Bankları kredit meydanına qaytarmaq lazımdır – TƏHLİL

Bankları kredit meydanına qaytarmaq lazımdır – TƏHLİL
  05 Mart 2018    Oxunub:5467
Bank sektorunda ağır vəziyyət qaldıqca, sərbəst vəsaitlərin dövriyyəyə cəlb edilərək, iqtisadiyyata yönəldilməsi prosesi səngiyir. Odur ki, əgər həyata keçirilməkdə olan iqtisadi kursun daha çox səmərəli nəticə verməyini istəyiriksə, bu tendensiya aradan qaldırılmalıdır. Əks halda, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ilə bağlı və bu sahədən ixrac potensialının genişləndirilməsi istiqamətində atılmaqda olan addımların məqsədə çatması çətin olacaq.
Məlumdur ki, hökumətin qeyri-neft sektorun inkişafını təmin etmək məqsədilə hazırda ən çox istifadəyə nail olmaq istədiyi vasitələrdən biri istər daxili, istərsə də xarici mənbələr hesabına investisiyalar cəlb etməkdir. Bundan ötrü bir sıra zəruri addımlar atılır. Məsələn, xarici investisiya axını üçün yeni mexanizm hazırlamaq məqsədilə investisiya fəaliyyətinin təşviq edilməsi, xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqda sərəncamı qeyd edə bilərəm.

Həmin sənəddə də qeyd edildiyi kimi, iqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması üçün bu sahədə islahatların genişləndirilməsi, xüsusilə də özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunması sahəsində qanunvericilik daha da təkmilləşdiriləcək və bu zaman xarici investorların tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya mühitinin qorunması sisteminin mövcudluğuna xüsusi diqqət yetirməsi amili ən ali şəkildə nəzərə alınacaq.

Ancaq ən vacib məqamlardan biri odur ki, bank sektorunun da iqtisadiyyata vəsait qoyuluşunda rolu bərpa edilməlidir. Bunun üçün isə banklarda vəsait çatışmazlığı problemi aradan qalxmalıdır. Xarici maliyyə qurumları da banklarının əksəriyyətində kapital çatışmazlığı probleminin olduğunu bildirirlər. “Moody's” bu günlərdə hesabatında bəyan edib ki, real sektorun kreditləşməsi 2013-cü ilin martından indiyədək ən aşağı səviyyəyə enib.

Əlbəttə, söhbət, xarici maliyyə qurumlarının nə deməklərindən getmir. Banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşunun ardıcıl olaraq 2015-ci ildən bəridir azaldığı göz önündədir. Və bunun nə ilə əlaqədar olduğu da bəllidir.

Xatırladım ki, bank sektorundakı problemlər neftin qiymətinin aşağı düşməsindən, sonra üzə çıxdı. Yəni, 2014-cü ilin yayından sonra... 2015-ci ildə manatın 2 dəfə devalvasiyasından sonra problemli kreditlər məsələsi kəskinləşdi. Əhali əmanətlərini geri çəkməyə başladı. İqtisadiyyatda işgüzar aktivlik səngidi. Dollarlaşma prosesi geniş vüsət aldı və sair. Təbii ki, bütün bunların nəticəsində də banklarda vəsait çatışmazlığı yarandı.

Digər tərəfdən, Mərkəzi Bank (AMB) da sərt pul-kredit siyasətinə keçdi. Və həm uçot dərəcəsini qaldırmağa, həm də valyuta bazarında sabitlik yaratmaq və mill valyutaya təzyiqləri neytrallaşdırmaq məqsədilə banklardan izafi manat kütləsini depozit hərracları yolu ilə yığmağa başladı.

Yeri gəlmişkən, bugünlərdə AMB uçot dərəcəsini 2% endirdi. Halbuki, 13%-dək deyil, daha aşağı səviyyəyədək endirmək lazım idi. AMB isə 2%-dən artıq endirimə getmədi. Bu isə onu göstərdi ki, qurum mövcud makroiqtisadi vəziyyətdən hələ də kifayət qədər arxayın deyil.

