Dəhşətli ailə dramı: “Ərim qızımı satıb, ev aldı...” - (VİDEO)

Dəhşətli ailə dramı: “Ərim qızımı satıb, ev aldı...” - (VİDEO)
  28 Noyabr 2017    Oxunub:42054
İllər öncə vağzalı sədası ilə ata evindən gəlin köçən Gülər Cavadova (Ad, soyaq şərtidir-red) haradan bilərdi ki, bir gün dünyaya gətirdiyi övladları ilə küçəyə atılacaq, doğmaları ondan imtina edəcək.

6 uşaq anası olan Gülər ağlına belə gətirməzdi ki, ömrünün ən gözəl çağlarında sevdiyi oğlan onu həyatın ən çətin sınağı ilə üz-üzə qoyacaq və bir dəfəlik tərk edəcək. Amma həyat bu, sevinc bəxş etdiyi qədər acımasızdır...
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınan 30 yaşlı Gülər ürəkdağlayan həyat hekayəsini əməkdaşımıza danışıb. Bildirib ki, 2007-ci ildə ailə qurub. Altı uşaq anasıdır. 4 qızı, iki oğlu var. Onun qara günləri yenicə dünyaya gətidiyi körpənin qayınanası və həyat yoldaşı tərəfindən başqa bir ailəyə satılmasından sonra başlayıb.



“Hamilə olanda həmişə 5 ayını gizli saxlayırdım. 5-ci uşağıma hamilə qalanda məlum oldu ki, qız uşağıdır. Buna görə qaynanamın fitvası ilə qərara gəlindi ki, bu uşaq 17 il evli olan və uşağı olmayan başqa bir ailəyə verilsin. Həmin ailə qaynanamla toy məclislərindən birində razılaşıb ki, uşağı onlara verək. Bunun müqabilində nə istəsələr köməklik edəcəklərini deyiblər. Bildiriblər ki, uşaq veriləndən sonra bir ailə kimi olacağıq, bir-birimizin evinə gedib- gələcəyik. Bunu eşidəndə razı olmadım. Yoldaşımla qaynanam dedi ki, razı olmasan, uşaq doğulandan sonra onun maddi tərəfini özün qarşılamalı olacaqsan. Mən isə bildirdim ki, nə olursa olsun, uşağa özüm baxaram, ancaq onu heç kimə vermərəm. Ancaq onlar sakitləşmədilər, yoldaşım uşağın veriləcəyini qəti şəkildə bildirdi. Mənə dedilər ki, sən uşağı doğacaqsan və hamıya bildirəcəksən ki, uşaq doğulandan sonra ölüb. Hətta valideynlərimin də bundan xəbəri olmamalı idi. Onlar istəmirdi ki, camaat uşağın satılmasından xəbər tutsun.

Uşağı Mingəçevirdə xəstəxanada dünyaya gətirən kimi onu həmin ailəyə verdilər. Əlacsız qalmışdım. Nə edəcəyimi bilmirdim. O gündən sonra evimizdə davalar başladı. Uşağımı qaytarmaq üçün mübarizə aparırdım. Məhkəmə ilə uşağı geri gətizdirdim. Amma yenə onu məndən alıb, həmin ailəyə verdilər”.

Övladı əlindən alınan ana həmin ərəfədə 6-cı uşağa hamilə qalıb. Dediyinə görə, bundan xəbər tutan həyat yoldaşı onu da satmağa hazırlaşırmış:

“6-cı uşağı sığınacağa gələndən sonra dünyaya gətirdim. Anladım ki, bunu da satmaq istəyirlər. Ərim uşaq satmağı artıq özünə peşə etmişdi. Əvvəlki uşağımın qarşılığında ev, yaxşı pul almışdı. İndi həmin evdə gəzdiyi qadınla yaşayır. Altıncı uşağa hamilə qalanda onu da satmaq istəyirdilər. Anası ilə danışırdı ki, bu dəfə yaxşı pul almaq lazımdır. Heyf, övladlarım ondan atalıq görmədilər”.

Əli hər şeydən üzülən Gülər başına gələn hadisələri valideynlərinə demək qərarına gəlib. O, övladlarını götürüb, ata evinə gedib. Ancaq Güləri nə valideynləri, nə də qardaşları qəbul edib.

“Rayon yerində belədir ki, əgər ailə qurmusansa, boşana bilmərsən. Altıncı hamiləliyim zamanı evdən çıxıb, uşaqlarımla birlikdə atamın evinə getdim. Gördüm ki, orada dolanmaq mümkün deyil. Qardaşlarım məni qəbul etmədilər. Məcbur qalıb Bakıya gəldim.

Oğlanlarımı məndən aldılar. Məhkəmədə ərim uşaqları öyrətdi ki, ananızdan imtina edin. Onlar da atalarının dediklərini elədilər. Məhkəmənin qərarı ilə oğlanlarım ərimdə, üç qızım məndə qaldı. O biri uşağım isə həmin ailədədir. Ən kiçik uşağım altı aylıqdır. Bundan sonra bir məqsədim var. Övladlarımı bir yerə yığıb, onlara baxmaq istəyirəm. Mübarizə aparacağam. Sonu nə olursa olsun, geri çəkilməyəcəyəm”.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Sığınacaq   Qadın   Uşaq  





Xəbər lenti