“Formula-1” çempionatının Mingəçevir yarışının qalibi müəyyənləşib

 “Formula-1” çempionatının Mingəçevir yarışının qalibi müəyyənləşib
  05 Mart 2018    Oxunub:2167
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” devizi altında Mingəçevirdə keçirilən simulyatorda Formula 1 yarışında 16 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Xası İsgəndərli ən sürətli nəticə göstərərək qalibiyyətə yiyələnib.
Bu barədə Bakı Şəhər Halqasından AzVision.az-a daxilolan məlumatda bildirilir.

Yarış zamanı Bakı Şəhər Halqasını 1 dəqiqə 51 saniyəyə (1:51:152) dövrə vuran X.İsgəndərli şəhər üzrə rekord nəticə əldə edərək Novruz bayramı ərəfəsində Bakıda baş tutacaq final mərhələsinə vəsiqə qazanıb.
Həyəcanlı keçən yarışdan sonra jurnalistlərin suallarını cavablandıran X.İsgəndərli qalibiyyətinə çox sevindiyini bildirib: “İlk dəfə idi ki, belə bir yarışda iştirak edirdim. Çox həyəcanlandım və ona görə bir qədər çətinliyim oldu. Həm də trekin ensiz hissələrində çox çətinlik çəkdim. Buna baxmayaraq ən sürətli göstəriciyə nail ola bildim. Çox sevincliyəm və Mingəçeviri Bakıda böyük uğurla təmsil edəcəyimə inanıram. Fürsətdən istifadə edərək yarışın təşkilatçılarına öz təşəkkürlərimi bildirirəm”.

Yuxarı siniflərin gərgin mübarizəsini yaxından izləyən şəhər sakini Elşən Əliyev bu tipli layihələrin gənclərin dünyagörüşünün artmasında vacib rol oynadığını bildirib: “Belə tədbirlərin keçirilməsi bizi çox sevindirir və biz bunu alqışlayırıq. Bu yarışlar gənclərimizi bir araya gətirərək həm onları pis vərdişlərdən uzaq edir və intellektual cəhətdən inkişaf etdirir, həm də onların dünyagörüşünü artırır”.

Qeyd edək ki, martın 3-də F1 simulyatorları Mingəçevir şəhər sakinlərinin istifadəsi üçün açıq olub. Həmçinin həmin gün şəhərin 20 tam orta məktəbinin 9-11-ci siniflərindən ibarət 200-dək məktəblisi AAF mütəxəssislərinin yol hərəkətinin təhlükəsizliyinə dair verdiyi təlimlərdə iştirak edib. Növbəti gün isə təlimə qatılmış bu məktəblilər simulyatorda F1 yarışında mübarizə aparıblar.

Çempionatın sonrakı yarış və təlimləri 6-7 mart tarixlərində Qaxda, 9-10 mart tarixlərində isə Qubada baş tutacaq. Hər iki regionda tədbirin birinci günü yuxarı sinif şagirdlərinə təlimlər keçiriləcək və eyni anda simulyatorlar yerli ictimaiyyətin istifadəsinə veriləcək.

AzVision.az



Teqlər: Formula-1  





Xəbər lenti