Milli Qəhrəmanın xatirəsinə həsr olunan çempionat keçirilib

  31 Oktyabr 2017    Oxunub : 349
Milli Qəhrəmanın xatirəsinə həsr olunan çempionat keçirilib

Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qubadlı rayon Gənclər və İdman İdarəsinin, eləcə də Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyevin xatirəsinə həsr olunmuş açıq çempionat keçirilib.

AzVision.az xəbər verir ki, dövlət himninin səslənməsi ilə start götürən tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev Milli Qəhrəman Kərəm Mirzəyevin qısa, mənalı ömür yolundan bəhs edib. Bildirilib ki, erməni işğalına qarşı aparılan mübarizədə yüksək şücaət göstərən K.Mirzəyev müasir Azərbaycan gəncliyi üçün nümunədir.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan ordu quruculuğu siyasətinə toxunan A.Haxverdiyev Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin aprelində cəbhə xətti boyunca nümayiş etdirdiyi rəşadətə diqqət çəkib. A.Haxverdiyev qeyd edib ki, hər bir azərbaycanlı, eləcə də Qubadlı rayonunun sakinləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində torpaqlarımızın erməni işğalından azad olunacağına inanır.

Daha sonra çıxış edən Milli Qəhrəmanın atası Ərşad Mirzəyev, Qubadlı rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov və digərləri milli qəhrəmanlarımızın təbliğinin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət göstərdiyini vurğulayıblar.

Qeyd edilib ki, Kərəm Mirzəyev kimi oğulların qəhrəmanlıqları heç bir zaman unudulmur.

MKF-nin Qubadlı rayonu üzrə nümayəndəsi Aqil Soltanov, “Buta Gənclər” İdman Klubunun prezidenti Pərviz Quliyev də yarışın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı bu gün gənc nəslin sağlam yetişməsində əsaslı rol oynayır.

Qeyd edək ki, 15 idman klubunun iştirakı ilə 27 çəki dərəcəsində komanda, kumite və kata üzrə yarışlar gərgin idman mübarizəsində keçib.

AzVision.az

Teqlər: Milli-Qəhrəman