“Moody’s” və hökumət haqlıdırlar: İnflyasiya azalacaq – TƏHLİL

“Moody’s” və hökumət haqlıdırlar: İnflyasiya azalacaq – TƏHLİL
  01 Mart 2018    Oxunub:4164
Beynəlxalq qurumlar tərəfindən hazırlanan hesabatlarda ölkəmizin tutduğu mövqe pillə-pillə yaxşılaşdırıldıqca, ayrı-ayrı müvafiq iqtisadi göstəricilər barədə irəli sürülən proqnozlar da müsbətə doğru dəyişir. Bu yaxında ölkəmizin ABŞ-ın "The Heritage " Fondu tərəfindən hazırlanan illik hesabatda iqtisadi azadlıq indeksinə görə 1 pillə irəliləyərək 67-ci sıraya yüksəlməyi, “İnklüziv İnkişaf indeksi 2018”, “2018 Doing Business” və “Qlobal Rəqabətlilik İndeksi” göstəriciləri üzrə qabağa getməsi də məhz həyata keçirilən islahatların nəticəsi hesab olunur.
Ümumiyyətlə, son üç ildə ölkədə yeni iqtisadi modelə transformasiya istiqamətində böyük addımların atılması, hökumətin 2016-cı ilin əvvəlindən etibarən həyata keçirməyə başladığı tədbirlər - iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi və bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, o cümlədən, pul-kredit siyasətini sərtləşdirməsi öz nəticəsini verir.

Məlumdur ki, keçən ilin sosial-iqtisadi yekunları sırasında mənfi cəhətlərdən biri istehlak qiymətləri indeksinin – inflyasiyanın yüksək qeydə alınması oldu. 2017-ci ildə 2016-cı illə müqayisədə istehlak məhsulları və xidmətlərin qiymətlərində 12,9% artım baş verdi.

Ümumiyyətlə, keçən il ərzində inflyasiya amilinin ikirəqəmli səviyyəni saxlaması çox böyük təəssüf doğurdu. Başqa sözlə desəm, ölkədə inflyasiya səviyyəsinin ümumən sabit qalmasına baxmayaraq, tempin azalmaq istəyində olmadığını nümayiş etdirməsi əslində, ciddi bir siqnal oldu. Odur ki, cari ildə hökumətin əsas məqsədlərindən biri inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdir. Yəni, bu, qarşıya qoyulan ən ümdə vəzifələrdən birini təşkil edir.

Bu baxımdan, “Moody’s” beynəlxalq reytinq agentliyinin proqnoz hesabatı diqqəti cəlb edir. Qurumun açıqladığı hesabatda 2018 və 2019-cu illərdə Azərbaycanda inflyasiyanın azalacağı bildirilib. Və bu da ən müsbət gözləntilərdən hesab edilir. Hesabata əsasən, 2018-ci ildə inflyasiyanın 6%, 2019-cu ildə isə 5% səviyyəsində olacağı proqnozlaşdırılır. Hökumət isə bu rəqəmləri 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə isə 3,1% təxmin edir. Göründüyü kimi, fərq azdır. Odur ki, sual yaranır, inflyasiya ilə bağlı hökumət ilə xarici qurumların bu cür yaxınlığı ilə seçilən proqnozları, görəsən, özünü doğruldacaqmı?

Böyük ehtimalla, bəli... Məlumdur ki, istehlak qiymətləri indeksi ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçü vahidi sayılır ki, bu ölçü vahidi sayəsində inflyasiya dərəcəsi tapılır. İstehlak qiymətləri indeksi alıcı kütləsinin istehlak səbətinə daxil olan məhsul və xidmətlərin ümumi qiymət dinamikasını müəyyən edir.

Ötən il ərzində ölkəmizdə istehlak qiymətlərinin indeksinin yüksək olacağı əvvəlcədən də bəlli idi. 2017-ci ildə inflyasiyanın təxminən 13% təşkil etməsi səbəblərinə dair də yazmışdım ki, əvvəla, ötən il məlum iqtisadi vəziyyətlə əlaqədar mövsümi amillər qiymətlərin artmasına güclü təsir göstərdi. İkincisi, inflyasiyanın ikirəqəmli səviyyəyə qalxmasında idxal məhsulları mühüm rol oynadı. Yəni, idxal inflyasiyası...

