Amerikalı bəstəkar Xocalı faciəsi barədə əsər yazıb
ABŞ Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının proqram rəhbəri Şila Svitzer musiqili əsərin dilindən və dinindən asılı olmayaraq hamını sülhə səslədiyi barədə danışıb.
Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurasının sədri Şato Qardeki bu layihə ilə dünyada müharibələrə son qoyulmasına çağırış etmək istədiklərini bildirib.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva səsləndirilən musiqili əsərin Xocalı qətliamı qurbanları olan uşaqların xatirəsinə həsr edildiyini və əsərin dünyada sülh və əmin-amanlığın bərqərar edilməsinə töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Əsər ifa olunarkən hekayətçi İrvinq Benavidesin bir neçə dəfə sələndirdiyi “Xocalı uşaqları heç vaxt böyüməyəcək...” misrası zalda əyləşənləri təsirləndirib.
Şəhla Nağıyeva əməkdaşımıza bildirib ki, belə bir layihənin həyata keçirilməsi ideyası çoxdan tanıdığı Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurasının sədri Şato Qardeki ilə Xocalı faciəsi barəsində söhbətlər nəticəsində ortaya çıxıb. Amerikalı ictimai birlik sədri bu mövzuda layihə həyata keçirmək istəyini bildirdikdən sonra Ş.Nağıyeva Azərbaycan Dillər Universitetinin müəllimi, şair Yusif Savalanın “Xocalı balası böyümədi ki” şeirini ingilis dilinə tərcümə edərək ona göndərib. Bundan sonra bəstəkar Haskell Smol həmin şeir əsasında “Xocalı uşaqlarına sülh laylayı” adlı musiqi bəstələyib.
Teqlər: #Xocalı