Azərbaycanda jurnalistlər nə qədər maaş alır? - Sorğu

  17 Yanvar 2018    Oxunub : 689
Azərbaycanda jurnalistlər nə qədər maaş alır? - Sorğu
Jurnalistlərin Həmkarlar İttifaqı 2017-ci ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.
AzVision.az-ın məlumatına görə, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən ümumrespublika yayımlı 15 qəzet və 4 televiziya redaksiysının, 5 informasiya agentliyinin, 20 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 10 regional qəzet və TV-lərin əməkdaşları cəlb ediliblər (ümumilikdə 57 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2017-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

Telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin bağlanılması məsələsində dinamika qorunub saxlanılıb. Sorğuya cəlb edilənlərin 93 faizi (2016-ci ildə 92 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər.

Qüsurlar sırasında diqqət çəkən ilk məqam fərdi əmək müqavilələrinin müddətli bağlanılmasıdır. Fərdi əmək müqavilələrinin redaksiyalarda bütün əməkdaşlara şamil edilməməsi də problemlərdən biridir. Bəzi redaksiyalarda əməkdaşların müəyyən qismi ilə fərdi əmək müqavilələri bağlanılsa da, eyni redaksiyada təqribən 45 faizə qədər əməkdaş əmək münasibətləri rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar.

Jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna görə dəyişsə də, minimal və maksimal məbləğləri müəyyənləşdirmək mümkün olub. Bu kateqoriya üzrə rəyi soruşulanların bir qismi 350-450 manat (sorğu iştirakçılarının 6 faizi), 550-600 manat (sorğu iştirakçılarının 56 faizi), 700-900 manat (sorğu iştirakçılarının 30 faizi), 1000-1100 manat (sorğu iştirakçılarının 8 faiz) civarında aylıq gəlir əldə etdiklərini bildiriblər.

Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir. Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri 250- 400 manat aralığında dəyişir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2017 –ci ildə əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumu 164,5 manat olub.

Sorğu iştirakçıları 2017-cı ildə jurnalistlərin durumlarına müsbət təsir edən amillər, həmçinin, diqqət çəkən ilk proses kimi prezident İlham Əliyevin sərəncamına uyğun olaraq KİV işçiləri üçün inşa edilmiş 255 mənzillik binanın tikintisi tamamlanmış və mənzillər ödənişsiz olaraq jurnalistlərə paylanılması göstərilib.

Sorğu iştirakçıları 2017-ci ildə onları qayğılandıran problemlərlə bağlı fikirlərini də açıqlayıblar:

Jurnalistik fəaliyytlə bağlı olmasa da, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən, Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun, blogger Mehman Hüseynovun, Əfqan Muxtarlının həbs edilmələri birmənalı qarşılanmayıb.

AzVision.az

Teqlər: Jurnalist   KİV