`Mənə şans vermədilər` - MÜSAHİBƏ
- Son bir neçə gündə sənin milli komandamızdan imtina edərək Qırğızıstan yığmasında oynamağı üstün tutduğun barədə xəbərlər dolaşmaqdadır. Bu məsələ haqqında nə demək istərdin?
- Mən Azərbaycan milli komandasından imtina etməmişəm. Sadəcə, mənə dedilər ki, səni yığmaya çağırmayacaqlar. Məhz bundan sonra Qırğızıstan millisini seçmək məcburiyyətində qaldım, amma yenə deyirəm, mən Azərbaycan yığmasında oynamaqdan imtina etməmişəm. Bundan söhbət belə gedə bilməz.
- Milliyə çağrılmayacağını sənə kim dedi?
- Bunu mənə birbaşa deyən olmayıb, amma menecerlər vasitəsilə məlumat almışam.
- Menecerlərin sənə dediyi fikirə əsasən hərəkət etmək nə dərəcədə düzdür? Federasiya rəsmiləri və milli komandanın məşqçilər korpusu ilə bu haqda danışmaq olmazdımı?
- Bilirsiniz, təxminən iki il bundan əvvəl mən Tacikistan millisindən təklif almışdım və həmin vaxt həmin ölkənin futbol federasiyasından AFFA-ya bu barədə rəsmi məktub ünvanlanmışdı. Əgər futbol funksionerlərimiz mənim xidmətimdə maraqlı olsaydı, o vaxt mənə dəvət göndərərdilər.
- Bəlkə o zaman millidə sənə ehtiyac yox idi, amma gələcəkdə ola bilərdi
- O vaxt mən də sizin kimi düşündüyümdən Tacikistan yığmasının təklifindən imtina etdim, amma milli komandamızdan lazımi diqqəti görmədim. Ölkə hüdudlarından kənarda çıxış edən bütün legioner futbolçular milliyə dəvət alsa da, mənə bu şansı yaratmadılar. Ən azı məni hansısa seleksiya xarakterli toplanışa dəvət etmək, sınaqdan keçirmək olardı. Amma yenə də noyabr ayına qədər gözləməyi düşünürəm. Əgər o vaxta qədər də Azərbaycan seçmə komandasından dəvət almasam, Qırğızıstan millisini seçəcəm.
- Özünə qarşı biganə münasibət olduğunu desən də, əvvəllər 21 yaşlılardan ibarət milli komandamıza dəvət olunmağın başqa cür düşünməyə əsas verir. Əgər sənə qarşı qərəzli münasibət olsaydı, heç U-21-ə də dəvət olunmazdın axı
- O dönəmdə milli komandanın başında tamam fərqli adamlar durduğundan mən də olimpiya millimizə dəvət olunurdum.
- Milli komandalarımızın əcnəbi çalışdırıcılara həvalə olunmasının sənin yığmaya yolunu bağladığını düşünmürsən ki?
- Yox, belə düşünmürəm. Heç bəlkə də Berti Foqtsa mənim haqqımda məlumat verilməyib. Burda əsas iş seleksiyaçı-məşqçilərin üzərinə düşsə də, mənimlə maraqlanan yoxdur.
- Sonuncu klubun olan "Nistru"da cəmi 8 qarşılaşmada forma geymisən. Belə vəziyyətdə sənin milli komandaya çağrılmamağını normal qarşılamalı deyilimi?
- Mənim nə federasiya rəsmiləri ilə, nə də millinin məşqçiləri ilə problemim yoxdur. Demək istədiyim odur ki, məni ən azı məşq toplanışına dəvət etmək olardı.
- -Yuxarıda U-21-ə dəvət olunmağını o vaxt millidə başqa məşqçilərin çalışması ilə əlaqələndirdin. Amma maraqlıdır ki, “Kayserispor”da oynadığın dönəmdə səni olimpiya millimizə dəvət edən, ancaq sonradan oyununu bəyənməyən Şakir Qəribov haqqında da ittiham dolu fikirlər səsləndirmişdin.
- Əslində, mən Şakir Qəribovu ittiham etməmişdim. Bu daha çox ölkəmizin idman mediasının məsələni şişirtməsinin nəticəsi idi. Orda ortada tamam başqa səbəblər var idi, amma bütün bunlar mətbuata açıqlanası şeylər deyil.
- Həmin açıqlmaq istəmədiyin səbəblər bu gün milliyə dəvət olunmamağını şərtləndirə bilərmi?
- İnanmıram ki, səbəb bu olsun. Artıq baş verən həmin proseslər geridə qalıb.
- Yeni mövsümdən Litvanın "Tauras" klubunda çıxış edəcəksən. Bu klubdakı çıxışınla millinin baş məşqçisi Berti Foqtsun diqqətini çəkəcəyinə inanırsan?
- Mən mümükün qədər yaxşı oynamağa, uğurlu karyera qurmağa çalışacağam. Bundan sonrası isə tam olaraq məndən asılı deyil. Milliyə dəvət edib-etməmək barədə qərarı məşqçilər verir.
Tural Məmmədov
AzVision.az üçün
Teqlər: