AMEA-da struktur və kadr dəyişikliyi edilib

  20 Dekabr 2017    Oxunub : 1414
AMEA-da struktur və kadr dəyişikliyi edilib
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Sonra akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında" və "Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" sərəncamlardan danışıb. Bildirib ki, ölkə başçısının 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə bir qrup elm adamının dövlət mükafatları ilə, 27 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən isə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər. Akademik Akif Əlizadə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı haqqında da danışıb. Komissiyanın 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulunu elan etdiyini vurğulayan natiq diqqətə çatdırıb ki, müvafiq sənəd və materialların Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanaraq gələn ilin aprel ayının 1-dək Komissiyaya təqdim edilməlidir.

Daha sonra iclasda elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında məlumat verib. Akademik vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev 1978-ci ildə Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusunda yer almasına nail olub. Müstəqillik illərində Azərbaycan dilini daha da inkişaf etdirmək və zənginləşdirmək, qloballaşma şəraitində ana dilindən istifadənin imkanlarını genişləndirmək istiqamətlərində dövlət səviyyəsində mühüm addımlar atıldığını söyləyən akademik Prezident İlham Əliyevin sərəncamlarının ana dilimizin saflığının qorunmasına, dilimizin daxili imkanları hesabına inkişaf etdirilməsinə şərait yaratdığını diqqətə çatdırıb. Məsələ dinlənildikdən sonra Humanitar Elmlər Bölməsinə AMEA Nəsimi adına Dilçilik İnstitutu və aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi qərara alınıb.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi əsərlərin müsabiqəsi haqqında müzakirə aparılıb. Akademik İsa Həbibbəyli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn layihələrin icrasının təmin olunması və gəncləri yeni elmi araşdırmalara cəlb edilməsidir. İclasda "İşərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA-nın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Cümhuriyyəti - 100" adlı elmi əsərlərin müsabiqəsinin keçirilməsi qərara alınıb.

İclasda "Azıx mağarasından azıxantropun sümüyününün tapılmasının 50 illiyinə həsr olunmuş "Qafqaz erkən paleolit dövründə insanların miqrasiya yolunda" beynəlxalq simpoziumun keçirilməsi məsələsinə də baxılıb. Akademik İsa Həbibbəyli bildirib ki, 1968-ci ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından Azıxantropun alt çənə sümüyünün qalığının aşkar olunmasından 50 il keçir. Akademik son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz "tədqiqatlar" aparmasının bir daha bu paleolit düşərgəsinin və oradan əldə olunmuş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruriliyini göstərdiyini diqqətə çatdırıb. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, beynəlxalq simpoziumun gələn ilin 5-7 noyabr tarixlərində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilməsini qərara alıb.

Gündəlikdəki növbəti məsələ bir sıra hüquqi şəxslərin "AMEA Yüksək Texnologiyalar Parkı" (YT Park) MMC-nin rezidenti kimi qeydiyyata alınması ilə bağlı olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, AMEA-nın YT Parkın Ekspertlər Şurasının iclasında "EPC Group" MMC və "DN TECHNOLOGİES" MMC-nin təqdimatlarına baxılıb və gizli səsvermə yolu ilə qeyd olunan hüquqi şəxslərin YT Parkın rezidenti olmaları barədə müvafiq qərar qəbul edilib. Rəyasət Heyəti adı çəkilən qurumların rezident kimi qeydiyyata alınmalarına dair protokolu təsdiq edib.

Tədbirdə "AMEA və Əlcəzair Elm və Texnologiya Akademiyası arasında elmi əməkdaşlıq haqqında" anlaşma memorandumu ilə bağlı müzakirə aparılıb. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, Akademiya rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri çərçivəsində akademiyalar arasında elmi əməkdaşlıq memorandumu imzalanıb. Natiq qeyd edib ki, tərəflər elm, texnologiya və innovasiyanın inkişafı, elmi təcrübə və tədqiqat nəticələrinin, eləcə də alim, mütəxəssis və doktorantların mübadiləsini həyata keçirmək haqqında razılığa gəliblər. Rəyasət Heyəti elmi əməkdaşlıq haqqında anlaşma memorandumunu təsdiq edib.

