Azərbaycanın Avropa Şurasından çıxması yenidən gündəmdədir

Azərbaycanın Avropa Şurasından çıxması yenidən gündəmdədir
  12 Oktyabr 2017    Oxunub:5888
Ötən gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı növbəti qərəzli hesabat qəbul olunub. Hesabatda qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları, ölkəmizdə yoxsulluğun səviyyəsinin azalması, müsbət statistik faktlar, son dövrlər həyata keçirilən hüquqi islahatlar və ümumi olaraq müsbət tədbirlər məhdud sayda qeyd edilib və ya qərəzli olaraq çıxarılıb. Bu da Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub.
AŞPA-da qərəzli münasibətlə üzləşən Azərbaycanın bu qurumdan çıxması yenidən gündəmdədir. Bu məsələyə Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə də toxunub və bildirib ki, Azərbaycan Avropa Şurasından çıxmaqla heç nə itirməyəcək.



“Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”, - Prezident İlham Əliyev avropalı dilomatlarla görüşündə bildirib.



Hazırki durumda Azərbaycan Avropa Şurasını tərk edə bilərmi?

Politoloq Sahil İskəndərov hesab edir ki, Avropa Şurası Azərbaycana yanaşmada, bir çox prinsipial məsələdə öz mövqeyini dəyişməsə, Azərbaycanın Avropa Şurasından çıxması mümkünüdür:

“Beynəlxalq münasibətlər sistemində baş verən ziddiyətli-mürəkkəb proseslər kontekstində götürsək mümkün olmayan şey yoxdur. Bu baxımdan Azərbaycan Avropa Şurasından çıxa bilər. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə birmənalı şəkildə vurğuladı ki, Azərbaycan Avropaya inteqrasiya prinsiplərinə sadiqdir. Əgər Avropa Şurasında Azərbaycanla bağlı bir-birinin ardınca davam edən qərəzli yanaşma nümayiş etdirilərsə, Azərbaycan bu təşkilatdan çıxa bilər. Çünki, Azərbaycanın da səbr kasasının daşdığı məqam var”.



Politoloq vurğulayıb ki, bu addımın atılması Azərbaycandan çox, Avropa Şurasının özünə ziyandır: “Azərbaycan bütün parametrlər üzrə Cənubi Qafqazın lider dövlətidir. Ona görə də Azərbaycan kimi bir tərəfdaşı itirməklə Cənubi Qafqazda Avropa Şurasının mövqeyi zəifləyə bilər. Sözsüz ki, hazırki durumda Azərbaycan Avropa Şurasından çıxmaqla bağlı qərar qəbul edə bilər. Çünki, səbr kasasının daşması həddinə çatmışıq. Amma, yaranmış vəziyyəti düzəltmək üçün kifayət qədər imkan var. Ona görə də hələlik bu addımı atmaq fikrində deyil. Düşünürəm ki, burada ən önəmli məqam Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlıdır. Əgər Brüssel bu məsələdə də cığallıq edərsə, bir daha öz yanaşmasında heç bir dəyişikliyin olmadığını nümayiş etdirərsə, Azərbaycanın Avropa Şurasını tərk etməsi baş verə bilər”.



Politoloq Fikrət Sadıqov isə düşünür ki, Azərbaycanın Avropa Şurasını tərk etməsi bu təşkilatın özündən asılıdır: “Əgər Azərbaycana təzyiqlər davam etsə, diktələr yenidən nümayiş etdirilsə, bu barədə qərar qəbul edilə bilər. Yəni, təkcə qurumdan birdəfəlik uzaqlaşmaq yox, fəaliyyəti müvvəqqəti dondurmaq olar. Hesab edirəm ki, Avropa Şurası-Azərbaycan münasibətlərinin inkişafı hər iki tərəfin maraqlarına cavab verir. Münasibətləri digər maraqlara qurban vermək olmaz”.

Politoloq qeyd dib ki, Azərbaycan Avropa üçün çox önəmli oyunçudur: “Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi münasibətlər, enerji müqavilələri mövcuddur. Yaxın gələcəkdə Azərbaycan Avropaya qaz ixrac edəcək. Avropa bunları götür-qoy etməlidr. Bu, onlara lazımdırsa və Azərbaycandan imtina etmək istəyirsə, ayrı-ayrı “siyasətçilərin” uydurmalarına inanmaq istəyirsə, buyursun. Amma, düşünürəm ki, müəyyən razılıq əldə oluna bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azərbaycan   AŞPA   Avropa-Şurası  





Xəbər lenti