General Mayis Bərxudarov: “Lələtəpədən Zəngilana gedən yolu nəzarətdə saxlayırıq” (MÜSAHİBƏ)

General Mayis Bərxudarov: “Lələtəpədən Zəngilana gedən yolu nəzarətdə saxlayırıq” (MÜSAHİBƏ)
  05 Aprel 2018    Oxunub:31409
“Döyüşlərdən öncə digər istiqamətdə Lələtəpə yüksəkliyinə qədər olan ərazini görürdük, lakin geri bölgəni görə bilmirdik. Amma bu gün Lələtəpədən duraraq Cəbrayıl rayonunu, Qubadlının bəzi dağlarını, hətta Zəngilana gedən yolu – böyük əməliyyat sahəsini - atəşin təsir edə biləcəyi sahəni nəzarətimizdə saxlaya bilirik. Bu isə ondan xəbər verir ki, gələcək əməliyyatlarda düşmənin hansısa fəaliyyəti olacaqsa, artıq düşmən dərinlikdən irəliləməyə başlayarsa, biz onu zamanında aşkar edib təsir göstərə biləcəyik”.
Azərbaycan Ordusunun Birlik komandiri general-mayor Mayis Bərxudarov Ordu.az-a müsahibə verib. AzVision.az həmin müsahibəni oxucularına təqdim edir.

- Cənab general, Aprel döyüşlərindən öncəki vəziyyəti oxucularımız üçün yığcam şəkildə də olsa, təsvir etməyinizi istərdim. Yəni düşmən Cəbrayıl, yaxud Füzuli istiqamətlərində nə kimi möhkəmləndirmə tədbirləri həyata keçirmişdi?

- Ümumiyyətlə, bilirsiniz ki, hər bir döyüş əməliyyatından öncə düşmən tərəfdə hansısa tədbirlər həyata keçirilir. Bu dəfə də düşmənin hazırlıq tədbirlərini, müəyyən texnikaların gətirilməsi və düzədilməsini, özləri üçün müşahidələrin artmasını - fəallığı hiss eləmişdik. Biz öz hazırlığımızı istənilən halda hər zaman görürük. Bunu öncədən aşkar etmişdik, ona görə də bütün hazılıqları görmüşdük. Belə deyək, düşmənin hər fəaliyyətini izləmək üçün yetəri qədər avadanlığımız var. İstər gecə, istərsə də gündüz – günün istənilən saatında düşməni izləməyə qadirik. Ümumilikdə, öncədən ermənilərin hücuma keçəcəyini hiss etmişdik, bu səbəbdən tamamilə hazır idik.

Əlbəttə, bizim də hər istiqamətdə istədiymiz anda tətbiq edəcəyimiz döyüş texnikanmız, şəxsi heyətimiz, qüvvəmiz, silahımız da var idi. Biz bunu əsas tutaraq arxayın şəkildə onları qarşılamağa hazır olduq. Əslində, düşmən özü bizə qarşı gəlməyə başladı və biz də ona yetəri qədər cavab verdik.

- Ümumiyyətlə, bu istiqamətdə ordumuzun daha öncə əks-hücum əməliyatları həyata keçirilib. Təbii ki, sualım Horadiz əməliyyatından sonra baş verənlərə aiddir. Maraqlıdır, aprel döyüşlərindən öncəki dövrdə düşmənin təxribatçı hücumlarının qarşısını almaq üçün hansı əks-hücum əməliyyatları həyata keçirilib?

- Horadiz əməliyyatından sonra, genişmiqyaslı hücumlar olmayıb. Düşmən bir neçə dəfə bizim postlara soxulmağa çalışıb. Snayper fəaliyyəti, bir anda bir neçə nöqtədən iriçaplı pulemyotların atışı, artilleriya atəşi ilə qarşılıqlı müəyyən döyüşlərmiz olub, amma bu, o deyildi. Bu dəfə onların niyyəti tamam başqa idi. Bu dəfə düşmənin niyyəti, bəlkə də, bizim gözümüzü qorxutmaq idi. Lakin tam əksinə oldu.

- Düşmən təxribatlara əl atarkən ilkin döyüş faliyyətiniz, planlaşdırmanız hansı isdiqamətdə olub? Ümumiyyətlə, cənub istiqamətində döyüşün planlı şəkildə mərhələlərini təsvir edə bilərsinizmi?

