Azərbaycan Qran-Prisi 2017-ci ilin ən yaxşısı seçildi

Azərbaycan Qran-Prisi 2017-ci ilin ən yaxşısı seçildi
  12 Dekabr 2017    Oxunub:2767
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ölkə ictimaiyyətinin diqqətinə çatdırır ki, 2017-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlar ilə dolu yarışı kimi qiymətləndirilib.
Bu barədə BŞH-dən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində baş vermiş ən yaddaqalan hadisələrdən biri olub. Xatırladaq ki, Bakıda baş tutan son yarışda Red Bull komandasının pilotu Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanmışdı. Onu ardıcıl olaraq Mercedes və Williams komandalarının pilotları Valteri Bottas ilə Lens Stroll izləmişdilər. Üçüncü pilləyə çıxan Lens Strol bu nəticə ilə Formula 1 tarixində debüt ilində podiuma çıxan ən gənc pilot ünvanına məhz bu yarışda yiyələnmişdi.

Bundan başqa, Formula 1-in təkər təchizatçısı Pirelli şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub. Həmin ötmələrin birində D.Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi və bu, Formula 1 şirkəti tərəfindən minlərlə azarkeş arasında ilin ən yaxşı 10 ötməsi arasında ən çox bəyənilən ötmə olub. Red Bull pilotu da bu ötməni özünün yarış mövsümündə reallaşdırdığı ən yaxşı ötmə kimi qiymətləndirir.

Qeyd edək ki, 2017 Formula 1 Azərbaycan Qran Prisi bir sıra beynəlxalq media qurumları tərəfindən yarış mövsümünün nəticələrinə dair keçirilən sorğuların əksəriyyətində ilin yarışı adına layiq görülüb:

Daily Mail – İlin Yarışı

https://azvision.az/redirect.php?url=http://www.dailymail.co.uk/sport/racing/article-5119723/Formula-One-End-Season-Awards-Lewis-Hamilton-winner.html

The Times – Ən Yaxşı Yarış

https://www.thetimes.co.uk/article/f1-season-2018-the-unofficial-awards-fxdgrsg0f

The Guardian – Ən Möhtəşəm An

https://www.theguardian.com/sport/blog/2017/nov/27/f1-2017-hamilton-versus-vettel-mclaren-season-s-best-and-worst

Sky Sports – İlin Yarışı

https://azvision.az/redirect.php?url=http://www.skysports.com/f1/news/12430/11116628/f1-2017-the-good-the-bad-and-the-ugly-the-end-of-season-awards
“Azərbaycan Qran Prisi. Hər il elə bir yarış baş tutur ki, həmin yarışda hər şey olur, həm də adətən ən az ümid edilən yerdə. Azərbaycan Qran Prisi məhz 2017-ci ilin belə bir yarışıdır.”

Bild am Sonntag – İlin Yarışı

https://azvision.az/redirect.php?url=http://www.bild.de/bild-plus/sport/motorsport/motorsportereignisse/bams-kroent-die-formel-eins-saison-53982570,view=conversionToLogin.bild.html
“Fettelin toqquşması, yeddi pilotun yarışı axıradək başa vura bilməməsi, saysız toqquşma anları, Rikkardonun gözlənilməz qələbəsi və gənc pilot Strollun podiuma çıxışı 2017 Azərbaycan Qran Prisini mükəmməl Formula 1 şousuna çevirdi”.

ViaSat – Ən Yaxşı Yarış

https://www.viasatsport.se/sport/motor/nyheter/vilken-ar-arets-grand-prix-i-f-1

ViaSat izləyicilərinin iştirak etdiyi sorğu.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov ötən mövsümün Bakı yarışına dair beynəlxalq medianın apardığı qiymətləndirmələrin nəticələrinə belə münasibət bildirib: “Biz çox şadıq ki, ötən yay Bakıda baş tutmuş Azərbaycan Qran Prisi bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Burada fürsətdən istifadə edərək BŞH-nin bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Məhz onların əməyi və əzmi nəticəsində biz 2017-ci ildə belə bir möhtəşəm yarışı reallaşdırdıq.

Bakıda baş tutan ikinci Formula 1 yarışı onu göstərdi ki, trek bizim uzun müddətdir həyata keçirməyə çalışdığımız ən baxımlı yarışa ev sahibliyi etməklə artıq öz xüsusiliyini ortaya qoya bilib. Son illər belə dramatik hadisələr və gərginliklə dolu başqa bir yarışı xatırlamaq mümkün deyil. Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alındı və həmçinin 2017-ci ilin ən yaxşı yarışını reallaşdırmaqla yanaşı Formula 1 həvəskarlarına unudulmaz əyləncə proqramı təqdim etdik.

Biz əminik ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək. Yeri gəlmişkən bütün Formula 1 azarkeşlərini gələn ilin aprelində Bakı şəhərinə gəlib yarışı yerində canlı izləməyə dəvət edirəm. Deyəcək tək bir sözüm qalıb: Gözlənilməyəni gözləyin! Gələn il Bakıda görüşənədək”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək.

İlkin endirim kampaniyası

2018 Formula 1 Azərbaycan Qran Prisinə biletlərin satışına əlverişli qiymətlərlə start verilib. Dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 % endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.
İlkin endirim kampaniyası yalnız tribunaya olan və 26-29 aprel 2018-ci il tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Azyaşlılar üçün alınan 4 günlük biletlər də bu kampaniyaya daxildir. Azyaşlılar kateqoriyası yarış həftəsonu zamanı 2-16 yaşlarında olan yeniyetmələri əhatə edir.

Azyaşlılar üçün biletlər ayrılıqda satılmır, yalnız böyüklər üçün olan biletlə birlikdə satılır. Böyüklər kateqoriyasına yarış həftəsonu ərəfəsində 16-dan çox yaşa sahib olanlar aiddir və bu kateqoriyaya daxil hər bir şəxs özündən savayı ən çox 2 ədəd azyaşlı bileti ala bilər. Azyaşlılarla yanaşı 25 %-lik endirimdən yararlanan yerli sakinlər də yarış həftəsonu ərzində yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir. Bu kampaniya ərəfəsində 4 günlük biletlərə əlavə olaraq ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü üçün 100 AZN və bazar günü üçün 150 AZN-dir.

1 yanvar 2018-ci il tarixindən etibarən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq, yerli sakinlər üçün nəzərdə tutulmuş 25 %-lik endirim isə qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.

Paytaxt Bakının gözoxşayan mənzərəyə sahib mərkəzi küçələrində yenidən bolidlərin yüksək sürətinə şahid olmaq üçün təklif olunan ilkin endirim kampaniyasının qurtarmasına 3 həftənin qaldığı bir ərəfədə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün Formula 1 dünyasına müraciəti çox sadədir: Əvəzolunmaz endirimlər təklif edən ilkin kampaniya fürsətini qaçırmayın və 2018-ci ildə Bakıda bizimlə birlikdə olun!
Bakıya səfəri indidən müəyyənləşdirmək və bilet almaq istəyənlər 2018 Bakı Azərbaycan Qran Prisi haqqında ətraflı məlumatı şirkətin rəsmi saytından əldə edə bilərlər: www.bakucitycircuit.com

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: F1   Bakı-Şəhər-Halqası  





Xəbər lenti