AzVisionun layihəsi əsasında hazırlanan klip Daşkənddə təqdim olundu - FOTOLAR

AzVisionun layihəsi əsasında hazırlanan klip Daşkənddə təqdim olundu - FOTOLAR
  23 Dekabr 2017    Oxunub:5482
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimatı keçirilib.

AzVision.az xəbər verir ki, cari ilin 20 dekabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimatında Özbəkistanın ictimaiyyət nümayəndələri, elm, mədəniyyət, ədəbiyyat xadimləri, jurnalistlər, tələbələr, yerli azərbaycanlılar iştirak ediblər.
Musiqi klipi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb.



Öncə Mədəniyyət Mərkəzinin foyesində iştirakçılara “Qarabağ Azərbaycanın incisi” adlı kitab, foto və rəsm sərgisi təqdim olunub, “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin diskləri paylanılıb.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin əsas məqsədinin Azərbaycan-Özbəkistan dostluğunu, həmrəyliyini təbliğ etməklə yanaşı, ölkəmizin tarixini, mədəniyyətini tanıtmaq, haqq işimizin, Azərbaycan xalqının iztirablarının dünyaya çatdırılması, xalqımızın sülhsevər obrazını möhkəmləndirmək və təbliğ etmək olduğunu söyləyib.



O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunan Azərbaycan torpaqlarının geri qaytarılacağına hər bir azərbaycanlının inandığını qeyd edib. Layihəyə xüsusi dəstək göstərmiş Özbəkistan Dövlət Konservatoriyasının professoru, dünyada məşhur “SOQDİANA” Ansamblının bədii rəhbəri Firuzə Abduraximova, “Özbəyim yoşları” musiqi qrupunun rəhbəri, tanınmış mədəniyyət xadimi Lütfiyyə Ruzibayeva klipin qardaş Azərbaycanın təbiətinin, gözəlliklərinin nümayiş etdirilməsi, həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində unikal bir musiqi layihəsi olduğunu və bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndiriblər.



Daha sonra layihənin reallaşmasında dəstək göstərən şəxslərə Mədəniyyət Mərkəzinin xüsusi mükafatları təqdim olunub. Tədbirdə “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipi ictimaiyyətə təqdim edilib. Qeyd edək ki, musiqi klipində 32 tanınmış və əsasən həvəskar özbək musiqiçiləri, Özbəkistanın dünyada populyar “Surxan”, “Özbək gənclər (yoshlari)” musiqi qrupları, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” milli rəqs ansamblı çıxış ediblər.



Musiqiçilər mahnıları ifa edilərkən Azərbaycanın Qarabağ bölgəsi, bu bölgənin gözəl və təkrarsız təbiəti, abidələri, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğaldan sonrakı vəziyyəti, müharibənin dəhşətli nəticələri nümayiş olunur. Çəkilişlər Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Margilan, Gülüstan, Kaşqadərya və digər şəhərlərində aparılıb.



Klipin cari ilin dekabr ayında Özbəkistanın Səmərqənd şəhərində, daha sonra isə Bakıda Nizami Kino Mərkəzində təqdimatı olub. Tədbirdə bir sıra tanınmış Özbək sənətçiləri Azərbaycan və Özbək mahnılarını ifa etdilər, Qarabağa dair musiqilər səsləndirilib.

Özbəkistanda populyar olan Azərbaycan əsərləri “O, olmasın bu olsun”, “Arşın mal alan” əsərindən səhnəciklər nümayiş etdirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” və “Qafqaz qartalları” rəqs ansamblları milli rəqslərimizi ifa ediblər. Korifey sənətkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa edilib. Çıxışlar maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, klip AzVision.az saytı tərəfindən təqdim edilmiş "Qarabağ üçün oxu" layihəsi əsasında hazırlanıb.



AzVision.az




Teqlər: Azərbaycan   Qarabağ  





Xəbər lenti