- Belə deyək, əlbəttə ki, bir neçə gün öncə onların fəaliyyətini, hazırlıqlarını görəndə müəyyən mənada hücum gözləyirdik, lakin düşmən hücumunun belə qəfil olacağını gözləmirdik. Onların qəfil fəaliyyətini hiss edən kimi biz də onlara qarşı öz tədbirlərimizi görməyə başladıq.

Söz yox ki, birinci gələn düşməni məhv etmək lazımdır. Onu məhv edəndən sonra isə hücumların qarşısını almaq və düşmənin məhv edilməsi prosesini davam etdirmək labüddür. Bunun üçün orada xüsusi qruplaşma yaratdıq. Elə bölmələrin özündə. Xüsusi olaraq başqa bir qüvvə aparmadıq. Elə orada həmin an mövcud olan qüvvələrdən qruplar yaratdıq və onları yerinə oturtduqdan sonra düşmənin gözləmədiyi anda hücuma keçərək səngərlərinə girdik. Səngərdə eyni vaxtda bütün bu qarışıqlıq içərisində fəaliyyət göstərə bilmək üçün çox yüksək peşəkarlıq tələb olunur. Burada tapşırıqlar yerinə siqnalla yetirilir. Eyni vaxtda düşmənin səngərini ələ keçirməymiz və onların səngərdə olan bütün qüvvələrini məhv etməyimiz, onların geri çəkilməyə çalışan qüvvələrini məhv etməyimiz və qısa bir vaxtda Lələtəpə yüksəkliyi ilə onun ətrafındakı yüksəkliklərdə artıq bizim bölmələrimizin orada olması düşmənin döyüş əzmini tamamilə qırdı. Paralel olaraq digər istiqamətdə, belə deyək, cəbhənin sağ cinahından döyüş texnikasının çox az miqdarının irəli yürüdülməsi ilə düşmənin artıq beli qırıldı. Ermənilər qaçamağa üz qoydular. Doğrudur, biz geri çəkilməyə çalışan düşmənə qarşı lazım olan bütün tədbirləri həyata keçirdik. Nəticədə əlverişli həddi ələ keçirdik, sübut elədik ki, bu döyüş belə aparılır - bunu hansı mərhələlərlə yerinə yetirmək olar. Hazırlaşdıq, göstərdik və lazım olan yerə çıxdıq.

- Düşmənin həmin gün bütün cəbhə boyu təxribatçı hücuma keçməsi nəyə hesablanmışdı? Yəni düşmən sadəcə hücum həyata keçirib geri qayıtmaq istəyirdi, yoxsa psixoloji təzyiq yaratmaq onlar üçün daha vacib idi?

- Düşmənin hücuma keçdiyi ərazi elə bir xüsusiyyətə malikdir ki, onlar öz niyyətlərinə nail ola bilsəydilər, artıq bu gün bizim Cocuq Mərcanlı kəndində yaşayış ola bilməzdi. Qazaxlar kəndində yaşayış ola bilməzdi. Horadiz qəsəbəsi tam şəkildə atəş altında ola bilərdi. Ümumiyyətlə, düşmənə görə, sağ cinahda onların irəliləməsi bizim çox böyük ərazimizin düşmənin nəzarəti altında qalması ilə nəticələnə bilərdi. Lakin bunun tam əksi oldu. Biz Lələtəpəni azad etdik. Bu gün həm Cocuq Mərcanlıda insanlar rahat yaşaya bilir, həm əkin sahələrində əkin əkə bilir, maldarlıqla məşğul olur, həm də uşaqlar rahat şəkildə məktəbə gedə bilirlər. Artıq düşmənin daha öncə dinc sakinlərə atəş açmaq imkanı olduğu yerlər bizdədir.

Bu əməliyyat çox böyük əhəmiyyət daşıyırdı. Düşmənin niyyəti böyük idi. Yəni sadəcə bir neçə əsgərimizi öldürüb geri çəkilməyi planlaşdırmırdı. Onlar bir sıra yüksəklikləri tutmaq istəyirdilər.



- Lələtəpə istiqamətində baş verən döyüşlər qısa mütdətli görsənsə də, təbii ki, Lələtəpənin mahiyyəti ümumiyyətlə bu şəkildə xarakterizə edilməməlidir. Sizin fikrinizcə, Lələtəpənin azad edilməsi ilə ön cəbhə üçün nə kimi imkanlar açıldı?

