Ombudsman soyqırımla bağlı bəyanat yayıb

Ombudsman soyqırımla bağlı bəyanat yayıb
  16 Mart 2018    Oxunub:1493
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatından AzVision.az-a daxil olan bəyanatda deyilir:

-Azərbaycanlılara qarşı ermənilər tərəfindən 1918-ci il mart-aprel aylarında törədilmiş soyqırımından 100 il ötür. Xalqımızın məruz qaldığı qanlı faciələr sırasında bu soyqırımı özünün ağır və dəhşətli nəticələri ilə seçilir.

Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq olub. XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Həmin siyasətin qanlı tərkib hissələrindən biri də 1918-ci ildə azərbaycanlıların soyqırımı olub.

1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılıb, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbiristanlıqlar dağıdılıb.

1918-ci il 31 mart və 1-2 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil alıb, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetiriblər. Bu zaman bir çox qədim binalar, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası, ziyarətgahlar top atəşinə tutularaq dağıdılıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.

Daha sonra Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilib.

Bu hadisələr zamanı Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilib, 7000 nəfər öldürülüb. Tarixi mənbələrdə göstərildiyi kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb və yandırılıb, çoxsaylı evlər talan edilib, yüzlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilib.

Aradan uzun illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub.

Bəyanatda qeyd edilir ki, bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə edilmiş, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxmışdır. Beləliklə, təhrif edilmiş hadisələr daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və heç vaxt beynəlxalq hüquqi-siyasi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir.

31 mart qanlı hadisələrindən yalnız 80 il sonra – 26 mart 1998-ci il tarixdə Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

Ötən illər ərzində aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanıb, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübut edilib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar bu qırğınlar zamanı erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə kütləvi surətdə insanların qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu tarixi abidə ziyarət olunur.

Xüsusi qeyd olunmalıdır ki, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planı təsdiq edilib və həyata keçirilir.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit olunub. Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri genosid aktıdır.

Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib. Odur ki, bu hadisələr hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Tarix göstərib ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməmiş, dinc soydaşlarımızı qəddarlıqla kütləvi qırğına məruz qoyaraq, cinayətlərini ört-basdır etmək məqsədilə hadisələri saxtalaşdırmağa əl atıblar.

Ermənistan 1988-ci ildən başladığı növbəti etnik təmizləmə, təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt edib. Beləliklə, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, 20 min azərbaycanlının həyatına son qoyulub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulub. Bu işğal zamanı da erməni millətçiləri və terrorçuları Azərbaycanın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də soyqırımları törədiblər.

Zəbt olunmuş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha sübut edir. Lakin Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərarlara saymazyana münasibət göstərir, onları yerinə yetirmir, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, atəşkəs rejimini mütəmadi olaraq pozur, regionda sülhün bərqərar olmasına maneçilik törədir.

Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir.

Azərbaycan tərəfi bu təcavüzə son qoyulmasına, sülhün bərqərar olunmasına mütəmadi olaraq səylər göstərir. Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan edib.

Son dövrlər dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraq göstərir. Qeyd olunmalıdır ki, ABŞ-ın Nyu-York ştatının Senatı və Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart – Azərbaycanlıların Soyqırımı gününü tanıyan qətnamələr qəbul ediblər. Yeri gəlmişkən, artıq 15 dövlətin parlamentləri ermənilər tərəfindən 26 fevral 1992-ci il tarixdə törədilmiş Xocalı soyqırımını beynəlxalq hüquq normaları baxımından tanıyıb, habelə ABŞ-ın 22 ştatının qanunverici orqanlarında müvafiq qətnamələr qəbul olunub.

Bəyanatda deyilir: “Yüz il əvvəl törədilmiş həmin faciə zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad edərək, yuxarıda göstərilənləri, habelə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, 31 mart - Azərbaycanlıların soyqırımını hər bir dövlət və səlahiyyətli beynəlxalq qurum tərəfindən genosid aktı kimi ədalət naminə tanımağa, haqlı mövqeyimizi dəstəkləməyə, bu istiqamətdə həmrəyliyə və səyləri artırmağa çağırıram.

İnsanlığa qarşı törədilən bu qatı cinayətlərə genosid aktı kimi beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməli, soyqırımları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı və beynəlxalq sənədlərin tələblərinə riayət edilməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, həmçinin günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdırlar”.

Bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, qaçqınlar üzrə ali komissarına, İnsan Hüquqları Şurasına, UNICEF-ə, UNESCO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti