“O boyda bəstəkara 10 manat pul verirlər…” - Tanınmışlar yeni qərardan narazıdır
Dəyişikliklərə əsasən, ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat müəyyən olunur.
AzVision.az bununla bağlı müğənnilərin fikirlərini öyrənib.
Elariz Məmmədoğlu dəyişiklikdən xəbərsiz olduğunu bildirib. “Belə bir dəyişiklikdən xəbərsizəm. Mən demək olar ki, daha çox öz mahnılarımı oxuyuram. Başqa bir müəllifin mahnlarından istifadə etmirəm. Buna görə də mənim üçün problem olmayacaq”.
Müğənni Mətanət Əsədova və həmkarı Manaf Ağayev də məsələdən bixəbər olduğunu deyib.
“Birinci dəfədir ki, bu haqda eşidirəm. Görək, necə olacaq”,- M. Ağayev deyib.
Müğənni Cavanşir Məmmədov qərarın düzgün olmadığını deyib: “Bu, köhnə kəndə təzə dəb gətirmək kimi şeydir. Axı necə təyin edəcəklər ki, müğənni hansı toyda hansı mahnını oxuyub. Toy gözəl adətdir. Toy sahibi icazə verərmi ki, kasetə kimsə baxıb mahnını təyin etsin? Bizim gənclər Rəşid Behbudovu, Müslüm Maqomayevi hər gün görməlidirlər. Efir açılanda onların səsi gəlməlidir ki, nəvələrimiz tanısınlar. Soruşanda bu kimdir, cavab verə bilək. İstedadlı gənclərdən səviyyəli, bəstəkar musiqisi tələb edirik. Deyirik, oxuyun, öyrənin. Onda belə çıxır ki, 60-80 manata görə bəstəkar mahnılarını heç kim oxumasın? Əksinə bəstəkar mahnısı oxuyan müğənniyə 60 manat verməlidilər ki, sən bizim bəstəkarların mahnısını bilirsən.
Bəstəkar Tahir Əkbərə bir mahnıya görə 10 manat pul verirlər. O boyda bəstəkara 10 manat vermək ayıbdır. Müəllif Hüquqları Agentliyinin balansında dövlət tərəfindən bəstəkara ayrılmış pul olmalıdır. Belə bir dəyişiklik ara mahnılarına populyarlıq qazandıracaq. Ara mahnısı yazan adamın müəllif hüququ yoxdur. Desə ki, pul ödəyin, deyəcəklər səni heç kim tanımır”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Bəstəkar