- Düşmənin Lələtəpə yüksəkliyinə qədər gəlib çıxdığı Birinci Qarabağ Müharibəsindən bəri bir neçə dəfə Lələtəpə, bizim ordu tərəfindən azad edilsə də, orada möhkəmlənə bilmədik. Çünki düşmən cinahlardan daha əlverişli mövqelərə sahib idi və onlar məhz bir hadisə əsasında mif yaratmışdılar ki, guya müdafiə zolaqları yarılmazdır. “Ohanyan müdafiəsi” – ermənilər onu arxadan da, sağdan da, soldan da qoruyurdu. Elə bir mif yaratmışdılar ki, özləri də buna inanmışdılar və belə deyək, ətrafı da öz rəvayətlərinə inandırmağa çalışırdılar. Biz Lələtəpəni və sol cinahı azad etdikdən, mövqelərimizi möhkəmləndirdikdən sonra düşmən bu əraziləri bir də qaytaracağını düşünürdü.

Onlar təlaş içərisində yenidən növbəti hücuma keçdikdə qüvvələrimiz qarşısında tab gətirə bilmədilər. Əvvəlcə onların döyüş texnikasını döyüş meydanında məhv edib sıradan çıxardıq, sonra isə canlı qüvvəsini məhv məhv elədik. Artıq bundan sonra düşmən ayıldı ki, yüksəkliyi növbəti dəfə geri qaytarmaq mümkünsüzdür.

Qısa bir vaxtda orada bərkidik, möhkəmləndik, bütün ərazini nəzarətə gətirdik. Döyüşlərdən öncə digər istiqamətdə Lələtəpə yüksəkliyinə qədər olan ərazini görürdük, lakin geri bölgəni görə bilmirdik. Amma bu gün Lələtəpədən duraraq Cəbrayıl rayonunu, Qubadlının bəzi dağlarını, hətta Zəngilana gedən yolu – böyük əməliyyat sahəsini - atəşin təsir edə biləcəyi sahəni nəzarətimizdə saxlaya bilirik. Bu isə ondan xəbər verir ki, gələcək əməliyyatlarda düşmənin hansısa fəaliyyəti olacaqsa, artıq düşmən dərinlikdən irəlləməyə başlayarsa, biz onu zamanında aşkar edib təsir göstərə biləcəyik.

- Bu gün cəmiyyət həqiqətən də dediyiniz kimi, Lələtəpənin azad edilməsini Fizuliyə, yaxud Cəbrayıla açılan qapı kimi dəyərləndirir. Sizin fikrinizcə, növbəti əməliyyatlar zamanı düşmən nə kimi itkilər verə bilər? Yəni cənub istiqamətində təxribat əməliyyatlarının keçiriləcəyi təqdirdə ümumi olaraq onlar hansı itkilərə məruz qalacaq?

- Bir söz deyə bilərəm ki, növbəti döyüş əməliyyatlarında düşmən canlı qüvvə də itirəcək, texnika da və biz torpaqları qeri qaytaracağıq. Bunu mən əminliklə deyə bilərəm. Cənab Prezidentin qayğısı Aprel döyüşlərindən sonra bölgədə bir neçə dəfə üstünlüyə malik olmağımız və gələcək döyüş üçün vacib olacaq bütün silah-sursatın, texnikanın bizə verilməsi ondan xəbər verir ki, biz hər dəqiqə, hər an bunu müəvəffəqiyyətlə yerinə yetirməyə qadirik.

Düşmən bu gün bizimlə heç cür müqayisə olunacaq səviyyədə deyil. İstər canlı qüvvəsi, istər texnikası, istərsə də silah-sursatı müqayisə olunacaq səviyyəyə malik deyil. Onların resursları yoxdur. Özləri də bunu hiss edirlər və ilk səhv addımı atacaqları təqdirdə başlarına hansı oyunun gələcəyini çox yaxşı bilirlər.

- Cəmiyyətədə ümumi şəkildə bir çox fikirlər səsləndirilir. İstərdim ki, bu fikirlərə, suallara bir cavab vərəsiniz. Cəmiyyət daxilində mənfi fikirli şəxslər var ki, bu gün Lələtəpənin azad edilməsini bir təpənin ələ keçilirməsi kimi qələmə verməyə çalışır. Ümumiyyətlə, belə şəxslərə hansı tutarlı cavabı verərdiniz?

