Diplomatiya nə zaman kəşfiyyatçıya tapşırılır? Trampın gözlənilməz addımının səbəbləri – TƏHLİL

Diplomatiya nə zaman kəşfiyyatçıya tapşırılır? Trampın gözlənilməz addımının səbəbləri – TƏHLİL
  14 Mart 2018    Oxunub:8532
ABŞ-ın diplomatiya və kəşfiyyat siyasəti artıq həddindən artıq sərt xarakter almaqdadır. Belə ki, biznesmen, “Exxon Mobile” şirkətinin Direktorlar Şurasının keçmiş sədri, artıq keçmiş dövlət katibi Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Maykl Pompeo əvəz edib. Pompeonun yerini isə 2002-ci ildə Tailandda Amerika kəşfiyyatının gizli "Pişik gözü" həbsxanasında “Əl-Qaidə” üzvlərinə işgəncələrə nəzarət edən, sonradan isə dindirmənin səs yazılarını məhv etdiyi üçün xidməti uyğunsuzluğa görə işdən çıxarılan xanım Cina Hanssel əvəz edəcək.
Cina Hanssel həm də dünyanın ən güclü superdövlətinin ən qüdrətli casusluq təşkilatının başına keçən ilk qadın ola bilər. Tailanddan sonra uzun müddət Mərkəzi Kəşfiyyat İdarəsi Antiterror Mərkəzi rəhbəri qərargahının rəisi vəzifəsini tutan Hanssel 2013-cü ildə Milli Məxfi Xidmətin rəhbəri olub. Tailandda yol verdiyi nöqsanlara görə işdən çıxarılan şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin olunması ciddi məsələdir.

Maykl Pompeo isə Trampla demək olar ki, az qala düşmənçilik münasibətləri olan şəxsdir. Tramp özü kimi biznesmen olan Tillersonu istefaya göndərib, onun yerinə kəşfiyyat şefini təyin etmək qərarını, görünür ki, öz iradəsi ilə verməyib.

Trampın hakimiyyətə gəlməsindən bəri onun Administrasiyası ilə Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi arasında qızğın mübarizə gedir. Öz yaxın tərəfdarını təcili istefaya göndərməsi və yerinə Pompeonu təsdiq etməsi Prezidentə böyük təzyiqlərdən xəbər verir. Tillerson hətta Afrika səfərindən yarımçıq Vaşinqtona çağırılıb və dərhal istefaya göndərilib.

“Human Rights Watch” adları insan haqlarını kobud surətdə pozmaqda günahlandırılan hər iki şəxsin - həm Pompeonun, həm Hansselin yüksək vəzifələrə təyin olunmasına qarşı çıxıb və Senatın onları təsdiqləməyəcəyinə ümidini ifadə edib.

Trampın komandasında bu mühüm dəyişiklik onun Şimali Koreya liderilə danışıqları ərəfəsinə təsadüf edir. Fövqəldövlətin bas diplomatının baş kəşfiyyatçı olması ABŞ-ı daim hədələyən Şimali Koreyaya bir demarşdır. Eyni zamanda, kəşfiyyata rəhbərlik etmis, Vest-Pointdəki hərbi məktəbi fərqlənmə ilə bitirmiş Pompeo biznesmen Tillersondan daha sərt danışmağı bacarır və Şimali Koreyanın məxfi proqramları ilə bağlı geniş məlumatlıdır.

Bu, həm də Şimali Koreyanın yaxın qonşuları Çin və Rusiyaya qarşı demarşdır. Putinin bütün dünyaya ən son silahlarını nümayiş etdirməsindən sonra ABŞ keçmiş çekist Putinin hədələri önündə öz siyasi elitasında təcili dəyisiklik edərək, kəşfiyyatçı dövlət katibini önə verməklə, Putinin hədələrindən qorxmadığını göstərdi. Bununla da ABŞ siyasi isteblişmentində "qırğılar" "göyərçin"lərin qarşısında üstünlük qazandılar.

