Magistrantlar 317 fəndən imtahan verəcək

Magistrantlar 317 fəndən imtahan verəcək
  15 Yanvar 2018    Oxunub:1595
İnformasiya Texnologiyaları İnstitutunda 2017/2018-ci tədris ilində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura pilləsinə qəbul olan birinci kurs magistrantların ingilis dili fənni üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə imtahan keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk semestrin yekunu olaraq, dörd qrup üzrə keçirilən sessiya imtahanının gedişatı ilə tanış olub.
AMEA-dan AzVision.az-a bildiriblər ki, imtahanda akademiyanın 17 institut və təşkilatından 12 ixtisas üzrə təhsil alan 67 magistrant iştirak edib.

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Idarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov magistrantlara ümumi fənlər üzrə nəzəri və praktik dərslərin peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris edildiyini nəzərə çatdırıb. Qeyd edilib ki, magistrantlara ingilis dili fənninin tədrisi IELTS proqramına uyğun olaraq hazırlanıb. Bu da gələcəkdə doktoranturaya qəbul olunmaqla və ya xaricdə təhsil alaraq elmi fəaliyyətini davam etdirmək istəyən magistrantların hazırlıq səviyyələrini yüksəltmək məqsədini daşıyır.

Akademik A.Əlizadə institutda həyata keçirilən layihələri, magistrantlar üçün yaradılmış innovativ şəraiti yüksək qiymətləndirərək magistrantları elmi mühitdən faydalanmağa səsləyib, onlara elmi fəaliyyətlərində hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib. Alim onların gələcəkdə AMEA-nın yüksəkixtisaslı, peşəkar kadrlarına çevriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, AMEA-nın prezidenti A.Əlizadənin müvafiq sərəncamına əsasən, bu qurumun magistrantları üçün qış imtahan sessiyası 2017-ci il dekabrın 29–dan 2018-ci il fevralın 2-dək keçirilir. Sessiya müddətində AMEA-nın magistraturasında ümumilikdə 317 fənn üzrə imtahan keçiriləcək.

AzVision.az


Teqlər: AMEA   imtahan  





Xəbər lenti