Bayrağımız necə yaranıb? - Şanlı günün tarixçəsi
Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağın təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi var.
Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu AzVision.az-a deyib ki, Azərbaycan bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da rəsmi olaraq elan edilib. Nazirlər Şurasının 1918-ci ildə iki qərarı elan olunub: birinci qərar mətbuatda senzuranın aradan qaldırılması, ikinci qərar isə 3 rəngli dövlət bayrağı haqqında olub.
Həmin vaxta qədər biz qırmızı rəndə olan və səkkiz guşəli bayrağı dövlət bayrağı kimi istifadə edirdik. Bayrağımızın qərarlaşma tarixi buradan başlayır. Dövlət bayrağının siyasi mənasını Məhəmməd Əmin Rəsulzadə verib. İdeya və fikir kimi Əli bəy Hüseynzadə “Füyuzat” jurnalında ilk dəfə olaraq islamçılıq, türkçülük, müasirlik məsələlərinə toxunub. Bu fikri Ziya Göyalp genişləndirib. Rəsulzadə isə ideyanı daha da dərinləşdirib. İstər Ziya Göyalpın, istərsə də Əli bəy Hüseynzadənin fikirlərində birinci yerdə mavi rəng, ikinci yerdə yaşıl rəng, üçüncü yerdə müasirlik rəmzi olan qırmızı rəng yer alırdı. Rəsulzadə bu düsturu pozdu. O, qırmızı rəngi ikinci yerə, yaşıl rəngi isə üçüncü yerə qoydu. Rəsulzadə yazırdı ki, biz bütün dünya dövlətlərinə sübut etməliyik ki, müasir, çağdaş dövlət qururuq.
Ona görə də bizim bayrağımızda qırmızı rəngin yeri dəyişdirildi. Yaşıl rəngi ikinci yerə qoysaydıq, belə çıxacaqdı ki, islam və dini dövlət qururuq. Amma Rəsulzadə dedi ki, biz islam deyil, müasir, Avropa dövləti qururuq. Buna görə də belə yerdəyişmə oldu. Rəsulzadə bu addımını 1915-ci ildə rəsmi şəkildə öz yazılarında əsaslandırmışdı.
N.Yaqublu Rəsulzadənin 1915-ci ilin oktyabrın 2-də “Açıq söz” qəzetində nəşr olunan məqaləsini xatırladıb:
-Məqalənin adı belə adlanırdı: “Tutacağımız yol”. 1916-cı ildə isə həmin məqalənin adını belə yazmışdı: "Tutduğumuz yol". Orada yazırdı ki, bizim tutduğumuz yol nə yol olmalıdır? Biz hansı yolu tutmalıyıq? Özü də cavab verirdi: “Biz müasirləşmək, yeniləşmək, əsrləşmək yolunu tutmalıyıq. Çünki bütün bəşəriyyət müasirləşməyə, əsrləşməyə gedir. Biz də o yolla getməliyik. Əks halda biz o biri millətlərdən geri qalacağıq”.
3 rəngli bayrağımız ilk dəfə 1918-ci ilin noyabrın 16-da İranın Ənzəli şəhərindən Bakıya gələn general Tomsonun qarşılanma mərasimində istifadə olunub. Bunun başqa mənaları vardı. Çünki ingilislər bizim əvvəlki bayrağımıza etinasız yanaşırdılar. Deyirdilər ki, bu, türk bayrağıdır, Türkiyənin formalaşdırdığı dövlətdir.
Bayrağı dəyişməklə onlara sübut etmək istəyirdik ki, bizim qurduğumuz dövlət Türkiyənin qurduğu dövlət deyil. Bayrağı fərqli etdik ki, onları inandıraq.
1918-ci ilin dekabr ayında Azərbaycan parlamentini formalaşdıran zaman Bakıda yaşayan ruslar və ermənilərin təhriki ilə general Tomson qərar vermişdi ki, bayraq iclas olmayanda binanın üzərindən götürülsün. Deməli, həftənin birinci, dördüncü günləri indiki Əlyazmalar İnstitutunda Azərbaycan parlamentinin iclasları keçirilirdi. Saat 1-də iclas başlayırdı, bayrağı taxırdılar, axşam saat 7-də iclas bitən kimi ingilislər deyirdi ki, bayraqları götürün. Rəsulzadə yazırdı: “Biz min müşkülatla bayrağı xalqımızın başı üzərində dalğalandırdıq”.
İngilislər nə üçün müdaxilə edirdilər? 1918-ci ildə Birinci Dünya Müharibəsi bitdi. Oktyabr ayında Mudros müqaviləsi imzalandı. Həmin müqavilənin şərtlərinə görə, Bakı və Bakıətarfı ingilislərin nəzarətinə verilmişdi. Ona görə ingilislər bura gəlmişdi və müstəqil dövlət qurmağımızla razılaşmaq istəmirdilər. Biz tədricən ingilisləri inandırdıq və proses 3-4 ay çəkdi.
Qeyd edək ki, Azərbaycanda bayrağımız daim təbliğ olunur, ona sevgi aşılanır. 2007-ci ilin noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007 –ci ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət bayrağı Meydanının təməli qoyulub.
2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı olub. Bayrağın dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri isə 3.2 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450kv.m, kütləsi isə təqribən 350 kiloqramdır. Bayrağın dirəyi ən hündür bayraq dirəyi kimi 2010–cu ilin mayın 29-da Ginnesin Rekordlar Kitabına daxil edilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Bayraq-Günü