinin əksəriyyəti ətraf mühitin qorunması və qaçqınlara öz ölkələrində yardım ayrılması məsələsində hökumətə dəstək nümayiş etdirirlər. Merkel özü Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqların dayandırılmasının tərəfdarıdır. Habelə, Rusiyanın Ukrayna məsələsindəki mövqeyini tənqid edir, baxmayaraq ki, Rusiyadan Almaniyaya Baltik dənizinin dibiylə qaz xəttinin çəkilişinə dəstək verməklə Ukraynanın vəziyyətinin ağırlaşacağını bilir. Təbii ki, bu məsələ alman və Avstriya şirkətlərinin birgə layihəsidir və siyasi hakimiyyətdə olan şəxs nəhəng konsernlərin maraqlarını nəzərə almağa məcburdur. Lakin hər bir halda, Merkel Avropa Birliyi Komissiyasına "Qazprom"la danışıqlar aparmaq mandatını verməkdən imtina edir.
Seçkilərdə Merkelin qalib gəlməsi həm də "Şimal axını-2"nin müqəddəratını həll etdi. Artıq Avropa Birliyi Komissiyası, Polşa, Ukrayna, Sloveniyanın Almaniyada yeni partiyanın hakimiyyətə gəlib Rusiya ilə enerji əməkdaşlığını AB-yə həvalə etməsinə olan ümidləri puç oldu.
Brüsselin Merkeldən daha bir gözləntisi var. Habsburqlardan tutmuş Bismarkadək, Vilhelmdən Hitlerədək ənənəvi frankofob siyasətinin əksinə olaraq, Fransaya xos munasibət bəsləyən xanım kanslerin Rusiyanın himayəçilik etdiyi radikal sagçıları məğlub etməklə fansızsayağı "Brexitin" - "Frexit"in qarşısını almış, bununla da AB-ni faktiki parçalanmaqdan xilas etmiş Makrona desək verməsi. Lakin burada Merkeldən asılı olmayan bir çox məsələlər var ki, bunun başında alman ictimai rəyinin Avropa Birliyinə almanlara xas soyuqqanlı və praqmatik münasibəti durur.
Almanların yalniz 16 faizi Brüsselə səlahiyyətlər verilməsini, 37 faizi isə bu səlahiyyətlərin milli dövlətlərə qaytarılmasının tərəfdarıdır. Onlar ümumi müdafiə, təhlükəsizlik və xarici siyasət sahəsində avropalı qitədaşları ilə bir yerdə olmaq istəsələr də, maliyyə, sosial siyasət sahəsində ciblərini ayrı tutmağın tərəfdarıdırlar. Bəlkə də Avropa Birliyinin keçmiş prezidenti, Merkelin rəqibi Martın Şultsun məğlubiyyətinin əsas səbəbi onun həddən çox avropapərəst olması oldu. Avropa Birliyinin vahid büdcəsinin olmasını, Birliyə maliyyə naziri təyin olunmasını istəyən Makron Fransasına dəstək verilməsi və Avropa inteqrasiyası məsələsində Almaniyanın mövqeyi Merkelin seçkidən sonra qarşısında duran vacib məsələlərdir. Üstəlik, AB rəhbəri Yunker bütün birlik olkələrinin, hətta İttifaqa son dövrlərdə qəbul olunmus kasıb ölkələrin belə Şengen ittifaqına qoşulmasının tərəfdardır.
Lakin Yunanıstan maliyyə böhranını uğurla həll edən, miqrant problemində digər Avropa ölkələrinə nisbətən humanizm göstərən, suriyalı qaçqınların maliyyə dəstəyi qarşılığında Türkiyədə qalmasını razılaşdıran və tez-tez işlətdiyi "biz bacaracağıq" vədini yerinə yetirən Merkel sabit demokratik Almaniyanın tarixində xüsusilə yadda qalacaq. Yaxından tanıyanların dediyinə görə, praqmatizm, soyuqqanlılıq və hər şeyə nəzarət etmək kanslerin sanki "vizit kartına" çevrilib. 35 yaşında siyasətə qoşulan, tezliklə Helmut Kolun Yaxın tərəfdarına çevrilən Merkelin daha çox rəqəmlərə və faktlara əsaslanaraq, qərar qəbul etdiyi deyilir. Məsələn, özü ixtisasca fizik və atom enerjisi tərəfdarı olmasına baxmayaraq, Yaponiyada nüvə stansiyasındakı partlayışdan sonra mövqeyini dəyişib, nəticədə, Almaniyada AES-lər artıq bir-bir bağlanır. 2022-ci ildə sonuncu elektrik stansiyası bağlandıqdan sonra vəziyyətin necə olacağı qaranlıqdır.
Bununla belə, onu Avropa siyasətinin matriarxı adlandırmaq, yəqin ki, mübaliğə olmazdı. Avropa Birliyinə qarşı olan britaniyali həmkarı Tereza Meydən fərqli olaraq, qatı avropapərəst olan Merkel Avropa Birliyinin möhkəmlənməsi üçün çox iş görüb. Hətta anti-Avropa mövqeyində olan almanlar da onu dəstəkləməkdən çəkinmirlər. Çünki xanım şanselyor ilk qadın kansler olmaqla yanaşı, özündən əvvəlki liderlərin heç birinin tam başa çatdıra bilmədiyi Primus inter pares ("bərabərlər arasında birinci") hissini almanlara yaşadıb. Bəlkə də, onu bir çoxlarının dediyi kimi, şans müşayiət edirdi, lakin praqmatizm, müxtəlif düşüncəli opponentlərlə kompromis tapmaq, soyuqqanlılıq Merkelin dörd illik müddətə dördüncü dəfə qələbəsini təmin etdi.
Nəzakət Məmmədova
AzVision.az üçün
Teqlər: #Merkel #Almaniya #Seçki