- Bu, düzgün fikir deyil. Bu fikri səsləndirənlər dövləti, ordunu, cəmiyyəti sevməyən insanlardır. Bizim orada – Lələtəpənin azad edilməsində şəhidlərimiz olub. Bu kimi fikirlər şəhidlərin ruhuna toxunur, onların ailələrinə qarşı hörmətsizlik əlamətidir.



Bizim orada qazilərimiz olub. Bizim üçün torpağın hər qarışı qızıldır və biz orada geniş bir ərazini düşmən tapdağından azad etmişik. Daha öncə qeyd etdiyim kimi, ora elə bir ərazidir ki, gələcək döyüş əməliyatlar üçün geniş bir səhə açır. Bu bir. İkinci tərəfdən biz bu müddət - 25 il ərzində elə bir uğur əldə etmişik ki, inanın bu, uşaqdan tutmuş bütün yaşlı insanlara qədər, qadınlara qədər qürurla yaşamağımıza səbəb olub. Cənab Prezident səbəbsiz yerə demir ki, aprel döyüşləri bizim şanlı qələbəmizdir.

Aprel döyüşlərini dərsliklərə salırlar. Bizim övladlarımız bundan istifadə edəcəklər, buradakı qəhrəmanları tanıyacaqlar. Buradakı şəhidlərin fədakarlığını görəcəklər. Digər tərəfdən isə bu, müharibədir. Bu gün biz Lələtəpə və onun ətrafını azad etmişik, növbəti dəfə ondan da böyük yüksəklikləri azad edəcəyik. Artıq Lələtəpə tarixə çevriləcək. Bir başqa gün isə biz bu torpaqları işğaldan azad edəcəyik. Bunun başqa yolu yoxdur. Başqa çıxış yolu yoxdur. Cənab Prezidentin komandanlığı ilə biz bu tapşırıqları müvəffəqiyyətlə yerinə yetirəcəyik. Lakin Lələtəpənin geri qaytarılmasını uğur kimi qiymətləndirməsək, buna sevinməsək, bunu dəyərləndirməsək, növbəti döyüşə neçə hazırlaşa bilərik?

Bu uğuru qiymətləndirməyən insanları o təpə uğrunda döyüşən 18 yaşlı əsgərlə qarşılaşdırmaq, söhbətlərini təmin etmək lazımdır. Qoy onların hansı hisslər keçirdiklərini eşitsinlər, duymağa çalışsınlar. Bundan sonra yenə eyni mövqedə qalmaq artıq mümkün olmayacaq, axı həqiqətən də Lələtəpədə nəzarətin ələ keçirilməsi kiçik qələbə deyil.

- Bir çox analitik mərkəzlər yayda Qarabağda müharibənin yenidən qızışacağını bildirir. Düşmən də öz cəmiyyəti daxilində bu tipli psixoloji imformasiyalar formalaşdırır. Sizcə, yayda – artıq saylı aylardan sonra həqiqətən belə bir əməliyytalar yetişə bilərmi? Bu, mümkündürmü?

- Biz hər an, hər dəqiqə hazırıq. Bunun yaya, qışa heç bir dəxli yoxdur. Təbii, müharibə iki tərəflidir. Hər fəslin müəyyən çətinlikləri var. O cümlədən, əgər hücum üçün çətinlik varsa, müdafiə üçün də çətinlik var. Yəni bu, tərəflərdən biri üçün deyil, hər iki tərəf üçün çətinliklər yaradır.

Öncə də qeyd etdiyim kimi, hər şey Ali Baş Komandanımızın verdiyi qərardan asılıdır. Əsas odur ki, bizim ordu bu dəqiqə hər an qızıl quş kimi irəli doğru şığımağa hazırdır. Önəmli olan bu deyilmi?! Hansı saniyə, hansı an desələr, biz bunu yerinə yetirəcəyik. Bunu əminliklə deyə bilərəm.

- Cənab general, danışıqlar çərçivəsində düşmənin istər hərbi, istər siyasi kadrları, məsələn, Serj Sarkisyan müdafiə naziri olarkən "Ağdam bizim torpağımız deyil" kimi ifadələr işlədib. Yəni düşmən cənubdan daha çox şimala köklənib. Onlar Dağlıq Qarabağın tanınması fonunda, kompensasiya kimi cənub bölgələrin qaytarılması üzərində düşünürlər. Bu, bir neçə dəfə rəsmi şəkildə səsləndirilib. Təbii ki, bu, qəbuledilməzdir. Sizcə, düşmənin cənub isdiqamətindən şimal isdiqamətinə daha çox artilleriya və texnika yerləşdirilməsi nəyə hesablanıb? Ümumilikdə, düşmənin yeni strategiyası nədən ibarətdir?

