Allahsızlığın Azərbaycana gəlişi – ARAŞDIRMA, FOTOLAR (davamı)

Allahsızlığın Azərbaycana gəlişi – ARAŞDIRMA, FOTOLAR (davamı)
  16 Sentyabr 2013    Oxunub:12003
Əvvəli burada

1929-cu ilin iyununda “Allahsızlar İttifaqı”nın ikinci qurultayında təşkilatın adı dəyişdirilərək “Mübariz Allahsızlar İttifaqı” (“Союз Воинствуюущих Безбожников”) oldu. Qurultayda təşkilatın yarım milyon üzvünü təmsil edən 1200 nümayəndə iştirak edirdi. Ancaq bu qurultay təkcə bununla yadda qalmayıb.
İttifaqın lideri Yaroslavski hesab edirdi ki, din əleyhinə mübarizəni sistemləşdirilmiş bir formaya salmaq lazımdır. Bu, elə bir təbliğat üsulu olmalıdır ki, insanların şüurunu tamamilə dəyişmək qüdrətinə malik olsun. Arqumentlər isə bundan ibarət ibarət idi ki, əksərən din əleyhinə mübarizə çağırışları çox vaxt elə çağırış olaraq qalır və nəticə vermir. İstənilən nəticəni almaq üçün isə insanların məişətindən, geyim tərzindən tutmuş, milli və dini xüsusiyyətləri özündə əks etdirən hər bir şey dəyişdirilməlidir. İlk addım kimi təqvimin dəyişdirilməsindən, tarixin yenidən hesablanmasından başlamaq təklif olunurdu. Ancaq bu məsələdə də tərəddüdlər varıydı.

Qurultay iştirakçıları qarşısında çıxış eliyən Yaroslavski deyirdi: “Tarixi proletar inqilabının baş verdiyi ildən hesablamağa başlamaq çox mürəkkəb məsələdir. Bizim qarşımızda Böyük Fransa İnqilabının acı təcrübəsi dayanır”. Ancaq bundan sonra o, dərhal qeyd edirdi: “...Ancaq biz bu gün bütün sovet sənədlərində öz təqvimimizi göstərməliyik. Məsələn 1929-cu il yazanda qeyd edirik: Yeni eranın, yəni “bizim era”nın 12-ci ili. Mən “bizim era” sözünü ona görə işlədirəm ki, xristian erasından söhbət getmədiyini biləsiniz”.
“Mübariz Allahsızlar İttifaqı”nın sədri geniş kütlələrin şüuruna yeni eranın- kommunizm erasının başlanması fikrinin yeridilməsini vacib hesab edirdi.

Beləliklə qəzetlərdə tarix göstərilərkən yeni qayda tətbiq olunmağa başladı. Ənənəvi miladi tarixiylə bərabər “Yeni era”nın neçənci ili olduğu da mütləq Roma rəqəmləri ilə göstərilirdi. Bu ideya təkcə ayın tarixinə yox, həftənin günlərinə də tətbiq olunurdu.

“Allahsızlar” belə hesab edirdilər ki, istər xristianlar, istərsə də müsəlmanlar arasında həftənin günlərinin adları özündə müəyyən dini mahiyyət daşıyır. Məsələn, həftənin bazar günündə istirahət etmək xristianların “воскресенье” gününə aiddir və bu günü istirahət-bayram günü kimi qeyd eləmək olmaz. Müsəlmanlarda isə belə müqəddəs gün Cümə günüydü. Elə buna görə də ölkədə “altıgünlük” (“шестидневка”) adlanan yeni iş həftəsinə keçildi. “Fasiləsiz” (“непрерывка”) adlandırılan bu iş həftəsində əhali beş gün işləyir, altıncı gündə isə dincəlirdi. Həftənin günləri də elə sadəcə olaraq “1-ci gün”, “2-ci gün”.... “6-cı gün” adlandırılırdı. Bu gün də Azərbaycanda əhali arasında həftənin günləri əksər hallarda bu cür adlandırılır. Yalnız bir fərqlə - həftəyə “Bazar” günü əlavə olunur. Çünki, 1940-cı ilin iyun ayının 26-da SSRİ XKS 8 saatlıq iş gününə və yeddi günlük iş həftəsinə keçilməsi barədə əmr verdi və nəhayət SSRİ-də təqvim üzərində eksperimentlərə son qoyuldu.

