Qlobal ticarət müharibəsi bizə də zərbə vura bilərmi? – TƏHLİL

Qlobal ticarət müharibəsi bizə də zərbə vura bilərmi? – TƏHLİL
  13 Mart 2018    Oxunub:4063
Bu yaxınlarda ABŞ-ın fond birjalarında baş verən çöküşün növbəti qlobal böhranın yaxınlaşmaqda olduğuna aid işarə sayıla biləcəyini yazmışdım. Çünki dünya iqtisadiyyatında müəyyən müddətdən bir böhranlı vəziyyətlərin ortaya çıxması labüd sayılır. Bu, müxtəlif formalarda özünü büruzə verə bilər. Lakin istənilən halda, hər şey inkişaf etmiş ölkələrdə və yaxud onlar arasında münasibətlərdən başlayır.
Söhbət həm siyasi, həm вэ iqtisadi münasibətlərdən gedir. Bu zaman ABŞ birinci yerdə gəlir. Xatırladım ki, həmin ölkə sonuncu dəfə 2008-2009-cü illərdə tənəzzüllə üzləşmişdi. Bu zaman qlobal maliyyə və iqtisadi böhran ortaya çıxdı. Sonrakı illərdə bu tənəzzül aradan qalxdı və hazırda ABŞ iqtisadiyyatı inkişafdadır.

Ancaq sözügedən ölkədə hazırda yürüdülən proteksionist siyasət narahatlıq doğurur. Düzdür, proteksionizm milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönələn bir siyasətdir. Bu, xarici mallara yüksək gömrük tarifləri, bir sıra xarici malların idxalına məhdudiyyətlər və ya qadağalar qoymaqla, valyuta məhdudiyyəti, qeyri-tarif maneələri tətbiq etməklə həyata keçirilir.

Lakin Birləşmiş Ştatlar kimi bir ölkədə bu cür siyasətin tətbiqi bütün dünya iqtisadiyyatı üçün ciddi təhdid törədir. Belə ki, beynəlxalq ticarət müharibəsindən irili-xırdalı bütün ölkələr zərər çəkə bilər. İstehsal tormozlana, işsizlik arta, artım azala bilər. Nəticədə strateji məhsulların qiymətləri düşər. Bu baxımdan, məsələn, ABŞ-da polad və alüminium idxalına tədbiq ediləcək artıq gömrük rüsumu qərarı narazılıqla qarşılanır.

Sual yaranır ki, ABŞ-da polad ixrac edən ölkələrə 25%, alüminium idxal edən ölkələr üçün isə 10% gömrük rüsumu ödənişinin tətbiqi dünya iqtisadiyyatına necə təsir edəcək? Və bunun Azərbaycana hər hansı bir formada zərəri ola bilərmi?

ABŞ prezidenti Donald Tramp hələ seçki kampaniyası dövründə hakimiyyətə gələcəyi təqdirdə proteksionist siyasət yürüdəcəyini və “hər şey amerikalılar üçün” prinsipinə xidmət edəcəyini bəyan etmişdi. Odur ki, onun bu günlərdə polad idxalına 25, alüminiuma qarşı 10% həcmində gömrük rüsumunun tədbiq edilməsinə dair qərarı da məhz bunun nəticəsidir. Qeyd edim ki, qərar martın 23-də qüvvəyə minəcək. Ancaq təsadüfi deyil ki, bu, ilk gündən böyük narazılıqla qarşılandı.

Belə ki, həm ABŞ-ın müttəfiqi olan ölkələrdən, həm də ölkə daxilindən buna narazılıq edənlər var. Bu da təbiidir, ona görə ki, söhbət, həm bütövlükdə dünya iqtisadiyyatı, həm də ABŞ-ın özü üçün çox böyük riskli qərardan gedir. ABŞ dünyanın bir nömrəli iqtisadiyyatına malik ölkədir. Odur ki, burada səhv olan hər hansı bir qərar dərhal, bütün dünya iqtisadiyyatını "çalxalayacaq".

Bəli, Tramp özü biznes adamıdır və iqtisadiyyatı, gəlir-çıxar məsələlərini yaxşı bilir. Və bu qərarda da əsas məqsəd polad və alüminium istehsalını ölkə daxilində genişləndirməkdən ibarətdir. O, sözügedən qərarı imzalayanda da qeyd edib ki, kim artıq rüsum ödəmək istəmirsə, istehsalı gətirib ölkə daxilində təşkil etsin. Hətta əlavə etmişdi ki, yerli metal istehsalı milli təhlükəsizliklə bağlı həyati əhəmiyyətli bir məsələdir.

