Tütünçülüyün inkişafı üçün yaxşı şans yaranıb – TƏHLİL

Tütünçülüyün inkişafı üçün yaxşı şans yaranıb – TƏHLİL
  01 Fevral 2018    Oxunub:3376
Yanvarın 23-dən etibarən ölkəyə gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergilərinin iki dəfədən çox artırılmasından sonra Azərbaycanda tütünçülüyün inkişafına böyük ehtiyacın olduğu özünü daha çox göstərməyə başlayıb. Söhbət, Nazirlər Kabinetinin keçən ilin dekabrın 21-i tarixində “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdən gedir. Qərar 30 gün sonra - yanvarın 23-də qüvvəyə mindi.
Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, siqaretlərin 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi isə 4 manatdan 12 manata qaldırıldı. Bu, şübhəsiz ki, idxal olunan tütün və tütün məmulatlarını bahalaşdıracaq.

Halbuki, özümüzdə tütünçülüyün inkişafı üçün hər cür şərait var. Əvvəla, bu sahədə böyük ənənə mövcuddur, ikincisi, imkan da var. Sadəcə olaraq, qarşıya konkret məqsəd qoyulmalıdır: ya daxili bazar əsas hədəf götürülməlidir, ya da xarici... ya sırf xammal tədarükünün genişlənməsinə nail olmalıyıq, ya da hazır məhsul istehsalının... Və yaxud da, bunlar paralel təmin edilməlidir. Söhbət, siqaret istehsalından gedir. Amma bu barədə bir qədər sonra.

Ölkəmizdə tütünçülüklə bağlı pik dövr 1978-ci ildə olub. Belə ki, 1970-ci ildə 14 min hektarda tütün əkilirdisə, Milli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə bu rəqəm 18 min hektara çatdı. Amma 1990-cı ildə sözügedən rəqəm 14 minə düşüb. 2014-cü ildə cəmi 1000 hektara qədər sahədə tütün əkilmişdi. O ki qaldı istehsala, 1970-ci ildə 24 min ton tütün istehsal olunmuşdusa, 1980-ci ildə 57 min ton... Yəni, 2 dəfədən çox tütün istehsal edilib. 2015-ci ildə isə tütünçülük az qala tarixə çevrilirdi. Ancaq, son illər keçmiş nəticələri bərpa etmək qarşıya vəzifə qoyulduğundan bunun qarşısı alındı.

Hökumət tütünçülüyün inkişafına dair Dövlət Proqramı (DP) da qəbul edib. Ölkədə tütünçülüyün inkişafına dair 2017-2021-ci ilə dair sözügedən sənəddə deyilir ki, Proqram Prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məqsədi ilə hazırlanıb.

Dövlət Proqramının əsas məqsədi tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

Ümumiyyətlə, əkin sahələrini 2021-ci ilədək 2 dəfə genişləndirmək nəzərdə tutulub ki, bu da indiki 3200 hektardan təqribən 6 min hektara qədər deməkdir. Əgər, orta məhsuldarlıq səviyyəsi 2 ton götürülərsə, ölkədə hər il 12 min ton quru tütün istehsal etmək mümkündür. Bu isə yeni ixrac imkanı deməkdir.

Yeri gəlmişkən, ölkə başçısı İlham Əliyev də çıxışlarının birində bildirdi ki, xaricdən tütün idxal edən ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlər əsnasında bu məsələni qaldırıb və həmin ölkələrin tütünü Azərbaycandan alacaqları ilə bağlı konkret razılığa gəlinib. Çünki Azərbaycan tütünü keyfiyyətlidir. Üstəlik, elə ölkələr var ki, orada tütün istehsalı yoxdur. Ona görə ki, iqlim şəraiti həmin ölkələrdə buna imkan vermir. Ancaq buna rəğmən, həmin ölkələrdə siqaret fabrikləri mövcuddur. Odur ki, onların ucuz və xam tütünə böyük ehtiyacları vardır.

Yuxarıda qeyd etdim ki, tütünçülüyün inkişafına ehtiyac bu günlərdə ölkəyə gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri iki dəfədən çox artırılmasından sonra özünü daha çox göstərməyə başlayıb. Bu isə o deməkdir ki, biz, tütünü təkcə xammal şəklində deyil, siqaret istehsalını genişləndirmək yolu ilə də ixrac edə bilərik və etməliyik. Çünki tütünümüz, qeyd etdiyim kimi, keyfiyyətlidir... Ancaq siqaret istehsalına gəldikdə isə bu, bir çox amillərdən asılıdır. Başqa sözlə desəm, bizdə istehsal olunan siqaretlər də keyfiyyətli olmalıdır ki, ixracını təşkil edə bilək. Bəs, bu sahədə vəziyyət necədir?

Təəssüf ki, pis. Rəsmi məlumata əsasən də Azərbaycandan siqaret ixracı heç də qənaətbəxş vəziyyətdə deyil. Belə ki, son illər ərzində siqaret ixracı sürətlə azalmağa doğru gedir: 2015-ci ildə 2 milyon, 2016-cı ildə 0,9 milyon dollar dəyərində xaricə siqaret satılıb. Halbuki, 2015-ci ildə 7,4 milyon dollar, 2016-cı ildə isə 8 milyon dollar məbləğində tütün ixrac edilib. Bu onu göstərir ki, mövcud potensialdan istifadə edilmir. Çünki keyfiyyət aşağıdır, xammalımız keyfiyyətli olsa da istehsal olunan tütün məmulatları ölkədən kənarda rəqabətqabiliyyətli deyil.

Tütünçülüyün inkişafına dair yuxarıda qeyd etdiyim Proqramda isə deyilir ki, sözügedən sənədin həyata keçirilməsi nəticəsində ölkədə tütünçülük ənənələrinin bərpa olunması, tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsi, bölgələrin aqrar-sənaye potensialının artırılması, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılması, tütün və tütün məmulatı məhsullarının ixracının və tütünçülüklə bağlı digər sahələrin inkişafı sahəsində böyük töhfələr əldə ediləcəkdir. Sırf xammal ixracı üzərində köklənişlə isə, bütün bunlara nail olmaq çətindir. Odur ki, bax, bu sahədə iş aparılmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün





Teqlər: #Tütünçülük  





Xəbər lenti