1932-ci il yanvar ayının 30-dan fevral ayının 4-dək Moskva şəhərində keçirilən XVII partiya konfransında cari ildə sənyenin inkişaf planı təsdiq olunmaqla bərabər, sosializm quruculuğu sahəsində ikinci beşillik planın tərtib olunması üçün direktivlər qəbul olundu. Konfransda ikinci beşillik planın əsas siyasi məqsədləri də açıqlandı. Yeni cəmiyyətin aktiv və şüurlu qurucuları “dini infeksiya”nın daşıyıcıları ola bilməzdilər. Bu sahədə uğur qazanmağın ən başlıca yolu isə “Mübariz Allahsızlar İttifaqı”nın fəaliyyətinin gücləndirilməsi idi. Çünki bu təşkilat artıq nəhəng bir təbliğat mexanizminə çevrilmişdi.

Təşkilatın ən fəal üzvləri xüsusi döş nişanları ilə təltif edilirdilər. 1931-ci ilin noyabr ayında bütün SSRİ ərazisində təşkilatın 60 min özəyi vardı. Bu özəklərdə birləşən üzvlərin sayı isə 5 milyondan yuxarıydı. Müqayisə üçün onu da qeyd edək ki, 1926-cı ildə İttifaqın 87 min, 1929-cu ildə 465 min, 1930-cu ildə isə 3,5 milyondan yuxarı üzvü vardı. Bu təşkilatın xəttilə çap olunan din əleyhinə təbliğat ədəbiyyatını tirajı da üzvlərin sayı kimi həndəsi silsilə ilə artırdı. Əgər 1927-ci ildə Allahsızlar İttifaqı 700 min çap vərəqi həcmində təbliğat ədəbiyyatı çap etmişdisə, 1930-cu ildə bu rəqəm 30 milyon çap vərəqi həcmində idi. 1931-ci ildə İttifaqın orqanı olan “Allahsız” qəzetinin tirajı yarım milyona, eyni adlı jurnalın tirajı isə 200 minə çatmışdı.

İttifaq gənc nəsli də yaddan çıxarmırdı. Bütün ölkədə Gənc Allahsızlar dərnəkləri təşkil olunurdu. 1931-ci ildə belə dərnəklərə cəlb olunmuş uşaqların sayı 2 milyon nəfəriydi. Sual oluna bilər: Bəs İttifaq hansı gəlirlər hesabına yaşayırdı? Rəsmi olaraq gəlir mənbəyi kimi üzvlərdən yığılan üzvlük haqqı və nəşr olunmuş ədəbiyyatın satışından götürülən gəlir göstərilirdi. Üzvlük haqlarının toplanması prinsipi də maraqlı qurulmuşdu. Şəhər əhalisi üzvlük üçün 60 qəpik, kənd əhalisi isə 24 qəpik ödəyirdi. Reallıqda isə təşkilatın yaşamasına dövlət yaxından dəstək verirdi.

Ancaq birdən-birə hər şey dəyişdi. Sinfi mübarizənin kəskinləşməsi fonunda din əleyhinə mübarizə getdikcə aktuallığını itirməyə, bu sahədə təşəbbüs cəza strukturlarının əlinə keçməyə başlayırdı. İndi “Mübariz Allahsızlar İttifaqı” əksinqilabi fəaliyyət göstərən dindarların ifşasında alət kimi istifadə olunurdu. Ancaq onlarla bərabər İttifaq üzvlərinin də tez-tez ifşa olunaraq həbs olunması təşkilatın fəaliyyətini xeyli zəiflədirdi. Artıq 30-cu illərin ortalarında “Mübariz Allahsızlar İttifaqı”nın fəaliyyətində əvvəlki aktivlik hiss olunmurdu. 1935-ci ildə yığılan üzvlük haqlarının həcmi 10 dəfə azalmışdı. 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Millətlər Şurası ölkənin bəzi yerlərində “Mübariz Allahsızlar İttifaqı”nın fəaliyyətini tam dayandırması haqqında faktlar qeydə aldı. Bu fakt üzvlük haqlarının yığılmasında da özünü göstərirdi. 1936-37-ci illərdə üzvlük haqlarının yalnız 20 %-ni yığmaq mümkün olmuşdu.

