Radikalların sayqırımı mitinqi – Təhlil (VİDEO)

Radikalların sayqırımı mitinqi – Təhlil (VİDEO)
  31 Mart 2018    Oxunub:5042
Bu gün özünü “Milli Şura” adlandıran Əli Kərimli və dəstəsi yenə də “Məhsul” stadionuna toplaşmışdılar. “Bu gün” sözünü xüsusi vurğulamaq istəyirəm, çünki bu gün - martın 31-i azərbaycanlıların soyqırımı günüdür. Və siyasətlə az-çox maraqlanan hər kəs bu gün ermənilərə etirazını bildirməli, onların xalqımıza qarşı törətdikləri vəhşilikləri dünyaya tanıtmaq üçün əlindən gələni etməlidir.
Əgər belə bir gündə mitinq keçirilirsə, o, mütləq ermənilərin əleyhinə olmalıdır; həmin aksiyada erməni qəddarlığını dünyaya tanıtmaq üçün şüarlar, çağırışlar səslənməlidir. Amma çox təəssüf ki, tərsinə oldu: radikalların bu gün keçirdikləri mitinq ermənilərin yox, həmişəki kimi Azərbaycan dövlətinin əleyhinə idi. Onların aksiyada səsləndirdikləri fikirlər eynilə erməni siyasətçi və bloqqerlərinin Azərbaycan əleyhinə işlətdikləri fikirlərə bənzəyirdi. Sanki, azərbaycanlı radikallar xalqımızın soyqırımı günündə ermənilərə mitinq hədiyyə etmişdilər. Elə buna görə də, öz mitinqləri sayqırımına uğramışdı.

Nəzəri cəhətdən budəfəki mitinqə əvvəlkilərdən daha çox adam gəlməli idi. Çünki AXCP-dən başqa, “Müsavat”, “Nida”, “Müsəlman Birliyi” hərəkatı da aksiyaya qoşulduqlarını elan etmişdilər. Amma əksinə oldu, şəkilləri müqayisə edəndə də görünür ki, bu dəfə meydançanın daha az hissəsi dolub. Özü də o dərəcədə ki, nə qədər seyrək dursalar da, bunu ört-basdır eləmək olmurdu. Elə isə, hanı bu 4 siyasi təşkilatın adamları? Molla Nəsrəddin demişkən, əgər bu, ətdirsə, onda pişik anı, pişikdirsə, ət hanı?

Düzdür, məsələnin o tərəfi var ki, bir tərəfdən baxanda, təkcə cəmiyyət yox, hətta təbiət də bu mitinqin əleyhinə idi. Görünür, havanın bir az küləkli olması ştatlı mitinq iştirakçılarının “Məhsul”a gəlmək həvəsini tamamilə öldürmüşdü. Aksiyanın məhz Azərbaycanlıların Soyqırımı Gününə təyin olunması da iştirakçıların sayının azalmasına təsir göstərmişdi. Çünki bəziləri sıravi müxalifətçi olsalar da, hər halda, başa düşüblər ki, belə bir gündə ancaq ermənilərin əleyhinə mitinq keçirmək olar, Azərbaycan dövlətinin yox! Təəssüf ki, AXCP və Müsavatın başbilənləri, daha dəqiqi, baş bilməyənləri bunu anlamaq istəməmişdilər. Hərçənd, bilmək olmaz, bəlkə də anlayıblar, amma onlar, necə deyərlər, buyruq quludurlar – pulu verən nə vaxta sifariş edibsə, mitinq də o vaxt keçirilməlidir.

Nəticədə Azərbaycan bayraqlarının göyə qaldırılmalı olduğu bir gündə əksinə oldu – bayraqlar yerdə qaldılar. Bu, hər dəfə belə olur, çünki mitinqə az adam gəldiyindən, gələnlərin çoxu isə iqtidara qarşı şüarlar yazılmış plakatlara üstünlük verdiklərindən, bayraqlarımız yerdə qalır. Bəli, hər dəfə belə olur, amma məhz bu gün gərək olmayaydı...

İndi isə bir də əsas suala qayıdaq: Niyə mitinqə bir təşkilat gələndə də, 4 təşkilat gələndə də meydandak adam sayı təxminən eyni olur? Dediyimiz aktual səbəblərdən əlavə, bunun bir fundamental nədəni də var: Çünki o təşkilatların heç biri real həyatda yoxdurlar! Onlar ancaq kağız üstündə olan adlar, feysbukdakı saxta “layk”lardan ibarətdirlər, virtual layklarla real meydanı doldurmaq isə olmaz, necə ki, olmur və olmayacaq. Meydana toplaşan o kütlə hər dəfə eyni adamlardan, daha doğrusu, “ştatlı” mitinq iştirakçılarından ibarət olur. Onların da hərəsinin öz məqsədləri var. Buna görə, çoxu heç aksiyanın sonuna qədər də qalmır, şəklini çəkdirəndən, orada olduğunu nümayiş etdirəndən sonra dağılışırlar. Elə bu dəfə təkcə Əli Kərimlinin çıxışı zamanı gözayarı qiymətləndirsək, haradasa 500 nəfər meydanı tərk etdi. Mitinqin yeganə nəticəsi isə özlərindən sonra qoyduqları zibillənmiş meydan olur.



Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Mitinq   Milli-Şura  





Xəbər lenti