Mikayıl Cabbarov sahibkarlarla görüşdü - FOTOLAR, VİDEO

Mikayıl Cabbarov sahibkarlarla görüşdü - FOTOLAR, VİDEO
  13 Fevral 2018    Oxunub:17386
Bakıda Vergilər Nazirlyinin təşkilatçılığı ilə “Vergilər.Şəffaflıq.İnkişaf” adlı konfrans keçirilib.

AzVision.az xəbər verir ki, konfransda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, beynəlxalq təşkilatların, yerli bankların nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Vergilər Nazirinin müşaviri Elçin Məmmədov bildirib ki, vergi orqanlarının yaranmasından ötən dövr ərzində aparılmış genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidmətinin formalaşdırılmasına nail olunub.



Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını qeyd edərək, bu sahədə həyata keçirilən islahatlardan danışıb. Komitə sədri vurğulayıb ki, vergi sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daha sonra çıxış edən deputat Vahid Əhmədov isə Azərbaycanda differensial ƏDV-nin tətbiqini təklif edib: “Azərbaycanda bütün məhsullara standart ƏDV təyin edilib və bu, 18%-dir. Avropa ölkələrində isə bu rəqəm 15-25% arasında dəyişir. Digər məsələ Vergilər Nazirliyinin proqnoz tapşırığı ilə bağlıdır. Proqnozlar veriləndə razılaşdırılsın. Baza yoxdursa, vergilər haradan yığılır? Gərək Nazirliyin müvafiq bazası olsun ki, bu proqnozu yerinə yetirsin. Mən həm İqtisadiyyat, həm də Vergilər nazirliklərindən xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.

Konfransda yekun nitqi ilə çıxış edən vergilər naziri Mikayıl Cabbarov bildirib ki, bu günkü konfransın əsas məqsədi ölkəmizin vergi sistemindəki vəziyyət və onun perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsi aparmaqdır. Nazir qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin qurulması, davamlı inkişaf və iqtisadi dayanıqlılıq təmin olunması istiqamətində ciddi işlər həyata keçirilir.

Vergilər naziri vergi sistemində şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılması istiqamətində aparılan işlər barədə danışıb, Nazirliyin qarşısında duran əsas hədəfləri açıqlayıb. Qeyd edilib ki, məqsəd sahibkarların vergi orqanları ilə canlı təmasları minimuma endirən keyfiyyətli və geniş elektron xidmətlər sistemi tətbiq etməkdir. Bundan başqa Vergilər Nazirliyi vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların ictimai birlikləri, ekspert cəmiyyəti, ictimai təşkilatlarla sıx əməkdaşlıq etmək niyyətindədir.













İlkin Nəcəfzadə
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az



Teqlər: Vergilər-Nazirliyi   Mikayıl-Cabbarov  





Xəbər lenti