1937-ci il yanvar ayının 6-da SSRİ üzrə əhalinin siyahıya alınması zamanı ortaya çıxan nəticələr Sovet rəhbərliyində şok effekti yaratdı. Stalinin göstərişi ilə sorğu bülletenlərinə salınmış dini mənsubiyyət haqqında suala cavab verən savadsız vətəndaşların 84 %-i (təxminən 25 milyon), savadlı vətəndaşların isə 45 %-i (30 milyondan yuxarı) allaha inandıqlarını yazmışdılar. Hətta hakimiyyət orqanları tərəfindən müəyyən korrektəyə məruz qalmış bu rəqəmlər dinə qarşı 15 illik total müharibənin müvəffəqiyyətsizliyə uğradığını göstərirdi. Bu siyahıya alınmanın nəticələri etibarsız sayıldı və əhaliyə heç bir məlumat verilmədi. Siyahiyaalma komissiyasının bütün rəhbərliyi - Əhali sektorunun rəisi Mixail Kurman, Əhalinin siyahıya alınması bürosunun rəisi Olimpiy Kvitkin, onun müavini Lazar Brandqendler və daha bir neçə məsul şəxs 1937-ci ilin mart ayında həbs edildilər və güllələndilər. Təbii ki, müttəfiq respublikalarda da analoji vəzifələri tutan şəxslər eyni aqibəti yaşadılar.

“Mübariz Allahsızlar İttifaqı”nın 15 illik təbliğat fəaliyyəti, XDİK-in din xadimlərini və dindarları fiziki cəhətdən məhv edilməsinə yönələn tədbirləri istənilən nəticəni verməmişdi. Qarşıya qoyulmuş məqsədlərə demək olar ki, nail olunmamışdı. Təcili olaraq tədbirlər görülməli, “Mübariz Allahsızlar İttifaqı”nın fəaliyyəti canlandırılmalıydı.

Bu məsələnin siyasi tərəfi də varıydı. ÜKP(b) MK-nınSSRİ Ali Sovetinə seçkilərə partiya təşkilatlarının hazırlığına həsr olunmuş fevral-mart plenumunun qərarlarında Partiya-siyasi işinin (o cümlədə din əleyhinə təbliğatın) gücləndirilməsi nəzərdə tutulurdu. 1938-ci ildə İttifaqın yerli təşkilatları qismən də olsa bərpa olunmağa başladı. Hətta həmin ilin fevral ayında “Mübariz Allahsızlar İttifaqı”nın Mərkəzi Şurasının din əleyhinə mübarizənin gücləndirilməsinə həsr olunmuş plenumu keçirildi.

Partiya öz ateist mövqeyinə sadiq qalaraq, hər vəchlə dinin rolunu və əhəmiyyətini ictimaiyyətin gözündən salmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. Bakıda din tarixi və ateizm muzeyi yaratmaqda məqsəd dinin tarixini öyrənmək, tədqiq etmək əsasında onun əleyhinə təbliğat kampaniyası aparmaq, «mürtəce» rolunu göstərən materiallarla onu geniş xalq kütləsi qarşısında ifşa etmək idi. 1938-ci ildə muzeyə 38 min nəfərə qədər ekskursant gəlmişdi (Известия Аз.ФАН СССР, 1939, №3, стр.50). Belə bir muzeyin Gəncədə də açılması planlaşdırılmışdı. Hətta «Kommunist» qəzeti 1937-ci il 17 mart tarixli sayında yazırdı ki, “Rusiyada olduğu kimi, Azərbaycanda da milli və dini bayramları ləğv etmək və onları inqilabi bayramlarla əvəz etmək lazımdır!”. Nəticədə bütün dini bayramların , o cümlədən Novruz bayramının da qeyd edilməsi rəsmən qadağan edildi.

Ancaq bütün bunlar da İttifaqın işinin gücləndirilməsinə kömək etmədi. Kiçik partiya məmurlarının din xadimlərinə və dindarlara qarşı şantaj, şər, qarayaxma və provakasiyaya çəkməklə apardıqları mübarizə artıq özünün əks effektlərini verməyə başlayırdı.1937-38-ci illərdə respublika rəhbərliyi də başa düşürdü ki, din əleyhinə bu cür mübarizə metodları əhali arasında partiya-sovet orqanlarına qarşı inama zərbə vurur. Ona görə də mümkün qədər belə halların qarşısını almağa, daha təsirli üsullar tətbiq etməyə çalışırdılar. Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərakatlar Dövlət Arxivində belə halların qeydə alındığı onlarla sənəd var. Dövrün mənzərəsini tam təsəvvür etmək üçün həmin sənədlərdən birinə baxmaq kifayət eləyir.

