Deputatlar bazar qiymətləri ilə tanış oldular

Deputatlar bazar qiymətləri ilə tanış oldular
  03 Fevral 2018    Oxunub:1822
Milli Məclisin deputatları bu gün Gəncə şəhər bazarlarında qiymətlərlə bağlı monitorinq keçiriblər.
AzVision.az-ın məlumatına görə, Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə və Naqif Həmzəyev “Grand Qafqaz” Ticarət Kompleksində olub, burada yaradılan şəraitlə maraqlanıblar. Onlar Gəncə memarlığına xas üslubda, qırmızı kərpiclə tikilən “Grand Qafqaz” Ticarət Kompleksin bir-birindən yaraşıqlı, geniş və işıqlı mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan səhər sakinləri ilə səmimi söhbətlər aparıblar.

Sakinlər Ticarət Mərkəzindəki səliqə-sahmandan, göstərilən xidmətdən razılıq edərək bildiriblər ki, daha alış-veriş edərkən əsəb gərginliyi, vaxt itkisi deyil, göstərilən xidmətlərdən məmnunluq hissləri keçirirlər. Vurğulayıblar ki, kompleksin “Gəncə səbəti” adlanan hissəsində hər cür ərzaq və qeyri-ərzaq məhsullarını tapmaq mümkündür.

Bildirilib ki, müasir dünyada ticarət xidmətləri sürətlə inkişaf edir. Bütün dünyada olduğu kimi, Gəncə şəhərində də ticarət xidmətləri modernləşir, sakinlərin rahatlığını, vaxt itkisinin qarşısını almaq üçün yeniliklər tətbiq olunur.

Prezidenti İlham Əliyevin xeyir-duası ilə 2017-ci il noyabrın 10-da şəhər sakinlərinin istifadəsinə verilən “Grand Qafqaz” Ticarət Kompleksinin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikinti altı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.

AzVision.az


Teqlər: Milli-Məclis   Gəncə   Deputat   Bazar  





Xəbər lenti