Ötən il “Petkim”in mənfəəti 93 faiz artıb

Ötən il “Petkim”in mənfəəti 93 faiz artıb
  02 Mart 2018    Oxunub:1190
2017-ci ildə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 93 faiz artıb.
Bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilib. Qeyd edilib ki, keçən il “Petkim”in mənfəəti 93 faiz artaraq 1,4 milyard türk lirəsinə çatıb. Şirkətin 2016-cı ildəki xalis mənfəəti isə 725,8 milyon lirə olmuşdu.

“Petkim PetroKimya Holding A.Ş.” 2017-ci ildə il 671 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu göstəricisi ilə “Petkim” Egey bölgəsinin ən böyük ixracatçısı olub. “Petkim” ötən il 69 ölkəyə məhsul ixrac edib.

“Petkim” neft-kimya holdinqi bu il yanvarın 26-da isə 500 milyon dollarlıq istiqraz buraxıb və istiqrazlar İrlandiya Fond Birjasında emissiya edilib. İstiqraz satışından əldə ediləcək gəlir şirkətin səhmdarı olduğu “STAR Rafineri” şirkətinin maliyyələşməsinə sərf ediləcək. “Star” neft emalı zavodu həm Türkiyə, həm də “Petkim”in xammalla təmin edəcək. Bu il ərzində istifadəyə veriləcək zavod “Petkim”in xammala olan tələbatının hamısını ödəyəcək.

İstiqrazların emissiyası üçün “Goldman Sachs International”, “J.P. Morgan Securities Plc”, “Citigroup Global Markets Limited”, “Societe Generale” və “VTB Capital Plc” anderrayter vəzifəsində çıxış edib. 500 milyon dollarlıq istiqrazlar üçün son müddət 2023-cü il yanvarın 26-sı müəyyənləşdirilib.

Xatırladaq ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. 2017-ci ilin üçüncü rübündə isə bu göstərici 4,5 milyard türk lirəsi, mənfəəti isə 1 milyard lirə təşkil edib. Yəni 2016-cı və 2017-ci illər “Petkim” üçün rekordlarla dolu illər olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 51 faizlik səhmə sahibdir.

AzVision.az


Teqlər: SOCAR   Petkim  





Xəbər lenti