“MK və Bakı ş. Partiya Komitəsinin katibi yol. Bağırova
27 dekabr 1937-ci il

1937-ci il noyabr ayının axırlarında Azərbaycan KP(b) Şəhər rayon komitəsinin katibi yoldaş Allahverdiyev şəhər rayon komitəsinin instruktoru Cavadov Hacı Abbas oğlunun sədrliyi ilə 15 nəfərdən ibarət bir komissiya yaradıb. Komissiyanın qarşısına iranlıların fəaliyyətdə olan “Zənganlılar” məscidinin bağlanmasına hazırlıq işlərinin görülməsi tapşırığı qoyulub. Komissiya qərara alır ki, öz işinə məscidin rəhbəri Əbülfəz Fətulla oğlunu və Molla Nurməmmədi ifşa etməklə başlasın, daha sonra isə məscidi bağlasın.

Bu məqsədlə komissiyanın sədri Cavadov 28.11.37-ci il tarixdəkomissiya üzvlərindən birini İsa İsa oğlunu (Şəhər rayon komitəsi plenumunun üzvü) dindar adam kimi məscidə göndərir və o məscidin rəhbəri iranlı Əbülfəz Fətulla oğlundan məscidə nəzir kimi vermək istədiyi 1 kisə buğdanı qəbul etməsini xahiş edir. Onun razılığını alan İsa İsa oğlu bu barədə komissiyanın sədri yoldaş Cavadova məlumat verir. Yoldaş Cavadov isə Şəhər rayon komitəsinin katibi Allahverdiyevin razılığı ilə Aztaxıltədarükün mərkəzi anbarından 1kisə buğda alır (buğda anbardan Şəhər rayon komitəsinin məktubuna əsasən Aztaxıltədarükün müdiri Rzayev yoldaşın sərəncamı ilə buraxılıb) və onu maşınla məscidin yanına gətirir.

Taxılı İsa İsa oğlu Əbülfəz Fətulla oğluna verərkən, əvvəlcədən komissiya üzvləri tərəfindən Bakı şəhər milis idərəsinin 5-ci şöbəsindən çağırılmış milis briqadiri tərəfindən tutulub. Beləliklə tutulmuş buğda “əşyayi dəlil” kimi Molla Nurməmməd və Əbülfəz Fətulla oğlu ilə birlikdə milis şöbəsinə aparılıb. Burada komissiya üzvləri Milis işçiləri ilə birlikdə saxta akt tərtib ediblər ki, guya ki, “rüşvəti”- yəni buğdanı naməlum bir kəndli gətirib. Buğda tutulan vaxt isə həmin kəndli məscidin rəhbəri Əbülfəz Fətulla oğlunun köməyi ilə qaçıb aradan çıxıb.

Bizim müdaxiləmizdən sonra Molla Nurməmməd və Əbülfəz Fətulla oğlu Milisdən azad edildi. Buğda isə geriyə - Taxıltədarükə təhvil verildi. Beləcə, komissiya partiya-sovet orqanlarını biabır etməkdən başqa ayrı bir nəticəsi olmayan “işini” başa vurdu.

Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı
3-cü ranq Dövlət Təhlükəsizlik Komissarı
Sumbatov-Topuridze”

1941-ci il iyunun 22-də müharibənin başlanması isə İttifaqın fəaliyyətinin üstündən biryolluq xətt çəkdi. İttifaq rəsmən bağlanmasa da müharibənin şəraitində dindarlarla hökumət arasındakı gərgin münasibətləri yumşaltmaq üçün “Mübariz Allahsızlar İttifaqı”nın bütün nəşrləri çapını dayandırdı. Heç müharibədən sonra da İttifaq fəaliyyətini bərpa edə bilmədi və 1947-ci ilə qədər yalnız formal olaraq öz mövcudluğunu saxlaya bildi. 1947-ci ildə “Mübariz Allahsızlar İttifaqı”nın əvəzinə kütlələr arasında elmi ateizmin təbliği ilə məşğul olacaq başqa bir cəmiyyət- Ümumittifaq “Bilik” cəmiyyəti yaradıldı.



Füzuli Sabiroğlu
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti