Xarici investisiya axını üçün yeni mexanizm hazırlanır – TƏHLİL

Xarici investisiya axını üçün yeni mexanizm hazırlanır – TƏHLİL
  23 Yanvar 2018    Oxunub:6959

2017-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15550,8 milyon manat və ya əvvəlki illə müqayisədə 2,6% az vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 11868,1 milyon manatı və ya 76,3%-i məhsul istehsalı obyektlərinin, 2791,7 milyon manatı (18,0%-i) xidmət sahələri üzrə obyektlərin, 891,0 milyon manatı (5,7%-i) isə ümumi sahəsi 1727,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 8607,4 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 7086,4 milyon manatı (82,3%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ, Çexiya sərmayəçilərinin payına düşüb.

İqtisadi artım daim vəsait qoyuluşu tələb edir. Necə ki, avtomobilə yanacaq tökülməsə, hərəkət edə bilmədiyi kimi, iqtisadiyyat da investisiyasız inkişaf edə bilməz. Ölkədə isə bütün maliyyə mənbələrindən əsas kapitala vəsait qoyuluşu azalmaqda davam edir. İqtisadiyyat Nazirliyinin 2017-ci il və sonrakı 3 il üçün hazırladığı ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən keçən il ərzində əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,3 milyard manat nəzərdə tutulmuşdu.

Ölkə iqtisadiyyatına investisiyanın, başqa sözlə desəm, əsas kapitala vəsait qoyuluşunun 2017-ci ildə 2016-cı ildəkindən az təşkil edəcəyi aydın məsələ idi. Çünki bu tendensiya 2014-cü ildən başlayıb və ardıcıl davam edir. Buna qədər isə investisiyaların həcmi hər il artırdı: 2010-cu ildə 21,2%, 2011-ci ildə hətta 27,3%, 2012-ci ildə 18%, 2013-cü ildə 15,1%. 2014-cü ildə isə ilk dəfə olaraq endi: 1,7%. Sonrakı ildə, yəni 2015-ci ildə isə eniş 11,1% təşkil etdi.

İnvestisyaların hər il artması neftin dünya bazar qiymətləri ilə əlaqədar idi. Üstəlik, ölkəmizdə hasilat səviyyəsi də yaxşı idi. Sonrakı illərdə hasilat enməyə başladığından artım zəiflədi və 2014-cü ildən ümumiyyətlə, azaldı. Çünki neftin həm də dünya bazar qiymətləri ucuzlaşmağa başladı. Ümumiyyətlə, getdikcə dövlət tərəfindən investisiyaların azalacağını və bu sahədə əsas yükün özəl strukturların üzərinə düşəcəyi məlum idi. O cümlədən, bundan sonra investisiya strategiyasında əsas hədəfin iqtisadiyyatda, xüsusən də, onun qeyri-neft sektorunda xarici investisiyaların artması və genişlənməsi təşkil etməli olduğu da aydın idi.

Bu mənada, Prezidentin bugünlərdə imzaladığı investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam böyük əhəmiyyətə malikdir.

Belə ki, sənəddə də qeyd edildiyi kimi, iqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması üçün bu sahədə islahatlar genişləndirilməli, xüsusilə də özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunması sahəsində qanunvericilik daha da təkmilləşdirilməlidir. Söhbət xarici investisiyaların həcminin artırılmasından getdiyi təqdirdə isə, xarici investorların tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət yetirdikləri adi məsələdir.

Ümumiyyətlə, istənilən ölkənin xarici investisiyaya çox böyük ehtiyacı var. Xüsusilə də Azərbaycan kimi kiçik və inkişaf etməkdə olan ölkələr üçün xaricdən sərmayə cəlbi son dərəcə vacib şərtlərdən biri, bəlkə də birincisidir. Əgər qeyri-neft sektorunu inkişa etdirilirsə, bu, ümumiyyətlə, çox mühüm amildir. Amma iqtisadiyyatın tələb etdiyi həcmdə xarici investisiyanı cəlb etmək üçün ölkənin qapılarını açmaq yetərli deyil. Xarici investorların hər birinin özlərinin şərtləri var. Onlar sərmayə qoyanda ilk növbədə öz qazanclarını güdürlər. Bunun üçün də özlərinin iqtisadi maraqlarının qorunmasını ön plana çəkirlər.

 


Xarici investisiyanın cəlbi üçün əsas şərtlərdən biri siyasi stabillikdir. Bu nöqteyi-nəzərdən, Azərbaycan MDB məkanında, Şərqi Avropa ölkələri arasında ilk yerlərdə, deyərdim ki, birinci yerdə dayanır. Bu, investisiyaların cəlbi üçün çox vacib olan şərtdir və bizdə var.

Lakin iş bununla bitmir. Xarici investorların hüquqlarının, iqtisadi mənafelərinin qorunması məsələsi də dövlət səviyyəsində təmin edilməlidir. Elə bir şərait olmalıdır ki, bura uzunmddətli vəsait yatıran istənilən xarici sərmayəçi məsələn, siyasi sabitlik pozulacağı təqdirdə, yaxud hər hansı digər bir problem yarandığı halda qoyduğu investisiyanın batmayacağından əmin olsun.

Bu yaxında Nazirlər Kabinetinin iclasında dövlət başçısı da qeyd etdi ki, ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar investisiya qoyulub. Qeyd etdi ki, bu, çox yaxşı göstəricidir, üstəlik, həm yerli, həm xarici investorlar ölkəmizə sərmayə qoymaqda maraqlıdılar. Düzdür, daxili investisiyaların, birbaşa dövlət investisiyalarının da əhəmiyyəti böyükdür. Lakin müqayisədə keyfiyyət baxımından xarici investisiyaların əvəzi yoxdur.

Son zamanlar neftin qiymətinin azalması fonunda xarici investorların şərtləri ağırlaşıb. Bu nöqteyi-nəzərdən də Prezidentin sərəncamı yerinə düşür. Odur ki, sərəncamda sadalanan məsələlər çox qısa müddətdə həllini tapmalıdır. Bunlar xarici investisiyalarla bağlı uzunmüddətli sərmayə qoyuluşu şəraitində investorların iqtisadi mənafelərinin qorunması, Azərbaycanın qeyri-neft sektorunun inkişafı məqsədilə xarici vəsaitlərin axını üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, onların ardıcıl xarakter daşıması kimi son dərəcə vacib şərtlərdəndir.

Yeri gəlmişkən, sərəncamda da qeyd olunub ki, 2025-ci ilədək qarşıya qoyulan məqsədlərdən biri də xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitini təmin etməkdir. Odur ki, bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan verəcək.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər: #İnvestisiya   #İqtisadiyyat   #Təhlil  





Xəbər lenti