"Əli və Nino" Xorvatiyada nümayiş olunub - FOTO

"Əli və Nino" Xorvatiyada nümayiş olunub - FOTO
  14 Dekabr 2017    Oxunub:1876
Xorvatiyanın Zaqreb şəhərində Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Qurban Səidin müəllifi olduğu dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin nümayişi keçirilib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sevgi hekayəsindən bəhs edən bu möhtəşəm filmin ekranlaşdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın işini yüksək qiymətləndirib və bugünkü hadisənin Azərbaycanla Xorvatiya arasında mədəni münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edib.



Filmin süjet xəttindən bəhs edən səfir F.Qurbanov coğrafi baxımından Avropa və Asiyanın kəsişməsində yerləşən Qafqaz regionunun müxtəlif sivilizasiya və mədəniyyətlər arasında ixtilafların aradan qaldırılmasında körpü rolunu oynadığını qeyd edib, əsrlər boyu bu coğrafiyada müxtəlif etnik və mədəni qrupların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb.

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Nataliya Oştariyaş iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib, nümayiş olunan filmin yalnız iki gəncin məhəbbət hekayəsindən deyil, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə və Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrindən bəhs etdiyini vurğulayıb.



Filmin nümyişi ilə yanaşı, tədbir iştirakçılarına "Əli və Nino" əsərinin xorvat dilində dərc olunmuş nüsxəsi təqdim edilib.

Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak edib.

AzVision.az


Teqlər: Xorvatiya   Əli-Nino  





Xəbər lenti