Rezidenturaya sınaq imtahanı keçiriləcək

  23 Yanvar 2018    Oxunub : 439
Rezidenturaya sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçirəcək.

DİM-dən AzVision.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 2-si saat 09:00-dək mərkəzin internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı həmin gün DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) manatdır. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq.

Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir.

AzVision.az

Teqlər: DİM   İmtahan