Müzakirəyə çıxarılan növbəti məsələ "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın AMEA-nın icraçısı olduğu tədbirlərin yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planı haqqında olub. Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkə başçısı İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş proqramın əsas məqsədi kənd təsərrüfatının prioritet istiqamətlərindən olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmiş işlərin həyata keçirilməsindən ibarətdir. Natiq sənədin həyata keçirilməsinə dair tədbirlər planında digər təşkilatlarla yanaşı, AMEA-nın da qarşısında mühüm vəzifələr qoyulduğunu vurğulayıb. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq proqramın icrası üzrə Tədbirlər Planını təsdiq edib. Həmçinin, görülən işlərin hesabatının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunması qərara alınıb, AMEA-nın daxilində, eləcə də Akademiya ilə digər icraçı təşkilatlar arasında əlaqələndirmənin təmin edilməsi məqsədilə işçi qrupu yaradılıb.

Növbəti məsələ AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin əsasıdır" adlı elmi sessiyasının keçirilməsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Əhliman Əmiraslanov son illər Azərbaycanda tibb elminin ciddi inkişaf dövrü keçdiyini bildirib. Natiq qeyd edib ki, bu inkişaf AMEA və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat müəssisələrində yeni metod və avadanlıqlarla ən müasir istiqamətlər üzrə aparılan araşdırmalarda və əldə olunan nəticələrin kliniki praktikaya tətbiqində özünü göstərir. Rəyasət Heyəti tibb və praktiki səhiyyə sahəsində elmi tədqiqatların, xüsusilə kök hüceyrələrlə bağlı fəaliyyətlərin dərinləşdirilməsinə və tibb elmi ilə təhsilin inteqrasiyasının gücləndirilməsinə, eləcə də daha yaxşı koordinasiyasına nail olmaq məqsədilə birgə sessiyanın 2018-ci ilin fevral ayında keçirilməsini və bununla bağlı tədbirlər planının hazırlanmasını qərara alıb.

İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyinin keçirilməsinə dair Tədbirlər planının təsdiqi, AMEA-nın İşlər İdarəsinin strukturunda Sosial məsələlər üzrə şöbənin yaradılması, AMEA-nın Alimlər evinin fəaliyyətinin təkmilləşdirilməsi, Akademiyanın bir qrup əməkdaşının fərqləndirilməsi ilə bağlı qərarlar qəbul olunub.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Fizika İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Aviasiya Akademiyası və "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Kosmos və yerətrafı kosmik fəzanın fizikası birgə laboratoriyası, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə Biofizika İnstitutunun İnteqrativ biologiya birgə laboratoriyası, AMEA-nın Fizika İnstitutunda Kvant informatikası laboratoriyası, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Siqnalların emalının riyazi problemləri laboratoriyası yaradılıb. Tədbirdə akademik Azad Mirzəcanzadənin 90 illik, akademik Rasim Əliquliyevin 60 illik, akademik Ayaz Əfəndiyevin 80 illik, akademik Əjdər Məcidovun 80 illik, akademik Musa Əliyevin 110 illik, akademik Teymur Bünyadovun 90 illik, AMEA-nın müxbir üzvü Qərib Calalovun isə 80 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul edilib. Həmçinin, AMEA-nın Fəlsəfə İnstitutunun strukturunda qismən dəyişiklik olunub, AMEA-nın Elm Tarixi İnstitutunda Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbələri yaradılıb.

Sonda bir sıra kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarları ilə akademik Validə Əlizadə AMEA-nın Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə AMEA-nın Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar. Həmçinin, Vasif Abbasov "AMEA Təcrübə-Sənaye Zavodu" MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə AMEA-nın Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

AzVision.az

Teqlər: AMEA