Hərbi hissələrdə andiçmə mərasimi keçirilib

  11 Fevral 2018    Oxunub : 831
Hərbi hissələrdə andiçmə mərasimi keçirilib
Fevralın 11-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək dövlət himni ifa edilib və tədbir açıq elan olunub.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi   Hərbi-hissə   Andiçmə