Məsələ bundadır ki, neftin 2014-cü ildən bəri ucuzlaşması prosesindən Mərkəzi Bank az itirmədi. Manatın 2 dəfə inzibati yolla, sonra isə üzən məzənnə rejiminə buraxılması fonunda devalvasiyaya uğramasına rəğmən, qurum 15 milyard dollardan çox rəsmi valyuta ehtiyatları həcmindən 4 milyard dollardan da aşağı səviyyəyədək itki verməli oldu. Yaxşı ki, 2017-ci ildə bu tendensiya dayandı və əks proses başladı. Ancaq vəziyyətin əvvəlki nöqtəyə bərpa olunma məsələsi hələ yaxında görünmür.

Yəni, demək istədiyim budur ki, AMB-i də qınaya bilmərik. İndinin özündə də qurum bəyan edir ki, iqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması səbəbindən bank sistemində akkumulyasiya olunan izafi likvidlik AMB-yə sterilizasiya alətlərinə tələbi yüksək səviyyədə saxlamağı zəruri edir.

Bəs, banklarda kapital çatışmazlığını necə və hansı yolla aradan götürmək olar? İqtisadiyyata kredit qoyuluşunu bərpa etmək üçün bu amilin həqiqətənmi rolu böyükdür?

Bəli, fikrimcə, bank sektorunda vəsait çatışmazlığı problemi aradan qaldırılarsa, iqtisadiyyata kredit qoyuluşunun da tədricən bərpa olunacağını müşahidə etməyə başlayacağıq. Düzdür, öncə iqtisadi aktivlik bərpa olunmalı, kreditə tələbat yaranmalı, alış-veriş sürətlənməlidir. Və yalnız bundan sonra banklar tərəfindən kreditləşdirmə 2014-cü ilədək olan vəziyyət qayıda bilər.

Yeri gəlmişkən, açıqlamalarımın birində dı qeyd etmişəm ki, problemli kreditlər, ümumiyyətlə bu gün ölkənin bank sektorunda yaranmış vəziyyət ən ağrılı məsələdir. Və ölkədə kreditləşdirmə üzrə problemlər və çatışmazlıqlar heç də sırf devalvasiyalardan sonra yaranmayıb. Verilən kreditlər üzrə geri ödənişdə vəziyyət hələ illər öncə gərgin idi və bu, getdikcə kəskinləşirdi.

Azərbaycanda bank sektorunda problemlərin çoxu hələ bir neçə il öncədən mövcud idi. AMB tərəfdən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması haqda tələbi xatırlamaq yerinə düşər. Bu, ondan irəli gəlmişdi ki, istehlak kreditləri üzrə geri ödənişlərdə borclar şişirdi. Amma çox qəribə idi ki, həm verilən kreditlər getdikcə daha çox səviyyədə geri qayıtmırdı, həm də kredit verilişi ardıcıl olaraq genişləndirilir və faizlər də artırdı.

Hazırda nə qədər qəribə olsa da, vəziyyət elədir ki, bankların kapital çatışmazlığı problemini həm də istehlak kreditlərinin verilməsi proseduralarına həmin 2014-cü ilin əvvəlindən, o cümlədən, sonradan tədbiq olunan bir sıra məhdudiyyətləri ləğv etmək yolu ilə həll etmək olar. Keçən şərhimdə də yazdım ki, AMB-nin cəmi 2%-lik uçot dərəcəsi endirimilə kredit vəsaitləri ucuzlaşa bilməz. Çünki onsuz da bizdə kreditlər üzrə mərkəzi faiz, yəni, uçot dərəcəsi kommersiya bankların təklif etdikləri kreditlərin qiymətlərinə demək olar ki, təsir etmir. Hansı ki, bu, əvvəlki dövrlərdə də belə idi, indi də... Hazırda ölkədə kreditlərə tələbat minimum səviyyədə olsa da, faiz dərəcələri yenə aşağı düşmür. Odur ki, banklar tərəfindən istehlak kreditlərinə geniş meydan açılmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: İqtisadiyyat   Banklar   Kredit  





Xəbər lenti