Pokrovsk getsə, Kiyev dünya metallurgiyasında yerini itirəcək

      Pokrovsk getsə,    Kiyev dünya metallurgiyasında yerini itirəcək
  29 Noyabr 2024    Oxunub:314
Son on gündə rus qoşunları Solenaya çayını keçərək Pokrovsk şəhərindən cənub-qərbə doğru irəliləyə biliblər. Rusların öndə gedən qoşun bölmələri artıq Pokrovskoye şaxta idarələrinin fəaliyyət göstərdiyi Udaçnoye kəndindən 14 km aralıda cəmləşiblər.
Bu fikirlər NV-də dərc olunan məqalədəndir. Qeyd edilir ki, Pokrovskun adıçəkilən sənaye obyekti Ukraynanın bütün metallurgiya sənayesi üçün strateji aktiv sayılır. Çünki burada ölkənin ən iri metallurgiya zavodlarında polad istehsalı tsiklində zəruri olan, mənşəyinə görə nadir sayılan ("K" markalı) kokslaşan kömür hasil edilir.

Ukrayna Britaniya, Almaniya, Polşa və Rumıniya arasında bölünür?
"Metinvest Pokrovskugol" şirkətinin baş direktoru Andrey Akuliç mövzu ilə bağlı bunları deyib: “Hazırda növbətçi heyət gülləkeçirməz jiletlərdə işləyir, şaxtaçılar isə cəbhə xəttindən xeyli aralıda yerləşən sığınacaqlarda təhlükəsiz şəraitdə yaşayırlar".

Belə bir təhlükəli və ağır şəraitə baxmayaraq hələ də Pokrovskayanın məlum obyektlərind 3,5 min insan işləyir. Bu işçi sayı əsas mədənin iş qabiliyyətini, kömür hasilatını və zənginləşdirməni təmin edir. Hətta 2023-cü ildə Ukrayna özünün kokslaşan kömürə olan ehtiyacının 90%-dən çoxunu təmin edib.

"Pokrovskın itirilməsi halında isə müəssisələrimiz yalnız idxal olunan kokslaşan kömürdən istifadə etmək məcburiyyətində qalacaq. Lakin bu cür idxalın həcmi metallurqların koksa olan ehtiyaclarını lazımi səviyyədə ödəməyə də bilər",- "Ukrmetallurgprom" assosiasiyasında NV-yə bildirilib.

O da qeyd edilib ki, Pokrovskın işğalı Ukraynanın dünya metallurgiyasında yerini itirməsinə səbəb olacaq.

Bir müddət öncə "Bloomberg" də mövzuya toxunmuşdu. Nəşr yazıb ki, Pokrovsk kokslaşan kömürə görə strateji yerdir. Ona görə də bölgə müharibə başa çatdıqdan sonra Ukraynanın nəzarəti altında qalmalıdır: "Pokrovskugol hərbi müdafiəni ayaqda saxlayan polad istehsalı prosesində istifadə olunan mühüm komponent- kokslaşan kömür istehsal edən yeganə müəssisədir. O, Ukrayna sənayesi və müharibədən sonra ölkənin yenidən qurulması üçün də həyati əhəmiyyət kəsb edəcək".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kömür   Müəssisə  





Xəbər lenti