Eyni zamanda, Tillersonun son Yaxın Şərq səfərində onun Türkiyə ilə PKK/PYD/YPG məsələsində razılaşmalara gəlməsi, Türkiyə ordusunun Afrinin mərkəzinə çatması da Pentaqonun dərhal hərəkətə keçməsinə səbəb ola bilər. Əks halda, onun bütün Yaxın Şərq planları, Suriya-Türkiyə sərhədində öz hərbi bazalarını yerləşdirə biləcəyi muxtariyyət yaratmaq, onun Aralıq dənizinə çıxışını təmin etmək, 2019-cu ildə Türkiyədə hakimiyyəti öz xeyrinə dəyişmək planları iflasa uğramaqda idi. Artıq ABŞ-ın Türkiyəyə qarşı bundan sonra sərt siyasət yeridəcəyini söyləmək olar. Pompeo və Trampın ətrafındakı şəxslər - hərbçilər, kəşfiyyatçılar FETÖ, PKK/PYD-yə münasibətdə Ərdoğan hökumətinə qarşı çıxırlar. Vəziyyətin bundan sonra daha da gərginləşməsi mümkündür.

Vacib maraq zonası hesab etdiyi bölgələrdə - Yaxın Şərq, Uzaq Şərq, Cənubi Qafqazda yeni təhdidlərlə üzləşən ABŞ artıq xarici siyasətini kəskin şəkildə sərtləşdirir. Bir zamanlar Alen Dallesin dediyi "Kəşfiyyat o zaman işə salınır ki, diplomatiya artıq səmərəsizdir, silahlı qüvvələrin tətbiqi isə risklidir" ifadəsi bu gün belə səslənə bilər: "Kəşfiyyat şefi o zaman dövlət katibini əvəz edir ki, diplomatiya həddindən artıq zəifdir, ABŞ isə bütün mövqelərini itirə-itirə gedir".

Lakin bu dəyişikliyin daxili siyasətdə təsiri də böyük ola bilər. Hələ ötən il Haspel MKİ direktorunun müavini təyin olunanda 5 nüfuzlu senator müdafiə naziri Mettisə və MKİ direktoru Pompeoya məktub göndərərək, ABŞ-ın xüsusən ölkə hüdudlarından kənarda işgəncələrdə adının hallanmasında rolu olan bu qəddar qadının vəzifəyə təyinatından narahatlıq bildirmişdilər.

Pompeo həm də Trampın Rusiya ilə seçkiqabağı əlaqələrini araşdıran şəxslərdən biri olmuşdu və onun prezidentlə münasibəti heç də yüksək səviyyədə deyil. O, Pentaqondakı sərt siyasət yürütmək istəyənlərin tərəfindədir. İrana qarşı diplomatik təzyiqlərdən tutmuş, hərbi müdaxiləyə qədər bütün variantları masası üzərində saxlayan Pompeo "Ayətullah Maykl" ləqəbli Maykl d'Andreanı bu vəzifəyə təyin etməklə ABŞ-ın Tehran siyasətini Obamadan fərqli olaraq, daha sərt şəkildə aparacağını göstərmişdi. İranın baş prokurorunun açıqladığına görə, ötən ilin son günlərində İrandakı iğtişaşları da məhz ABŞ, İsrail və Səudiyyənin xüsusi xidmət orqanları təşkil etmişdilər.

Ehtimallardan biri isə o ola bilər ki, Tillerson istefasından cəmi bir gün əvvəl İngiltərədə Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində birbaşa Rusiyanı ittiham etmişdi. Rusiya ilə yaxşı münasibətləri olan Trampın buna istefa ilə qarşılıq verməsi ehtimalı da mümkündür. Ötən həftə Trampın Şimali Koreya rəhbərilə danışıqlar aparmaq istəyən ilk ABŞ prezident olması da Tillersonun etirazına səbəb olmuşdu.

Türkiyəni və İranı "islam diktatorluqları" adlandıran, vaxtilə Quantanamonu bağlamağa qarşı çıxan yeni dövlət katibinin dövründə ABŞ-ın Rusiya, İran və Türkiyə ilə münasibətləri gərginləşəcək. Bu isə Azərbaycanı da çətin seçim qarşısında qoya bilər. Üstəlik, Gürcüstanın ABŞ-dan uzaqlaşaraq Rusiya və İranla yaxınlaşması, Ermənistanın Avropa Birliyi, Rusiya və İranla yaxınlığı fonunda Azərbaycanın ABŞ üçün əhəmiyyəti xeyli artır.



Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: ABŞ   Tramp   Pompeo  





Xəbər lenti