Futbolumuzda məhsuldarlıq azalıb – TƏHLİL

  19 Sentyabr 2013    Oxunub : 583
Futbolumuzda məhsuldarlıq azalıb – TƏHLİL
Ölkə premyer-liqasının startından 45 gün ötür. Yığma komandamızın seçmə mərhələdəki oyunu ilə bağlı çempionatda yaranan fasilə səbəbindən hələlik yalnız 6 turu arxada qoymuşuq. Amma bununla belə, ölkə birinciliyinə dair müəyyən araşdırmalar aparmaq üçün 6 tur heç də az müddət deyil.

Deməli, yeni mövsümünün müxtəlif göstəricilərinə nəzər salmaq olar. Təbii ki, həqiqəti aydınlaşdırmağın ən yaxşı yolu müqayisə olduğundan, məhsuldarlıq, intizam və azarkeş marağı məsələsini müqayisə etməyə çalışacağıq.

Məhsuldarlıq

Ötən mövsümün ilk altı turunda qapılara 92 qol vurulmuşdusa, cari çempionatın analoji dövründə 80 qola imza atılıb ki, bu da 12 qol azdır. Komandalara gəlincə, ötən mövsümün uyğun dönəmində ən çox qol vuran son AZAL 14 dəfə fərqlənmişdisə, bu dəfə bu baxımdan rəqib qapısına 13 top vurmuş “Bakı” zirvədədir. Ən çox qol buraxan komanda isə ötən mövsümün müvafiq dövründə “Sumqayıt” idisə, indi bu antirekord “Rəvan”a məxsusdur.

Maraqlıdır ki, hər iki halda ən çox məyus olan komanda 15 dəfə topu torundan çıxarmalı olub. Ən az qol vuran komandaları müqayisə edərkən isə ötən mövsüm üçünm“Kəpəz”in, cari birincilikdə isə “Rəvan” və “Xəzər Lənkəran”ın adını çəkə bilərik. Müqayisə üçün deyək ki, 2012-2013-cü illər mövsümündə “Kəpəz” dörd dəfə fərqləndiyi halda, bu mövsümün ən az qol sevinci yaşayan “Xəzər Lənkəran” və “Rəvan” üç qola imza atıb.

Ən az qol buraxan komandaya gəlincə, sözügedən göstəricidə ötən mövsüm qapısında cəmi iki qol görən “Simurq” rəqiblərindən seçilirdisə, bu dəfə bu göstərici dörd dəfə məyus olan “Qarabağ”a aiddir.

Vərəqə

Yeni mövsümün geridə qalan hissəsində hakimlər ümumilikdə 151 dəfə oyunçulara vərəqə göstərməli olub ki, bunlardan da 12-i oyunçulara göstərilən cüt sarı vərəqə olub. Sarı vərəqələrin sayı isə 139 olub.

Xatırladaq ki, ikinci sarı vərəqəni də nəzərə alsaq, ən çox qırmızı vərəqə “Sumqayıt” və “Bakı”nın futbolçularına göstərilib. Geridə qalan beş turda hərəyə üç dəfə azlıqda qalan sözügedən komandaları hərəyə iki dəfə azlıqda qalmış “Neftçi”, “Qəbələ” izləyir.

“Rəvan” və “İnter”in passivində isə bir qırmızı vərəqə var. Sarı vərəqələrə gəlincə, ən çox sarı vərəqə ilə cəzalanan AZAL komandalarıdır ki, onların passivində 20 sarı vərəqə var. Ümumiyyətlə isə sarı vərəqələr komandalar üzrə belədir: AZAL-20, “Simurq”-17, “İnter”-16, “Neftçi”-14, “Qarabağ”-13, “Qəbələ”-13, “Rəvan” 12, “Bakı”-11, “Xəzər Lənkəran”- 11, “Sumqayıt” – 10.

Ötən mövsüm isə ümumilikdə mövsümün analoji dövründə hakimlər ümumilikdə 175 dəfə oyunçulara vərəqə göstərməli olmuşdu. Bunlardan cəmi ikisində futbolçuya birbaşa qırmızı vərəqə göstərildiyi halda, oyunçular altı dəfə ikinci sarı vərəqə ilə meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Sarı vərəqələrin sayı isə 163 olmuşdu. Xatırladaq ki, ikinci sarı vərəqəni də nəzərə alsaq, ən çox qırmızı vərəqə “Sumqayıt” “Kəpəz” və “Qəbələ”nin futbolçularına göstərilmişdi. Ötən birinciliyin altı turda iki dəfə azlıqda qalan sözügedən elita təmsilçilərini hərəyə bir dəfə azlıqda qalmış “Qarabağ” və “Neftçi” izləyirdi. Sarı vərəqələrə gəlincə, ən çox sarı vərəqə ilə cəzalanan “Rəvan” və “Sumqayıt” komandaları idi ki, onların passivində də 18 sarı vərəqə vardı. Ümumiyyətlə isə sarı vərəqələr komandalar üzrə beləydi: “Rəvan”-18, “Sumqayıt”-18, “Kəpəz”-18, “Xəzər Lənkəran”-16, “Simurq”-15, “İnter”-14, “Qəbələ”-14, “Neftçi” 14, “Turan”-13, “Qarabağ”-9,“AZAL” - 9, “Bakı” - 8.

Tamaşaçı sayı

Tamaşaçı sayını müqayisə edərkən cari çempionatda tamaşaçı sayının daha az olduğunu görürük. Düzdür, bu gözlənilən olsa da, ötən mövsümün analoji dövründəki tamaşaçı sayının indikindən az fərqlənməsi təəccüblü oldu. Nə də olsa, Premyer-liqanın cari mövsümündə ötən ilkindən daha az komanda mübarizə apardığından, oyun sayı da ötən “futbol ili”ndəkindən az idi ki, bu da azarkeş sayının bu ilkindən xeyli fərqlənməsini şərtləndirməli idi. Amma yeni mövsümün baş tutan 30 matçda tiribunada cəmi 62900 azarkeş yer alıb ki, bu da ötən birincilikdəki ilə müqayisədə 13730 nəfər az deməkdir.

Xatırladaq ki, tiribunalarda ən çox azarkeşin cəmləşdiyi tur üçüncü tur olub ki. o zaman da ümumilikdə 5 qarşılaşmada 13800 seyirci yer alıb. Digər turlar üzrə azarkeş bölgüsünə nəzər saldıqda isə ilk turun oyunlarını 8500. ikinci turun qarşılaşmalarını 10600, dördüncü turun görüşlərini 13450, beşinci turun matçlarını 6000, hələlik sonuncu olan altıncı turun qarşılaşmalarını isə 10550 azarkeşin izlədiyini görürük.

P.S. Ötən mövsüm premyer-liqadakı komanda sayı daha artıq olduğundan 6 tur ərzində cari mövsümdəki kimi 30 yox, 36 qarşılaşma baş tutmuşdu.

Tural Məmmədov

Teqlər: