MSK-da seminar-müşavirə keçirildi - FOTOLAR, VİDEO

MSK-da seminar-müşavirə keçirildi - FOTOLAR, VİDEO
  15 Fevral 2018    Oxunub:3682
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib.
AzVision.az-ın məlumatına görə, müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda Dairə Seçki Komissiyaları üçün yaradılan şərait Avropa və Asiya ölkələrindəki müvafiq strukturlar üçün nümunə ola biləcək səviyyədədir:

“Azərbaycanda MSK-nın böyük nüfuzu var. Artıq 10 ildir ki, 125 DSK sədrləri rayonların icra başçılarının müavinləri statusundadır. Bu çox düzgün qərardır. Azərbaycanda bu sahədə işlər nümunəvi təşkil edilib. Ancaq standartlar dəyişir, hər zaman aşağı seçki komissiyalarının fəaliyyəti təkmilləşməlidir. Çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin. Tək bizə yox, digər ölkələrə də qərəzli münasibət olunur. Onların daxili işlərinə qarışma cəhdləri olur. Ölkənin daxili işlərinə müdaxilə etməyin yeganə yolu isə seçkilərdir. Biz bizi istəməyənlərin də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirilməsini qəbul etdirməliyik".



Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev isə deyib ki, seçkilərin demokratik keçirilməsinin əsas şərt ictimai-siyasi sabitlikdir və Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Ölkə başçısı seçkilərin şəffaf keçirilməsi üçün tələblər qoyub:

"DSK-ların fəaliyyəti seçki prosesinin daha demokratik və şəffaf keçirilməsində önəmlidir. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar keçmişdə qalıb. Seçkilərin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir. Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15 il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik ənənələrin daha inkişaf etmiş bir ölkədə yaşayırlar".

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə bildirib ki, istənilən dövlətdə seçki onun imicinə təsir göstərir. Bu baxımdan dövlət, ictimaiyyət seçkilərə çox böyük önəm verir və çalışır ki, qanuni şəkildə öz həllini tapsın:

“Avropa İnsan Hüquqları Məhkəməsinin aktiv seçki hüququnun məhdudlaşdırılması barədə bir neçə qərar qəbul edilib. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilib ki, xüsusən azadlıqdan məhrum edilən şəxslər aktiv seçki hüququndan istifadə edə bilməzlər. Bir sıra Avropa ölkələrində məhdudiyyətlər var. Azərbaycanda isə bu məhdudiyyət yoxdur. Bu çox mütərəqqi qərardır. Əhalinin bütün elektoratı, o cümlədən azadlıqdan məhrum olunan şəxslər də səsvermə hüququndan istifadə edəcəklər”.

Ədliyyə nazirinin müavini Azər Cəfərov diqqətə çatdırıb ki, Penitensiar Xidmətin müsəssisələrində seçkilər MSK-nın təlimatlarına uyğun olaraq keçiriləcək. Belə ki, səsverən məhbusların sayından asılı olaraq elə müəssisələr var ki, orada iki seçki məntəqəsi yaradılıb.

"Ədliyyə orqanlarının seçkilərin keçirilməsi və təşkilində vəzifəsi məlumdur. Bura normativ sənədlərin təsdiq edilməsi, penitensiar müəssisələrdə, yəni istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçkilərin təşkil edilməsi daxildir. Artıq 22 ildir ki, Azərbaycandakı seçkilərdə məhkum olunmuş şəxslərin seçkidə iştirakının təmin edilməsində MSK ilə Ədliyyə Nazirliyi çox sıx əməkdaşlıq edir. Böyük Britaniya, Almaniya, Macarıstan, Bolqarıstanda məhkum olunmuş şəxslərin səsvermə hüququ yoxdur, Türkiyə, İsveçrə və Qazaxıstanda məhkumlar müəyyən məhdudiyyətlərlə seçkilərdə iştirak edirlər. Penitensiar müsəssisələrdə seçkilər MSK-nın təlimatlarına uyğun olaraq keçirilir. Penitensiar müəssisələrin böyük əksəriyyətində seçki komissiyaları yaradılıb. Səsverənlərin sayından asılı olaraq elə müəssisələr var ki, onlarda iki seçki məntəqəsi yaradılıb. 2013-cü ildə keçirilən prezident seçkilərində məhbusların 99 faizi seçkilərdə iştirak edərək, səsvermə hüququndan istifadə edib”.

Eyni zamanda ölkədə keçiriləcək prezident seçkisində prokurorluq orqanlarının üzərinə mühüm vəzifə düşür. Çünki, seçkidə qanuna ziddi hərəkətə yol verənlərin məsuliyyətə cəlb olunması əsas məsələlərdəndir. Qanunvericiliyi pozanlar isə ciddi şəkildə cəzalanacaqlar.

Baş Prokurorun müavini Rüstəm Usubov çıxışında bildirib: “Hər kəs qanunvericiliyə əməl etməlidir. Bu, dövlətin tədbiridir, hamımız vicdanla, namusla çalışmalıyıq. Elə olmalıdır ki, seçki bitəndən sonra üzümüz ağ, alnımız açıq bir-birimizin üzünə baxa bilək. Prezident seçkiləri ilə əlaqədar Baş prokuror Zakir Qaralovun sərəncamı ilə Baş Prokurorluqda İşçi Qrupu yaradılıb. İşçi qrupuna mən rəhbər təyin edilmişəm. İnşallah, seçki prosesi qanun pozuntularına yol verilmədən keçiriləcək”.

Müşavirədə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib ki, seçki günü seçicilərin iradəsini azad ifadə etmək üçün nazirlik Tədbirlər Planı hazırlayıb. Nazir müavini qeyd edib ki, yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq, səsvermə və səsvermədən sonra razırlaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq.

"Tədbirlər Planına əsasən asayişin təmini üçün hazırlıqlara başlanıb. Seçki ilə bağlı səsvermə hüququna malik vətəndaşlar müəyyənləşdiriləcək, şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Bu gün insanların əksəriyyəti böyük şəhərlərə miqrasiya edir, burada yaşayırlar. Maarifləndirmə işi elə aparılmalıdır ki, yaşadığı yer, yaxud qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınsın. Bu işlər qısa müddətdə başa çatacaq. Yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Səsvermə və səsvermədən sonra razırlaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq. Seçki bülletənləri məntəqələrə gətirilən zaman polis tərəfindən məntəqələr ciddi nəzarətə götürüləcək. Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi zamanı da mühafizə təmin olunacaq".

Daha sonra çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova deyib ki, Azərbaycanda əlilliyi olan insanların seçkilərdə iştirakı üçün lazımi şərait yaradılıb, seçki məntəqələrində panduslar quraşdırılıb.

Seminar-müşavirə çıxışlarla davam edib.









Elvin Abdulqədirov
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: MSK   Müşavirə   Seçki  





Xəbər lenti