İtən alpinistləri bu cihazla tapmaq mümkündür - FOTO+VİDEO
Qurğu itkin düşən şəxslərin yerinin aşkarlanmasında olduqca effektivdir. "RECCO" texnologiyası harmonik radardan istifadə edərək itkin düşənlərin yerini dəqiqliklə aşkarlamağa imkan verir. Sistem iki hissədən ibarətdir:
"RECCO" sensoru – xilasedici qruplar tərəfindən istifadə olunur.
"RECCO" reflektorları – geyim, dəbilqə və çəkmələrə quraşdırılır. Reflektorlarla işləmək üçün xüsusi təlimə ehtiyac yoxdur. Bundan əlavə reflektorların işləməsi üçün batareyalar da lazım deyil.
Şirkətin saytında yerləşdirilən məlumatda qeyd olunub ki, sistem əlavə vasitədir. İtlə aparılan axtarışlar, radioqəbuledicilər kimi digər xilasedici metodlara maneə törətmir. "RECCO" sistemləri xilasedicilərin axtarışlarını asanlaşdırır və bununla da axtarışı aparılan şəxslərin tapılması mümkün olur.
Təcrübəyə əsasən, 100 metrə qədər ərazidə qarın altında qalan şəxslərin axtarışlarına azı 20 xilasedici cəlb olunur. Onlar minimum bir gün ərazidə axtarış aparmalıdır. "RECCO" sistemi ilə bu cür axtarışları aparmaq üçün cəmi 10 dəqiqə vaxt lazımdır.
Qeyd edək ki, "RECCO" şirkəti 1973-cü ilin dekabrında İsveçdə Magnus Grenhed tərəfindən yaradılıb. Hazırda dünyanın bir çox ölkələrində bu cihazdan istifadə olunur.
Xatırladaq ki, ötən ilin dekabrın 23-də “Gilavar” idman klubunun üç üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzad Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində itkin düşüb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Alpinist RECCO Axtarış