Yəni, ABŞ-da yeni iş yerləri açılsın, istehsal artsın, iqtisadiyyat daha da genişlənsin. Bütün bunlar da Amerika üçün əslində, çox gözəl fikirlər və yaxşı istəkdir. Ancaq iş ondadır ki, real olaraq bir çox şeylər mümkün deyil... Ən əvvəl o səbəbdən ki, ABŞ-da işçi qüvvəsi bahadır. Və bu ölkəyə adı çəkilən məhsullar boş yerə kənardan idxal olunmur. Təkcə Yaponiya ildə 2 milyon tondan artıq polad ixrac edir Amerikaya... Avropa Birliyi 5,3 milyard avrodan çox... 1,1 milyard avroluq da alüminium... Bunu qısa müddətə ABŞ-da istehsal etmək əsla mümkün deyil. Ona görə də, sözügedən qərardan həm dünya iqtisadiyyatının, həm ABŞ-ın özünün ziyan çəkəcəyi şəksizdir. Belə ki, Avropada minlərlə iş yeri bağlana bilər. İstehsal aşağı düşəcək. Dünya iqtisadiyyatı yenidən geriləyəcək.

Xatırladım ki, Avropa Birliyi ölkələrində iqtisadi artım yenicə bərpa olunmağa başlamışdı. Uzun müddət idi, Avropa iqtisadiyyatı durğunluq içində idi. Və neftin qiymətinin bir ara sürətlə ucuzlaşmasının bir səbəbi də bundan qaynaqlanırdı. Ancaq keçən ildən, daha dəqiq desəm, ondan əvvəlki ilin ikinci yarısından etibarən, vəziyyət sabitləşdi. Və iqtisadi artım qeydə alınmağa başlandı.

Təsadüfi deyil, Avropa Bankı özü bu il üçün iqtisadi artım, başqa sözlə desəm, ümumi daxili məhsul istehsalı proqnozunu bir az da qaldırıb: 2,4%... Ancaq buna rəğmən, bankın rəhbəri Mario Draqi də narahat olduğunu bildirib ki, Trampın polad və alüminium siyasəti işləri korlaya bilər. “Əgər, müttəfiqlərinə qarşı rüsum tədbiq edirsənsə, onda düşmənin kimdir?”- deyə, M.Draqi sual edib.

Sözsüz ki, Avropa Birliyi də ABŞ-ın yüngül və metal sənayesi məhsullarına, o cümlədən kənd təsərrüfatı mallarına qarşı eyni addımı ataraq artıq rüsum tədbiq etsə, vəziyyət lap qəliz şəkil alacaq. Hələ, Çini demirik. Dünya iqtisadiyyatının 2-ci nəhəngi olan adı çəkilən ölkə qlobal ticarət müharibəsindən qalib çıxmağa ən şanslı tərəfdir.

Odur ki, haqlı olaraq, sual yaranır: Ağ Ev administrasiyası görəsən, nəyə arxayındır?! Ümumiyyətlə, Tramp öz siyasətinin düzgün olduğuna əmindirmi?! Bəlkə, burada başqa məqsəd var?

Bütün bu suallara cavab olaraq, sadəcə, bir nüansa diqqət yetirmək istərdim: çox maraqlıdır ki, bir ara kəskin çöküş qeydə alınan fond birjalarında vəziyyət sabitdir. Halbuki, məntiqlə Trampın qərarından sonra eniş qeydə alınmalı idi. Amma əksinə, bəzi səhmlərdə qiymət artımı var.

Yeri gəlmişkən, 2002-ci ildə o vaxtki ABŞ prezidenti Corc Buş da polad idxalına qarşı belə bir addım atmışdı. 2003-cü ilin dekabrında isə həmin qərar ləğv edildi. Çünki fond birjalarında kəskin çöküş baş vermişdi. Ölkəmizə gəldikdə isə təkrar edirəm ki, inkişaf etmiş iri ölkələrin ticarət müharibələrindən irili-xırdalı bütün ölkələr zərər çəkir. Azərbaycanın dövlət gəlirləri isə nə qədər ki, neftdən asılıdır, bu kimi hallara görə, daha çox zərbə altında qala bilərik.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Qlobal-iqtisadiyyat   ticarət-müharibəsi   ABŞ   Tramp  





Xəbər lenti