IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

  10 Oktyabr 2017    Oxunub : 946
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 noyabr 2017-ci il tarixində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

AzVision.az xəbər verir ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivala film qəbulu 1 Oktyabr 2017-ci il tarixində başa çatıb. Bu müddət ərzində 70 ölkədən 424 film festivalın seçim komissiyasına qəbul olunub. Festivalın seçim komissiyası göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edib. Beləliklə, 40 ölkədən 84 film müsabiqəyə qəbul olunub.

Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar:

• Ölkə, region, şəhər

• Mədəniyyət, ənənə

• Reklam filmləri

• Ekoturizm və digər turizm növləri

• TV məhsullar (filmlər, videoçarxlar)

Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq.

I yerə - Qızıl mükafat – diplom və mükafat

II yerə - Gümüş mükafat - diplom və mükafat

III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filminə isə "QRAN PRİ" – diplom və mükafat təqdim ediləcək.

Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 20-ə yaxın qonağın dəvət olunması nəzərdə tutulur.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.

Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq.

BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Festivalın təşkilati işlərini Salnaməfilm Studiyası həyata keçirir.

AzVision.az

Teqlər: Festival   Film   Turizm