- Belə deyək, ümumiyyətlə onların bir neçə dəfə bu fikri səsləndirmələrinə baxmayaraq, biz hərbi yöndən bu siyasətə müdaxilə etmirik. Yalnız bundan əminəm ki, bu, bir faktır. Tarix də bunu göstərir. Qarabağ tarixən Azərbaycanındır, Azərbaycana məxsusdur. Biz onu Cənuba, Şimala bölmürük. Ola bilər ki, düşmən öz fikrində Dağlıq Qarabağın keçmiş SSRİ-də olan sərhədlərini nəzərdə tutur və ən azından həmin ərazini son anda əlində saxlamaq barədə düşünür. Bu isə qorxaqlıqdır. Amma düşmən bilsin ki, biz bununla barışmayacağıq, bizim üçün köhnə Sovet İttifaqı xəritəsində olan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi belə mövcud deyil. Bizim sərhədimiz Qarabağ da daxil olmaqla ona bitişik olan bütün rayonlardır. Bütün bu torpaqlar Azərbaycandır, Azərbaycanındır.

- Hazırda ordumuzun döyüş hazırlığı çox yüksək səviyədədir. Buna şübhə yoxdur. Lakin düşmən tərəf öz cəmiyyətini sakitləşdirmək üçün miflər formalaşdırır. Məsələn, “Xalq-ordu” lahiyəsi, "Mənəm" lahiyəsi tipli hərbi layihələr bunun bariz nümunəsidir. Belə deyək, hərbi-kriminal rejim tərəfindən Ermənistanın hərbiləşdirilməsi, hər şəxsin orduya kömək etməsi və sairə kimi layihələr irəli sürülür. Təbii ki, erməni cəmiyyətinin bir çox hissəsi buna qarşıdır və etirazlar edir. Çünki onların əmək haqqlarından ordunun xeyrinə icbari ödənişlər tutulur. Bu prizmadan baxsaq, düşmən ordusunu Azərbaycan Ordusunun qarşısında hansı şəkildə qiymətləndirirsiniz?

- Ermənilərin də içərisində ağıllı fikir söyləyənlər var. Əslində bu ağıllı fikirlər bütün hallarda bizim xeyrimizədir. Onlar özləri də deyirlər ki, biz Azərbaycanın qarşısında heç bir şəkildə dura bilmərik. İnanırsınız, bu gün İrəvanın mərkəzinə qədər vurmağa qadir ağır artilleriyamız var. Xankəndini də vura bilirik, Şuşanı da – düşməndə olan torpaqların hər nöqtəsinə zərbə endirə bilərik. Düşmənin yalnız “İsgəndər”i var. Hərçənd heç onun da ona məxsus olub-olmaması bəlli deyil. Düşmən ordusunun ondan istifadə etməyi bacarıb-bacarmaması da ayrı sualdır. Amma düşmən elə sürpriz silahlarla qarşılaşacaq, Azərbaycanın elə gücü ilə qarşılaşacaq ki, inanın, o həmin ağıllı adamlar qalxıb nə vaxtsa bu barədə xəbərdarlıq etdiklərini dilə gətirəcəklər.

Cənab Prezidentin birinci komandasında onlar tamamilə başqa, sürpriz silahlarla qarşılaşacaqlar. Onda düşmən artıq nəinki Qarabağdan, İrəvandan da qaçmağa üz tutacaq. Bunun başqa bir alternativi mövcud deyil.

- Cənab general, bu gün Qarabağ münaqişəsi çox fərqli mərhələyə qədəm qoyub. Ermənistan Rusiyadan aldığı silahları psixoloji olaraq öz cəmiyyəti daxilində reklam edir və bu kimi vasitələrdən Azərbaycana qarşı istifadə edir. Ümumiyyətlə, Qarabağda əslində, psixoloji müharibə anlayışı yaranıb…

- Düşmən ordusu ilə bağlı maraqlı faktlar var. Onlar üçün utandırıcı haldır ki, bu gün erməni lobbisi onlara sanitar maşınlar göndərir – köhnə tipli maşınlar - QAZ 66-lar göndərirlər, sonra da onlar bunu bütün cəmiyyətə təqdim edərək iddia edir ki, bizim ordumuzun gücü var. Amma biz artıq bunlardan isdifadə etmirik. Bizim ordumuz ən müasir vasitələrlə təchiz edilib. Bu gün onlar 10-20 ədəd avtomobil texnikası almaqla bunu bütün Ermənistana reklam edirlər ki, ordumuz güclənir.



