Dünya ulduzu Bakıya gəlir - FOTOLAR

  16 Mart 2018    Oxunub : 2810
Dünya ulduzu Bakıya gəlir - FOTOLAR
Dünyaca məşhur müğənni Kristina Aqilera Formula 1 yarışı ərəfəsində Bakıda konsert verəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az-a verlən xəbərə görə, sonuncu onilliyin ən məşhur ifaçılarından biri olan Kristina Aqilera aprelin 28-i, şənbə günü 2018 Formula 1 Azərbaycan Qran Prisinin sıralanma turu başa çatdıqdan sonra axşam saatlarında avtoidman həvəskarlarının qarşısına çıxacaq. Ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunun axşam saatlarında keçirilən əsas konsert proqramları Bakı Kristal Zalında baş tutacaq.



Bəstəkar və aktrisa kimi də tanınan müğənni K.Aqileranın 7 albomu bütün dünyada ümumilikdə 43 milyon dəfədən çox satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən K.Aqilera indiyədək 6 “Grammy” mükafatına layiq görülüb və onun 4 mahnısı “Billboard”-ın ən çox dinlənən 100 ifası cədvəlində ilk sırada yer alıb. Bundan başqa, K.Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox əfsanəvi incəsənət adamları ilə də sıx əməkdaşlıq edib. Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Həmçinin tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi üçün xüsusi avtobuslar xidmət göstərəcək.



Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.







AzVision.az

Teqlər: Formula   Kristina-Aqilera