Xarici ticarətdə müsbət saldonu necə artıra bilərik? – TƏHLİL

Xarici ticarətdə müsbət saldonu necə artıra bilərik? – TƏHLİL
  16 Yanvar 2018    Oxunub:4144
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu yaxında keçirilən 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında da qeyd edildi ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf edib. Bu da aparılan islahatlarin nəticəsində mümkün olub.
Belə ki, ölkə iqtisadiyyatı 2017-ci ildə artıb və buna müvafiq olaraq, ixracımız da genişlənib - xarici ticarət əlaqələrimizdə əvvəlki 2 ildən - 2015 ilə 2016-cı illərdən fərqli olaraq, müsbət dəyişikliklər baş verib.

Makroiqtisadi sabitlik üçün tələb olunan əsas şərtlərdən biri məhz xarici ticarət dövriyyəsinin müsbət saldoya malik olması, yəni, ixracın idxalı üstələməsidir. Bu, ölkəyə valyuta axını deməkdir. Başqa sözlə, xərclədiyindən çox qazanırsan deməkdir.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, 2017-ci il ərzində xarici ticarət dövriyyəsi 22 milyard 593 milyon 631 min 990 ABŞ dolları təşkil edib ki, bunun da 13 milyard 811 milyon 624 min 440 dolları ixracın, 8 milyard 782 milyon 007 min 550 dolları isə idxalın payına düşüb, nəticədə 5 milyard 029 milyon 616 min 890 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Keçən il valyuta bazarımızda sabitlik yaradan da məhz, bu amil oldu. Yəni, manatın məzənnəsi həm də ticarət dövriyyəsində müsbət saldonun yaranmasına görə möhkəmləndi.

Prezident də hökumətin iclasında ticarət balansımızın müsbət saldoya malik olduğunu nəzərə çatdıraraq, qeyd edib ki, bunun çox gözəl göstərici olduğunu iqtisadçılar yaxşı bilirlər.

Yeri gəlmişkən, ötən il ixracın xarici ticarət dövriyyəsində xüsusi çəkisi 61,13%, idxalınkı isə 38,87% təşkil edib. Ümumiyyətlə, ötən il ərzində ixrac və idxal əməliyyatlarının dinamikasına diqqət yetirsək, ixracın aylıq artımının mart, iyun, sentyabr, oktyabr və dekabr aylarından başqa, bütün aylar ərzində artığını müşahidə edərik. İdxal isə iyun, avqust, sentyabr və oktyabr ayları ərzində azalıb.

Ancaq əsas bu deyil. Ən müsbət cəhət odur ki, qeyri-neft məhsulları üzrə ixrac artmaqdadır. 2017-ci ilin yanvar-noyabr aylarında 1 milyard 386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1%, real ifadədə isə 21,8% çoxdur.

Nəzərə almaq lazımdır ki, daxili tələbat da artır, çünki əhaliminin sayı çoxalır. Hər il əhali ən azı 100 min nəfər artır. Bununla əlaqədar olaraq da, istehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən, ölkəyə 500 minə yaxın çox turist gəlib. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarıb. Bütün bunların müqabilində qeyri-neft ixracının, o cümlədən ərzaq məhsullarının ixracının artması olduqca müsbət haldır.

Qeyd etdim ki, 2017-ci ildə əldə olunan bu nəticələr məhz aparılan islahatların nəticəsi hesab olunur. Prezident İ.Əliyev də NK-nin iclasında əmin olduğunu bildirdi ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. “Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir",- deyə, dövlət başçısı hökumətin iclasında vurğuladı.

Xatırladım ki, ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər hələ 1 il əvvəldən - 2016-cı ildən etibarən sürətləndirildi. Prezident tərəfindən bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər məhz 2016-cı ildən dövlət siyasətinə çevrildi.

Bəs, xarici ticarət dövriyyəmizdə müsbət saldonu saxlamaq mümkün olacaqmı?

Bunun üçün şübhəsiz ki, birinci növbədə qeyri-neft ixracını artırmağa nail olmaq lazımdır. Çünki yeganə yol məhz, bundan keçir. Amma əlbəttə, ixracı bir anda dəfələrlə qaldırmaq əsla mümkün deyil. Bu mexanizmə kompleks tədbirlərin bir hissəsi kimi yanaşmaq lazımdır. İxrac yetərincə mürəkkəb prosesdir. Buraya istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət və kəmiyyət kimi məsələlər daxildir.

Eyni zamanda, xarici bazarlardakı durum, müştərilərin alıcılıq qabiliyyəti, tələbatın dəyişməsi kimi amillər də nəzərə alınmalıdır. Bu mənada, fikrimizcə, Azərbaycan ixracını hələki, sırf xammal tədarükü üzərində qursa, daha məsləhətdir. Bununla yanaşı, emal məhsullarına diqqət yetirmək vacibdir. Xüsusən də, kənd təsərrüfatı məhsullarının emalı üzrə məhsullara.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Xarici-ticarət   #İqtisadiyyat  





Xəbər lenti