Güləş və cüdo üzrə Ordu birinciliyi keçirilib

Güləş və cüdo üzrə Ordu birinciliyi keçirilib
  01 Aprel 2018    Oxunub:3535
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin idman zalında güləşin yunan-Roma, sərbəst növləri və cüdo üzrə Azərbaycan Ordusunun növbəti birinciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yarışda hərbi birləşmələri, qoşun növü və qisimlərini, hərbi təhsil müəssisələrini təmsil edən idmançılar iştirak ediblər. 231 hərbi qulluqçudan ibarət 14 komandanın iştirak etdiyi yarışları Azərbaycanın Güləş və Cüdo federasiyalarının beynəlxalq və respublika dərəcəli hakimləri idarə ediblər.

Yarışların ilk günü idmançılar yunan-Roma güləşi növündə güclərini sınamaq üçün döşək üzərinə çıxıblar. Səkkiz çəki üzrə təşkil olunan yarışda 59 kiloqramda əsgər Vüsal Məmmədov (“Bərdə”), 66 kiloqramda əsgər Murad Məmmədov (“Bərdə”), 71 kiloqramda əsgər Ramin Cəfərov (“Şəmkir”), 75 kiloqramda əsgər İbrahim Mürsəliyev (“Beylaqan”), 80 kiloqramda əsgər Röyal Muradov (“Beyləqan”), 85 kiloqramda əsgər Şəmistan Quluzadə (“Şəmkir”), 98 kiloqramda əsgər İslam Abbasov (“Bərdə”), 130 kiloqramda kiçik çavuş Faiq Surxayev (“Sülhməramlı”) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda hesabında qələbəni “Bərdə” komandası qazanıb. İkinci yerə “Şəmkir”, 3-cü yerə isə “Beyləqan” komandası çıxıb. İkinci qrup üzrə isə “Sülhməramlılar” komandası qalib gəlib.

Sərbəst güləş üzrə ordu birinciliyində də 8 çəki dərəcəsi üzrə hərbçi-idmançılar güclərini sınayıblar. Birincilikdə 57 kiloqram çəkidə leytenant Paşa Paşayev (“Bərdə”), 61 kiloqramda çavuş Nicat Musayev (“HHQ”), 65 kiloqramda əsgər Orxan İsmayılov (“Beyləqan”), 70 kiloqramda əsgər Fərrux Əliyev (“Beyləqan”), 74 kiloqramda əsgər Cahid Həsənzadə (“Bərdə”), 86 kiloqramda əsgər Sənan Vəlizadə (“Bakı”), 97 kiloqramda Süleyman Mehdiyev (“Şəmkir”), 125 kiloqramda isə kapitan Emin Qasımov (HHQ) qızıl medallara layiq görülüblər. Xal hesabına görə “Beyləqan” komandası birinci, “Bərdə” komandası ikinci, “Bakı” komandası üçüncü olub. İkinci qrup üzrə “Artilleriya” komandası qalib gəlib.

Cüdo üzrə Ordu birinciliyində idmançılar 7 çəki dərəcəsində güclərini sınayıblar. Keçirilən görüşlərdə 60 kiloqram çəkidə əsgər Mehdi Zeynalov (“Bərdə”), 66 kiloqramda əsgər Əflani Qardaşxanzadə (“Şəmkir”), 73 kiloqramda əsgər Çingiz Əhmədov (“Artilleriya”), 81 kiloqramda əsgər Ramin Məməliyev (“Bakı”), 90 kiloqramda əsgər Tural Mirzağayev (“Bərdə”), 100 kiloqramda əsgər Elşən Əfəndiyev (“Bərdə”), 100 kiloqramdan artıq çəki dərəcəsində əsgər Fərrux Qubadov (“Bakı”) birinci yerlərə layiq görülüblər. Hesabında olan xallara görə birinci yeri “Bərdə” komandası, ikinci yeri “Bakı” komandası, üçüncü yeri isə “Şəmkir” komandası tutub.

Yarışların yekununda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Güləş   Yarış  





Xəbər lenti