Düşmən bizim hansı gücə, hansı silahlara malik olduğumuzu da bilir. Sadəcə düşmənin rəhbərliyi xalqı sakitləşdirmək üçün bu siyasəti həyata keçirmək məcburiyyətindədir, hərçənd heç bu da həmişə uğurlu olmur.

Gəlin adi bir faktı götürək. Azərbaycanda hərbi xidmətə hərbçinin yola salındığı hər evdə toy-bayram olur. Lakin Ermənistanda bütün analar, bütün valideynlər uşaqlarını ordudan yayındırmağa çalışırlar. Heç kim övladının gedib Qarabağda xidmət etməsini istəmir. Ya xidmətə qədər əsgəri aradan çıxarırlar, ya da xidmətdən sonra hansı yolla olur olsun, onu Ermənistandan uzaqlaşdırırlar. Çünki bilirlər, gec-tez Azərbaycan ordusu öz sözünü deyəcək. Azərbaycan ordusu onları Qarabağda başqasının torpağında qurduqları evlərində qarşılayacaq. Bu, reallıqdır.

- Mən şəxsən sizin Lələtəpə istiqamətində tankın üzərinə çıxmaqla ordunu irəliyə apardığınızı eşitmişəm. Bəs gələcək əməliyyatlarda hansı ruhlandırıcı tədbirlər görməyi fikirləşirsiniz? Sirr deyil ki, həmin anda sizin tankın üzərində ordunu döyüşə aparmağınız həm sıravi əsgəri, həm də zabitləri daha da ruhlandırıb. Bu, qürurverici addımdır.

- Bu bir qədər də bizim 25 il böyük həsrətlə müharibə gözləməyimizlə bağlıdır. Müharibənin başlaması ilə mən və tabeliyimdə olan bütün əsgərlər üçün çoxdandır gözlədiyimiz anın yetişdiyini anladıq. Biz həmin anda torpağı işğaldan azad etmək, düşməni məhv etmək barədə düşünürdük.

Çünki biz artıq canımızı dişimizə tutmuşduq. Səbrsizliklə bu anı gözləyirdik. Bu, illərin həsrəti idi. Sevindiricidir ki, biz bunu edirik. Əlbəttə, əsgər öz komandirini yanında görəndə daha da ruhlanır, daha da urəklənir.

Sizi əmin edirəm, növbəti döyüşlərdə bizim zabitlər daha böyük qəhrəmanlıqlar nümayiş etdirəcəklər. Azərbaycan Ordusu bu gün elə bir səviyyədədir ki, hər bir əsgər birbaşa Cənab Prezidentin, Müdafiə nazirinin ona qayğısını görür, hiss edir. Əsgərlər unutmurlar ki, hətta şəhid olsalar belə, onların qiyməti var, dəyəri var, Azərbaycan üçün onların gələcəyi var. Ona görə də əsgərlər bizə inanır, biz isə əsgərlərimizə inanırıq və hamımız birlikdə Cənab Prezidentə və müdafiə nazirinə inanırıq.

Birinci komanda ilə döyüş tapşırığını yerinə yetirməyə hazırıq. Biz şəhidlərimizin qisasını almalıyıq. Bu qanlar yerdə qalmamalıdır. Torpaqlarımızı işğaldan azad edəcəyimiz günü görməyə ümidvarıq.

Belə deyək, ünvanladığınız bütün sualların cavabı o anlardadır. Bu gün düşmən hakimiyyətində olan mafiya nümayəndələri imkan vermirlər ki, Azərbaycan öz torpaqlarını azad edib, azad, firavan yaşasın. Biz bunu qısa bir vaxtda həyata keçirəcəyik. Bundan əminəm. Əsgərlərimizin də, zabitlərimizin də, komandirlərmizin də psixoloji hazırlığı yüksəkdir. Hətta cəmiyyət belə bu gün ordunu o qədər sevir, o qədər orduya yaxındır ki, biz onlardan daima mənəvi dəstək alırıq.



Teqlər: Mayis-Bərxudarov  





Xəbər lenti