İstanbuldan gələn təyyarə Naxçıvanda məcburi eniş etdi

İstanbuldan gələn təyyarə Naxçıvanda məcburi eniş etdi
  02 Dekabr 2017    Oxunub:2496
İstanbul-Gəncə reysi qatı duman səbəbindən yubanıb.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, Naxçıvan hava limanında eniş edən təyyarənin Gəncəyə uçuşu davam etdirməsi bir neçə saatlıq gecikib.

Qeyd edək ki, Türk Hava Yollarının İstanbul-Gəncə reysi ilə uçan təyyarəsi yerli vaxtla 08:30-da Gəncəyə eniş etməli idi. Bu reys həftənin şənbə və bazar günləri həyata keçirilir.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sayta verdiyi açıqlamaya görə, AZAL-ın uçuşları qrafikə uyğun aparılır: "AZAL-ın bu gün qrafik üzrə Gəncəyə uçuşları yoxdur".

Rusiyada yağan güclü qar səbəbindən aviareyslərin gecikməsinə münasibət bildirən P.Kəsəmənski deyib ki, artıq təyyarə "Vnukova" aeroportundan havaya qalxıb, “Domodedovo” aeroportundan isə bir qədər sonra uçuş başlayacaq: "Bizdə hər şey cədvələ uyğun gedir. Heç bir problem yoxdur".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova sayta açıqlamasında qeyd edib ki, bu gün gecə və səhər saatlarında Gəncə-Qazax bölgəsində duman müşahidə olunub: "Hazırda da Gəncədə dumanlı hava şəraiti davam edir".

Büronun direktoru qeyd edib ki, dekabrın 2-3-də ölkə ərazidində hava şəraiti yağmursuz olacaq: "Lakin bəzi şərq rayonlarında, xüsusilə də Lənkəran və Astara zonasında yağışlı hava şəraiti müşahidə olunacaq".

AzVision.az


Teqlər: istanbul   Təyyarə   Naxçıvan  





Xəbər lenti