Premyer-liqamızda cəza yağışına səbəb nədir?

Premyer-liqamızda cəza yağışına səbəb nədir?
  20 Sentyabr 2013    Oxunub:1685
Topaz premyer-liqasında hələlik cəmi 6 tur geridə qalsa da, indidən ölkə çempionatının qarşılaşmalarındakı hakimliklə bağlı narazlıqlar özünü göstərməkdədir. Belədə çempionatın ilk altı turunda baş tutan 30 qarşılaşmaya təyinat alan 9 hakimin statistik göstəricilərinə nəzər salmağa dəyər.

Geridə qalan turların hamısında iş başında olan yeganə hakim Vüsal Əliyevdir. Zaqatalanın “Simurq” komandası istisna olmaqla digər bütün premyer-liqa təmsilçilərinin oyununa təyinat alan hakimin idarəçiliyi zamanı “Neftçi” və “İnter” hərəyə bir dəfə, “Sumqayıt” isə biri birbaşa qırmızı vərəqə olmaqla iki dəfə azlıqda qalıb.

Maraqlıdır ki, qırmızı vərəqələrdə olduğu kimi, sarı vərəqələrin sayında da Vüsal Əliyevin qəzəbinə ən çox tuş gələn komanda “Sumqayıt”dır. İki matçda “gənclik şəhəri”nin komandasının üzvlərinə 7 sarı vərəqə göstərən hakim bundan başqa, “Neftçi”nin dörd, “Qəbələ” və AZAL-ın üç,“İnter” və “Rəvan”ın üzvlərinə isə bir dəfə sarı vərəqə göstərib. Ədalət təmsilçisinin idarə etdiyi oyunlardakı yadda qalan məqamlardan biri isə altıncı turda keçirilən “Neftçi”-“İnter” matçında qonaqların qapısına penalti təyin etməsi idi.Əliyev “Neftçi”, AZAL və “Sumqayıt”ın matçlarında iki dəfə, digər elita klublarının qarşılaşmalarında isə bir dəfə fit çalıb. Bu oyunlarda futbolçulara ümumilikdə 26 vərəqə göstərən referi bir dəfə birbaşa, üç dəfə isə ikinci sarı vərəqəni göstərməklə komandaları azlıqda qoyub.

İlk altı turda Vüsal Əliyevə nisbətən bir oyun az keçirən iki hakimdən biri olan Əliyar Ağayev geridə qalan turlarda maksimum 10 komandayla tanış ola bilərdi. Əlbətdə, sözügedən hakim eyni komandayla iki dəfə görüşməsəydi. Lakin Ağayevin idarə etdiyi beş oyunda “Qəbələ”ni üç “İnter” və “Simurq”u isə iki dəfə meydana çıxarması üzündən ümumilikdə altı komandanın oyununa meydanda şahidlik edə bilib. Altı komandanın oyunçularına ümumilikdə 31 sarı vərəqə göstərən referi bu baxımdan hamıdan öndədir. “Neftçi” və “Qəbələ”ni bir dəfə azlıqda qoyan Ağayev flaqmanın üzvünə birbaşa qırmızı vərəqə verdiyi halda, “Qəbələ”nin üzvünü ikinci sarı vərəqə ilə meydandan qovub. Sarı vərəqələrə gəlincə, sözügedən hakimin bu baxımdan ən çox “təltif etdiyi” komandalar arasında da “Qəbələ”nin adı var. Cüt sarı vərəqəni də nəzərə alsaq, ümumilikdə 7-dəfə cəzalanan “qırmızı-qaralar”ı hərəyə altı sarı vərəqə almış “İnter” və “Simurq” izləyir. AZAL-ın passivinə beş sarı vərəqə yazdıran Əliyar Ağayev bundan başqa, “Qarabağ”ın futbolçularını dörd, “Neftçi”nin üzvlərini isə üç dəfə sarı vərəqə ilə cəzalandırıb.

Əliyar Ağayev kimi beş matçda fit çalan Rəhim Həsənov isə geridə qalan turlarda dörd paytaxt və dörd əyalət klubunu meydana çıxarıb. Bu qarşılaşmalarda 15 sarı və iki qırmızı vərəqə göstərən Həsənovun sərt üzünü daha çox “Bakı”nın futbolçuları görüb. Belə ki, hər iki qırmızı vərəqəni “zolaqlılar”ın üzvlərinə göstərən referi sarı vərəqələri də ən çox paytaxtın eyniadlı komandasının üzvlərinə qarşı istifadə edib. Dörd dəfə sarı vərəqə ilə cəzalanan “Bakı”dan əlavə, Həsənovun “sarı”sından qaça bilməyən komandalar hərəyə iki dəfə ilə “Neftçi”, “Qarabağ”, “İnter”, “Simurq” və “Sumqayıt”la yanaşı, Həsənovdan bir sarı vərəqə alan “Xəzər Lənkəaran”dır. Rəhim Həsənovun idarəçiliyindən danışarkən, referinin “Qarabağ”- “Xəzər Lənkəran” matçında qonaqların qapısına penalti təyin etdiyini də vurğulayaq.

