Evsiz alimlər daha 3 il gözləməli olacaqlar
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.
A.Əlizadə qeyd edib ki, əsas məsələlərdən biri gənc alimlərin sosial müdafiəsi ilə bağlıdır: "Elmi əməyin stimullaşdırılması vacibdir. Bu, həyatını yeni quran gənclik üçün xüsusilə əhəmiyyətlidir. Son illər alimlərin əmək haqqının artırılması istiqamətində ardıcıl addımlar atılır. Gənc alimlərin mənzillə təminatı da vacibdir. İlkin olaraq xeyli gənc alimə mənzillərinin açarları təqdim olunub. Saray qəsəbəsində Alimlər şəhərciyi salınması barədə razılıq əldə edilib. Yaxın vaxtlarda orada təməl qoyulacaq. İnanırıq ki, 2020-ci illərdə növbəti mənzillərin açarları gənc alimlərə təqdim ediləcək".
AMEA prezidenti vurğulayıb ki, ölkədə və xaricdə yaşayan gənc alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində koordinasiya edilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar.
“AMEA-nın gənc alimlərinin bir çox elmi nailiyyətlər əldə edib, yeni kəşflərə imza atıblar. Gənclərimiz Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatı (SERN) və digər beynəlxalq elmi mərkəzlərdə aparılan qlobal elmi layihələrdə yaxından iştirak edir. Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq, xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunub, dünya elmi üçün dörd yeni genotip müəyyən edilib. Akademiyanın gənc alimlərinin yaxından iştirakı ilə yeni sinif unikal funksional materiallar – topoloji izolyatorlar sintez olunub, Avropa Birliyi ölkələri və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilib”.
Aytən Zəhra
AzVision.az
Teqlər: AMEA Akif-Əlizadə