AMEA-dan yeni təyinat

  15 Noyabr 2017    Oxunub : 439
AMEA-dan yeni təyinat

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarova 90 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

AzVision.azxəbər verir ki, iclasda AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin “Yeni bioloji fəal üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” mövzusunda məruzəsi dinlənilib.

Akademik müxtəlif kimyəvi mənşəli üzvi birləşmələr olan bioloji fəal maddələrin biokimyəvi proseslərə stimullaşdırıcı və ya dəfedici təsir göstərə biləcəyini bildirib. Karbohidrogen təbiətli maddələrin mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit olduğunu deyən natiq mikrobioloji zədələnmə nəticəsində həmin maddələrin yararsız vəziyyətə düşdüyünü, böyük maddi itkiyə səbəb olduğunu əlavə edib. Bildirib ki, bu problemi aradan qaldırmaq üçün ən səmərəli yol bioloji fəal maddələrdən – biosidlərdən istifadə etməkdir. V.Fərzəliyev institutda neft məhsullarının biosidlər vasitəsilə mikrobioloji zədələnmədən mühafizəsi istiqamətində elmi işlər aparıldığını, çox sayda bioloji fəal üzvi birləşmələr sintez edildiyini, bir neçəsinin isə artıq tətbiq edildiyini diqqətə çatdırıb. Akademik məruzəsində Aşqarlar Kimyası İnstitutunun həyata keçirdiyi multidissiplinar elmi layihənin nəticələri, müştərək beynəlxalq qrup çərçivəsində fəaliyyəti və perspektiv planları barədə də məlumat verib.

Məruzə dinlənildikdən sonra müzakirə edilib. Rəyasət Heyəti Aşqarlar Kimyası İnstitutuna yeni üzvi birləşmələrin bioloji fəallığının tədqiqinin davam etdirilməsi, bioloji fəal üzvi birləşmələrin sintezi, onların quruluşu və tərkibi ilə bioloji fəallığı arasında asılılığın öyrənilməsi sahəsində elmi-tədqiqat işlərinin praktiki məqsədlərə yönəldilməsi barədə tapşırıq verib. Həmçinin Kimya Elmləri Bölməsi ilə Biologiya və Tibb Elmləri Bölməsinə bioloji fəal maddələrin sintezi və tədqiqi sahəsində müvafiq elmi-tədqiqat müəssisələri tərəfindən aparılan müştərək tədqiqatların davam etdirilməsi və alınan nəticələrin tətbiq problemlərinin həll edilməsi tapşırılıb.

Sonra iclasda elmi-təşkilati məsələlərə baxılıb. Rəyasət Heyəti Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, onun əsərlərinin 10 cildliyinin nəşrə hazırlanmasını qərara alıb. Bununla bağlı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinə müvafiq tapşırıqlar verilib.

Daha sonra ölkə başçısı İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə hazırlanan Tədbirlər planında Hüseyin Cavid irsinə və yaradıcılığına həsr olunan sərgi, elmi sessiya və konfransların keçirilməsi, ədibə həsr olunan monoqrafiyaların yenidən nəşri və s. məsələlərin yer aldığını bildirib.

Tədbirlər planı müzakirə edildikdən sonra təsdiq edilib. AMEA-nın əlaqədar institutlarının rəhbərlərinə planın icrası ilə bağlı tapşırıqlar verilib. Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Xaqani Eynullazadənin ABŞ-ın Şimali Karolina Universitetinə 6 ay müddətinə ezam edilməsi təsdiq edilib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə kimya üzrə elmlər doktoru Kazım Quliyev AMEA-nın Polimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.

AzVision.az

Teqlər: AMEA