İran Avropa ilə nüvə danışıqlarına başlayır

   İran Avropa ilə nüvə danışıqlarına başlayır
  24 Noyabr 2024    Oxunub:1592
İran yaxın günlərdə üç Avropa ölkəsi ilə nüvə müzakirələri aparacaq. İranın Xarici İşlər Nazirliyi belə bir bəyanat yayıb. Cənub qonşumuz BMT-nin nüvə nəzarəti orqanı MAQATE-nin idarə heyəti İranı əməkdaşlıqdan çəkinməkdə ittiham edən qətnamə qəbul edəndən bir neçə gün sonra belə bir qərara gəlib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi jurnalistlərə bildirib ki, üzümüzə gələn həftənin cümə günü İran, Fransa, Almaniya və Böyük Britaniya xarici işlər nazirlərinin müavinləri arasında görüş keçiriləcək. Müzakirələr ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edəcək.

“Fələstin və Livan problemləri də daxil olmaqla bir sıra regional və beynəlxalq məsələlər, həmçinin nüvə problemi müzakirə olunacaq”, - deyən Bəqayi görüşün keçiriləcəyi yeri açıqlamayıb. O, üç Avropa ölkəsi ilə gözlənilən danışıqları sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən müzakirələrin davamı kimi qiymətləndirib.

Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-nin İrana qarşı qətnamə qəbul etmələrini “yersiz hərəkət” adlandırıb və bildirib ki, “bu, MAQATE və İran arasında interaktiv prosesləri zəiflədəcək və ya tamamilə pozacaq".

Xatırladaq ki, noyabrın əvvəlində MAQATE rəhbəri Rafael Qrossi Tehrana iki günlük səfər etmişdi. Qrossi ilə görüşdən sonra Əraqçi X hesabında qeyd etmişdi ki, Tehran BMT-nin nüvə nəzarəti orqanı ilə “tam əməkdaşlığını” davam etdirəcək.

Dünyanı güc strukturları ilə 2015-ci ildə imzalanmış və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan nüvə sazişinə əsasən, İran sarsıdıcı sanksiyaların yüngülləşdirilməsi müqabilində özünün nüvə zənginləşdirmə proqramını məhdudlaşdırmağa razılaşmışdı. Lakin saziş 2018-ci ildə, Trampın administrasiyasının rəhbərliyi dövründə Vaşinqtonun birtərəfli qaydada sazişdən çıxması, İslam Respublikasına qarşı sanksiyaları bərpa etməsi və buna cavab olaraq qarşı tərəfin öz növbəsində uran saflaşdırma səylərini gücləndirməsi ilə pozulmağa başlamışdı. Bundan sonra Tehran dəfələrlə atom bombası yaratmaq istəyini təkzib edərək, belə bir addımın İslam Respublikasının doktrinasına zidd olduğunu bildirsə də, qarşı tərəfi inandıra bilməyib.

Bu ilin sentyabrında Qrossi Nyu-Yorkda BMT Baş Assambleyasında (UNGA) bildirdi ki, “beynəlxalq ictimaiyyət və İran nüvə proqramı ilə bağlı vəziyyəti sabitləşdirmək üçün “möhkəm çərçivəyə” ehtiyac duyurlar”.

Bir il əvvəl isə o, Tehranın MAQATE müfəttişlərinin akkreditasiyasını birtərəfli qaydada geri götürmək qərarını pisləmişdi. Qeyd edək ki, həmin vaxt Tehran “İran və MAQATE arasında əməkdaşlığı pozmaq” istəyən Qərb dövlətlərinin “öz siyasi məqsədləri üçün nəzarətçi orqandan sui-istifadə etdikləri” və “həddindən artıq tələblər” irəli sürdükləri üçün lisenziyalarını geri götürdüyünü açıqlamışdı.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti