Rusiya ilə savaşda Pentaqon Trampı məğlub etdi – TƏHLİL

  01 Fevral 2018    Oxunub : 6328
Rusiya ilə savaşda Pentaqon Trampı məğlub etdi – TƏHLİL
ABŞ-ın Kremlə yaxın 96 nəfərlik Rusiya olqarxlarının siyahısını da özündə birləşdirən yeni sanksiyalar haqqında qanunu qəbul etməsi Moskva, London, Cenevrədəki milyarderlər arasında böyük nararahtlıq yaradıb. Maraqlısı odur ki, bu 96 nəfər ötən il "Forbes" jurnalında adı çəkil 96 nəfər rusiya milyarderidir.
Amerikalılar onların bu qədər təlaşa düşəcəyini gözləmirdilər, lakin oliqarxların dərhal lobbiçilik fəaliyyətinə başlaması sənədin reytinqini xeyli artırdı. Məlumata görə, Tramp administrasiyası və Maliyyə Nazirliyi tərəfindən hazırlanan sənəddə adları rəsmən elan olunmuş oliqarxlardan başqa, məxfi əlavə də mövcuddur və bəzilərinin adları həmin əlavədə yazılıb. Həmin şəxslər qorxurlar ki, adları ABŞ-ın "qara siyahısı"na düşdüyü üçün beynəlxalq maliyyə qurumları onlarla əməkdaşlıqdan imtina edə bilər.

Sənəddə Rusiyanın siyasi elitası, oliqarxları, habelə onların ailə üzvlərinin əmlakının müəyyən edilməsi, eləcə də ABŞ ərazisindəki aktivlərinin yenidən hesablanması qeyd olunur. Artıq oliqarxlar Ağ Ev, Konqres, Dövlət Departamenti, Maliyyə Nazirliyində lobbiçilik fəaliyyəti qurmaqla adlarının siyahıdan çıxarılmasına, yaxud, sanksiyaların onlara tətbiq olunmamasına çalışırlar. Lakin sənədin Putin və onun ətrafı qədər Tramp və respublikaçılara qarşı da yönəldiyini əminliklə demək olar.

Belə ki, 2018-ci ilin noyabr ayında 6-da Trampın prezidentlik müddətinin tən yarısında ABŞ-da Konqresə seçkilər keçiriləcək. Senatın 1/3-i, yəni 100 yerdən 33-ü və Nümayəndələr Palatasındakı 435 yer uğrunda Respublikaçılar və Demokratlar arasında qızğın mübarizə gözlənilir. Həmçinin 38 ştatda da qubernator və başqa yerli seçkilərdə keçiriləcək. 116-cı çağırış ABŞ Konqresində seçkilərdə Rusiya tərəfindən kibermüdaxilənin qarşısını almaq üçün hazırda həmin ölkəyə qarşı addımların atıldığı sirr deyil. Oliqarxların adlarının siyahıya salınmasının digər səbəbi odur ki, Rusiyada keçirilən prezident seçkilərində onların Putinə maddi dəstəyinin qarşısı alınısın, müxalifətin mövqeləri möhkəmlənsin.

Lakin Tramp adminstrasiyasının Konqresin bu qərarına kəskin müqavimət göstərdiyi bildirilir. Ağ Ev antisanksiya mövqeyini Konqresin qarşısında onunla əsaslandırıb ki, artıq ötən il bu sahədə qəbul olunan qərarlar kifayət qədər effektli təsir göstəriblər və yeni sənədlərə lüzum yoxdur. Dövlət Departamenti də Ağ Evlə eyni mövqeyi bölüşüb və hüquqi və fiziki şəxslərə qarşı növbəti sanksiyaların tətbiq edilməsinə ehtiyac olmadığını vurğulayıb. Lakin demokratlar və Pentaqondakı Rusiyaya qarşı olan, Trampın Rusiya ilə əlaqələrini araşdıran elita ondan qətiyyətlə bu qanunu imzalamasını tələb edib.

Tramp YPG/PYD/PKK-ya silah göndərməmək barədə Ərdoğana söz versə də, Pentaqondakı "qırğılar" adlandırılan bu elita az sonra 4 000 yük maşını silahı Suriyaya göndərdi. Ərdoğanın Güləni qaytarmaq tələbini araşdırmağa söz verən Tramp yenə də Pentaqondakı və Mərkəzi Kəşfiyyat İdarəsindəki bu qrupların müqaviməti ilə üz-üzə gəldi və geri çəkilmək məcburiyyətində qaldı.

Görünən odur ki, Tramp Rusiya və Türkiyə ilə münasibətləri düzəltməyə calşsa da, son nəticədə Pentaqon və MKİ-nin güclü həmləsi ilə impiçment təhdidi altında geri çəkilməli olur. Hazırda bu qərarın qəbul olunması səbəblərindən biri də Türkiyənin Afrin əməliyyatına Rusiyanın qarşı çıxmaması, əksinə bütün olanların ABŞ-ın qızışdırıcı mövqe tutması səbəbindən baş verdiyini bəyan etməsi, Soçidə Suriyanın gələcəyinə dair konqres təşkil etməsi və ABŞ-ın burada iştirakdan imtina etməsi ilə eyni vaxta düşməsi təsadüfi hesab oluna bilməz. Görünən odur ki, həm Ağ Ev, həm Kremlin etirazlarına baxmayaraq, iki ölkə prezidentinə belə meydan oxuyan qüvvələr var ki, onlar istədiyi zaman istədiyi şəxslərə sanksiya tətbiq edə bilirlər.

Nəzakət Məmmədova
AzVision.az üçün

Teqlər: #Rusiya   #Sanksiyalar   #Tramp   #Pentaqon