“Şaxta Babadan qaval, oyuncaq istəyirik” – Xalq artistləri ilə sorğu
Yeni il ərəfəsində sənətçilərimiz arasında sorğu keçirərək, onlardan uşaqlıq arzularını – Şaxta Babadan nə istədiklərini soruşduq.
Xalq artisti, xanəndə Aygün Bayramova hədiyyəni Şaxta Babanın öhdəsinə buraxıb: “Arzu edirəm ki, yaxınlarım həmişə ətrafımda olsunlar. Hədiyyəni onsuz da özüm alıram. Arabir özümə hədiyyə almağı xoşlayıram. Mənim üçün bu ayrı bir hissdir. Şaxta Baba da nə hədiyyə versə, qəbulumdur. Bəy verən atın dişinə baxmazlar. Göndərməsə də, canı sağ olsun”.
Xalq artisti Canəli Əkbərov: “Xalq tərəfindən məhəbbət qazanan Canəli özünə nə arzulayar ki?! Amma Şaxta Baba mənə qaval bağışlasaydı, gözəl olardı”.
Xalq artisti, müğənni Nazpəri Dostəliyeva daha çox mənəviyyata üstünlük verdiyini deyib: “2018-ci il hamıya xoşbəxtlik gətirsin. Arzu edirəm ki, insanların üzlərində həmişə təbəssüm olsun. Mənim üçün hədiyyənin fərqi yoxdur. Övladlarım qapımı döyüb, məni təbrik edirlərsə, bu, ən böyük xoşbəxtlikdir”.
Tanınmış aktrisa Firəngiz Mütəllimova: “Hədiyyəni böyüyü, kiçiyi yoxdur. Əsas hədiyyə olsun”.
Müğənni Gülyanaq Məmmədova bildirib ki, Şaxta Babanın hədiyyəsi daha şirin olur: “Şaxta Baba nə gətirsə, xoşdur. Ürəyimizdən o qədər hədiyyələr keçir ki, onun hamısını Şaxta Baba gətirə bilməz. Uşaqlarımın oyuncağını gətirsin bəsimdir. Onların sevinci mənim sevincimdir”.
Xalq artisti, aktyor Rafiq Əzimov Şaxta Babadan sürpriz gözləyir: “Biz uşaqlıqdan bu günə kimi onu canlı insan kimi duyub hiss edirik. Uşaq kimi onun torbasındakı hədiyyələrə inanırıq. Arzu edirəm ki, Şaxta Baba 80 illik yubileyimdə sürpriz hədiyyə gətirsin. Hədiyyə elə şeydir ki, uşaq kimi yolunu gözləyirik”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Yeni-il Şaxta-Baba Bayram