Beşinci turdakı “Sumqayıt”- “Rəvan” matçında qonaqların yarımmüdafiəçisi Ramazan Abbasova ikinci sarı vərəqəni göstərməsinə rəğmən, onu meydandan qovmayan Fariz Yusifov bu səhvi ucbatından premyer-liqanın sonrakı turunda heç bir qarşılaşmaya təyinat almasa da, ölkə birinciliyində idarə etdiyi oyun sayına görə ilk dördlükdəki yerini qorumaqdadır.

Geridə qalan turlarda “Xəzər Lənkəran”ın iki, “Neftçi”, “Qəbələ”, “Bakı”,”Simurq”,“Sumqayıt” və “Rəvan”ın isə bir matçında ədalət təmsilçisi olan Yusifov bu qarşılaşmalarda biri cüt sarı vərəqə olmaqla ümumilikdə 17 dəfə sarı vərəqəyə ehtiyac duyub. Referinin qəzəbinə ən çox tuş gələn “Xəzər Lənkəran”lı oyunçular 5 dəfə cəzalandırıldığı halda, biri cüt sarı vərəqə olmaqla “Rəvan”lılar dörd, “Neftçi”nin üzvləri üç, “Sumqayıt”ın futbolçuları iki, “Bakı”, “Qəbələ” və “Simurq”un oyunçuları isə hərəyə bir dəfə Fariz Yusifov tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.

Geridə qalan turlarda verdiyi qərarlar ən çox müzakirə mövzusuna çevirilən hakimlərdən olan Ramil Diniyev də dörd oyun idarə edən hakimlər sırasındadır.Göstərdiyi vərəqə sayına görə (30) yalnız Əliyar Ağayevdən geri qalan Diniyev “Bakı”nın 6, AZAL və “Qarabağ”ın 5, “Simurq”un 4, “Neftçi” və “Xəzər Lənkəran”ın isə 3 futbolçusuna sarı vərəqə göstərib. Digər üç sarı vərəqəni isə “Rəvan”ın üzvlərinə göstərən Ramil Diniyev ikinci turda “uçan aslanlar”ın futbolçusu Miloş Adamoviçi ikinci sarı vərəqədən sonra meydandan qovmuş, Hüseyn Axundova isə bir dəfə xəbərdarlıq etmişdi.

Referinin idarəçiliyi ilə bağlı daha bir maraqlı məqam isə dörd qarşılaşmanın ikisində onbirmetirlik cərimə zərbəsi təyin etməsidir. Hər iki halda “Bakı”nın iştirakı ilə keçirilən matçlarda penalti nöqtəsini göstərən sözügedən hakim bir dəfə paytaxtın eyniadlı komandasının lehinə, bir dəfə isə əleyhinə qərar qəbul edib. Maraqlıdır ki, “Simurq”-“Bakı” matçında qonaqlar, nə də “Xəzər Lənkəran”-“Bakı” görüşündə meydan sahibləri bu fürsətdən yararlana bilib.

Yuxarıda adını sadaladığımız hakimlərdən başqa, Topaz premyer-liqasının matçlarında hərəyə iki dəfə ilə Rauf Cabbarovla Orxan Məmmədov və hərəyə bir oyunla Elvin Əsgərovla Səbayel Qurbanova da ədalət təmsilçisi olub. Bu hakimlərdən Rauf Cabbarovla Orxan Məmmədov hərəyə 11 dəfə sarı vərəqəyə müraciət etdiyi halda, Elvin Əsgərov 6, premyer-liqanın ilk qadın hakimi olan Səbayel Qurbanova isə 3 dəfə futbolçuları sarı vərəqə ilə “mükafatlandırıb”.

Xatırladaq ki, adıçəkilən hakimlərdən Rauf Cabbarovun ən çox cəzalandırdığı komanda “İnter”, Orxan Məmmədovun ən çox sarı vərəqə göstərdiyi klub “Qəbələ”, digər iki referinin sərt üzünü göstərdiyi komanda isə “Rəvan” olub. Statistika baxımından daha bir maraqlı məqam isə Orxan Məmmədovun bir dəfə azlıqda qoyduğu “Qəbələ”nin qapısına penalti təyin etməsidir.

Tural Məmmədov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti