Abu-Dabidə qadın rəssamlarımızın sərgisi keçiriləcək
Layihənin həyata keçirilməsində məqsəd Abu-Dabi ictimaiyyətini Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, ölkəmizin gözəlliklərini və inkişafını, gənc qadın rəssamlarımızın yaradıcılıq potensialını nümayiş etdirməkdir.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü və Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü ərəfəsinə təsadüf edəcək bu sərginin təşkilinə ölkəmizin Abu-Dabidəki səfirliyi böyük dəstək verir. Səfirlikdən aldığımız məlumata görə gənc qadın rəssamlarımızın əsərləri Abu-Dabinin ən məşhur otellərindən birinin foyesində nümayiş olunacaq.
Xatırladaq ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ABŞ, Avstraliya, Almaniya, İtaliya, Macarstan və Lüksemburqda da oxşar mədəniyyət tədbirləri təşkil edib.
Teqlər: #Rəsm #İncəsənət