Bəzi qanun layihələrinə bir oxunuşda baxılacaq

  01 Dekabr 2017    Oxunub : 272
Bəzi qanun layihələrinə bir oxunuşda baxılacaq

Milli Məclisdə qanunların uyğunlaşdırılması məqsədilə ilə hazırlanmış, həmçinin ad və rəqəm dəyişiklikləri nəzərdə tutan qanun layihələrinə bir oxunuşda baxılacaq.

AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Normativ hüquqi aktlar haqqında” qanuna dəyişiklik edilib.

Belə ki, qanunun 70-ci (Normativ hüquqi aktın layihəsinə baxılması) maddəsinin 70.3-cü bəndi yeni redaksiyada verilir.

Yeniliyə əsasən, Milli Məclisdə dövlətlərarası və qanunlardan fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi barədə, qanunların uyğunlaşdırılması məqsədilə ilə hazırlanmış, həmçinin ad və rəqəm dəyişiklikləri nəzərdə tutan qanun lsayihələrinə bir oxunuşda baxılır.

Bundan başqa, qanunvericilik təşəbbüsü hüququnun subyekti Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun üçüncü oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir. Burada “üçüncü” sözü “yekun” sözü ilə əvəz edilir.

Qanunun 75-ci (Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi) maddəsinin 1-ci bəndi də yeni redaksiyada verilir: Normativ hüquqi aktın qəbul edilməsindən irəli gələrək qüvvədə olan normativ hüququ aktlarda edilən dəyişikliklər, həmçinin ad və ya rəqəm dəyişiklikləri edildiyi hallar istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.

76-cı (Normativ hüquqi aktların ləğv edilməsi qaydası) maddəsinin 3-cü bəndiyeni redaksiyada verilir. Belə ki, Normativ hüquqi aktın qəbul edilməsindən, həmçinin normativ hüquqi aktlarda ad və ya rəqəm dəyişikliklərindən irəli gələrək bir normativ hüquqi aktda bir neçə normativ hüquqi aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və.s) ləğv edilə bilər. Bu halda ləğv edilməli olan normativ aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində aparılmasına yol verilir.

Qanuna 83.1-1 maddəsi əlavə edilir. Maddəyə əsasən, Konstitusiyada nəzərdə tutulmuş hallarda Milli Məclis tərəfindən təsdiq olunması nəzərdə tutulan Prezidentin fərmanları Milli Məclis təsdiq etdikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis