“İdmançılar mütləq İlham Əliyevə səs verəcəklər” - Olimpiya çempionu

“İdmançılar mütləq İlham Əliyevə səs verəcəklər” - Olimpiya çempionu
  04 Aprel 2018    Oxunub:3314
“Müstəqil Azərbaycan idmançılarının ölkəmizin həyatında mühüm hadisə olan prezident seçkilərində fəal vətəndaş mövqeyi nümayiş etdirməməyə və son 15 ildə Azərbaycanın ünvanına saysız-hesabsız qələbələr gətirən dövlət başçımız, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin namizədliyini dəstəkləməməyə, sadəcə, mənəvi haqları yoxdur”
AzVision.az-ın məlumatına görə, bu fikirləri Sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. T.Əsgərov bildirib ki, idman daimi diqqət və qayğı tələb edən bir sahədir, burada hansısa ritorikalarla uğurlu nəticələrə nail olmaq mümkün deyil. Bu mənada idmançılarımızın öz potensiallarını artırmalarında, nüfuzlu beynəlxalq yarışlara qatılmaq imkanları əldə etmələrində, qələbələr qazanmalarında, bütövlükdə respublikada idmanın inkişafında İlham Əliyevin müstəsna xidmətləri vardır.

“Mənim yaşım Azərbaycanın müstəqilliyinin yaşı ilə üst-üstə düşür. Mən özümü dərk edəndən, idmanda ilk addımlarımı atmağa başlayandan İlham Əliyevin həm dövlət başçısı, həm də MOK-un prezidenti kimi ölkədə idmanın inkişafına göstərdiyi böyük qayğının şahidi olmuşam. Çoxminli idmançılar ordusu adından deyə bilərəm ki, biz onun simasında özümüzün böyük dostumuzu tapmışıq. İlham Əliyev daim respublikamızda idmanın inkişafına yönələn yeni təşəbbüslərlə çıxış edir. Məndən daha yaşlı idmançılar etiraf edirlər ki, Azərbaycan idmanında keyfiyyətcə yeni inkişaf mərhələsi İlham Əliyev 1997-ci ildə MOK-un prezidenti seçildikdən sonra başlayıb. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. Azərbaycanda idmana üz tutan gənclərin sayı sürətlə artmağa başlayıb. Bu gün ölkəmizdə idman dövlət tərəfindən ən çox qayğı ilə əhatə olunmuş sahələrdən biridir, desəm, əsl həqiqəti ifadə etmiş olaram. Dövlətimizin başçısının müstəsna qayğısı sayəsində idmançılar cəmiyyətin sayılıb-seçilən üzvlərinə çevriliblər. Olimpiadalarda, digər mötəbər yarışlarda qələbələr qazanan, dünyanın nüfuzlu arenalarında Azərbaycan bayrağının qaldırılmasına, himnimizin səsləndirilməsinə nail olan idmançılar dünyanın heç bir ölkəsində rast gəlinməyən böyük qayğı və diqqətlə əhatə olunurlar”, - Olimpiya çempionu bildirib.

T.Əsgərov vurğulayıb ki, idmançılar seçkilərdə mütləq İlham Əliyevə səs verəcəklər: “Hər yerdə də Azərbaycanı şərəflə təmsil etməyə çalışmışam. Son illərdə olimpiadalarda, dünya miqyaslı çempionatlarda medallar qazanan bütün idmançılar kimi, mən də karyeramdakı uğurlara görə dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevə minnətdaram. Bilirsinizmi, dövlət qayğısı, prezident səviyyəsində diqqət göstərilməsi idmançı üçün böyük stimuldur. London Olimpiadasındakı qələbədən sonra Prezident İlham Əliyevin mənə telefon açması, mənə təbriklər ünvanlaması həyatımın ən unudulmaz anları kimi yaddaşıma yazılıb. Dövlət başçısı məni ömürlük Prezident təqaüdünə layiq görüb. Müxtəlif illərdə "Şöhrət" ordeni və digər yüksək təltiflərə layiq görülmüşəm.
Bunlar gənc idmançının karyerasının ayrı-ayrı məqamlarıdır. Ölkəmizdə bütün idmançılar belə yüksək qayğı ilə əhatə olunublar. Yuxarıda vurğuladığım kimi, buradan da biz idmançıların seçimi formalaşıb. Biz istəyirik ki, respublikamızda idmanın inkişafına göstərilən qayğı siyasəti davam etdirilsin. Buna görə də biz idmançılar seçkilərdə mütləq İlham Əliyevə səs verəcəyik. Bu, bizim dəyişməz, qəti seçimimizdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti