Elmar Məmmədyarov brazilyalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov brazilyalı həmkarı ilə görüşüb
  02 Fevral 2013    Oxunub:1932
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Braziliyanın xarici işlər naziri Antonio Patriota ilə görüşüb.
XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı perspektivləri diqqət mərkəzində olub. Tərəflər münasibətlərin inkişafı üçün mövcud geniş potensialdan yararlanmaq niyyətində olduqlarını bildiriblər. Görüş zamanı həmçinin, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Azərbaycan iqtisadiyyatının dinamik inkişafı barədə ətraflı məlumat verib.
Eyni zamanda nazir Elmar Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Azərbaycan ilə Braziliya arasında idman sahəsində mövcud olan əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin bütövlükdə gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Braziliyalı nazir Azərbaycanın enerji sahəsində olan tarixi haqqında məlumatlı olduğunu diqqətə çatdırıb və ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Nazirlər bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov braziliyalı həmkarına Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarında qalmasının davam etməsinin Ermənistanın özünə mənfi təsir göstərdiyini bildirib və Ermənistanın regional inkişafdan ciddi şəkilde geri qaldığını qeyd edib. Azərbaycanın xarici işlər naziri həmçinin, Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması münaqişənin həlli və regionun inkişafı üçün yeni imkanlar açacağını vurğulayıb.
Braziliyanın xarici işlər naziri Azərbaycanın Qafqazdakı rolunu və çox sabit ölkə olduğunu xüsusi qeyd edib.


Teqlər:





Xəbər lenti