Üçüncüsü, ən çox ərzaq məhsulları bahalaşdı ki, bu da bütün dünyada baş verdi. Dördüncüsü isə, Azərbaycanda əhalinin gəlirlərinin artım tempində bərpa prosesinin başlanması “böyük itkilərə” məruz qalmış ticarət şəbəkələrinin və bir sıra iş adamlarına əllərinə fürsət verdi ki, qiymətləri qaldırsınlar...

Ancaq burada bir nüans da var. Yaxşı ki, manatın ucuzlaşması prosesi dayandı. Keçən il ərzində əgər bu da davam etsə idi, inflyasiya daha yüksək səviyyədə təşkil edəcəkdi. Yeri gəlmişkən, 2017-ci ildə orta aylıq inflyasiya 0.6% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə (0.6% bəndi) aşağıdır. Dövr ərzində ən yüksək inflyasiya 2,3% olmaqla yanvarda müşahibə olunub. İyunda isə nəyinki inflyasiya olmayıb, hətt 1% deflyasiya qeydə alınıb.

Ümumiyyətlə, 2017-ci ildə inflyasiya başlıca olaraq qeyri-monetar amillərdən irəli gəlib. Valyuta bazarında sabitliyin yaranması və hətta manatın məzənnəsinin 4% möhkəmlənməsi şəraitində inflyasiyanın yüksəlməsi əsasən, ticarət tərəfdaşı olan ölkələrdə gedən anoloji proseslərin, habelə ayrı-ayrı əmtəə qrupları üzrə tələb və təklifin nisbətinin dəyişməsi hesabına baş verib.

Odur ki, hökumətin də, “Moody’s”-un da cari il ərzində inflyasiyanın azalacağına dair proqnozlarının kökündə daha çox məhz manatın məzənnəsinin sabit olacağına əminlik dayanır. Çünki cari ilin yanvarında orta illik inflyasiya 5.5% təşkil edib. Və Mərkəzi Bank (AMB) rəhbərliyi tərəfindən də bu, antiinflyasiya xarakterli pul siyasəti, pul kütləsinin optimal səviyyədə idarə olunması və 2017-ci ilin ortalarından etibarən manatın məzənnəsinin sabitləşməsi amilləri ilə izah edilib.

Ölkəmizdə inflyasiya 2010-cu il ərzində 5,7, 2011-ci ildə 7,9, 2012-ci ildə 1,1, 2013-cü ildə 2,4, 2014-cü ildə 1,4, 2015-ci ildə isə 4% təşkil edib. Yəni, birrəqəmli səviyyədə... Halbuki, göstərilən illərdə AMB-in uçot dərəcəsi 2010-cu ilin oktyabrın 31-dək 2%, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, 2016-cı ilin fevralında 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilmişdi.

Yəni, pul-kredit siyasəti sərtləşdirildiyi halda, inflyasiya göstəricisi azalmaq əvəzinə yüksəlib. Başqa sözlə desəm, ölkəyə xarici valyuta axdığı, tədiyyə balansında müsbət saldo hökm sürdüyü, AMB-in uçot dərəcəsinin təkrəqəmli olduğu və bunun müqabilində iqtisadi aktivlik müşahidə edildiyi zamanda illik istehlak qiymətləri indeksi birrəqəmli səviyyədə, dollar çatışmadığı, tədiyyə balansında disbalans, AMB-in uçot dərəcəsi 15% və heç bir iqtisadi aktivlik müşahidə olunmadığı halda isə ikirəqəmli inflyasiya qeydə alınıb. Niyə?

Çünki bu, bilavasitə manatın ucuzlaşması nəticəsində olub. 2016-cı ildə də 12%-dən çox inflyasiya məhz manatın ABŞ dolları qarşısında il ərzində 15%-ə qədər ucuzlaşması nəticəsində yarandı. Nəzərə almaq lazımdır ki, daxili bazarda proseslər hələ idarəolunan üzən məzənnə rejimi əsasında tənzimlənir. Yəni, sərbəst buraxılsa idi, infliyasiya ümumiyyətlə, yüksək olacaqdı. Yeri gəlmişkən, 2016-cı il ərzində də inflyasiyanın 12% ətrafında təşkil edəcəyini hökumət əvvəlcədən proqnozlaşdırmışdı.

Sözün qısası, “Moody’s” reytinq agentliyinin proqnoz hesabatının da nəyə söykəndiyi bir daha qeyd edirəm ki, buradan aydın olur. AMB-in hədəfində də bəyan edilibb ki, makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olaraq qalır.


Pərviz Heydərov
AzVision.az üçün





Teqlər: #İnflyasiya#Proqnoz  





Xəbər lenti