Burada 200-ə yaxın kimsəsiz gənc yaşayır - “Məzun evi”ndən REPORTAJ (VİDEO+FOTOLAR)

Burada 200-ə yaxın kimsəsiz gənc yaşayır - “Məzun evi”ndən REPORTAJ (VİDEO+FOTOLAR)
  21 Aprel 2018    Oxunub:22777
Kimsəsizlik sanki onların taleyinə yazılıb. Uşaq yaşlarından çıxdıqları çətin yolda dəstək verən nə valideynləri vardı, nə də yıxılanda əllərindən tutub qaldıran doğmaları. Onlara dövlət sahib çıxdı. Böyüdülər, təhsil aldılar, bəziləri isə artıq ailə həyatı qurub. Söhbət “Məzun evi”nin sakinlərindən gedir...


2015-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə başlanılıb. Hazırda Abşeron rayonunun Masazır qəsəbəsində tikilən iki binada 200-ə yaxın gənc qalır. Burada yaşayan gənclərin artıq 70 nəfəri ailə həyatı qurub. Onların evlərində 72 uşaq böyüyür.



Maştağada internat evində böyüyən Ramidə Fətullayeva 2015-ci ildə "Məzun evi"nə ilk köçənlərdəndir. Ailə qurduğu İgid Fətullayev “Məzun evi”nin liftyoru işləyir. Yeni mənzillərinə köçdükdən sonra dünyaya gələn övladları Yusif və Ruqeyya onların ən böyük sevincidir.



Ramidə Fətullayeva deyir ki, onu və bacı-qardaşını dayısı saxlayıb. “Lakin bir müddətdən sonra baxmağa imkanı olmadığı üçün bizi Bakıda Maştağadakı internat evinə qoydu. İnternat evindən çıxandan sonra Bakıda dayımgildə qaldım. Orada elə qonşuluqda yaşayan İgidlə qarşılaşdım. 2014-cu ildə ailə qurduq. Onda kirayə qalırdıq. Lakin belə bir layihənin olduğunu biləndə sənədlərimizi təqdim etdik, bizə ev verdilər. Hər şey bir anın içində oldu, özümüz də buna inanmırdıq. Mənim kimi bacım və qardaşım da “Məzun evi”nin sakinləridir”.



İgid Fətullayev: "Özüm ustayam, parket vururdum, elektrik işləri görürdüm, servisdə də işləmişəm. Bura gələndən sonra Rüqsarə xanım sağ olsun, əl qabiliyyətimi gördü və iş təklif etdi. Razılaşdıq, mütəmadi aylıq maaşla işə başladım”.



“Məzun evi”ndə ailəli şəxslərlə yanaşı, tələbələr də yaşayır. Emin Məmmədov Maştağa 1 saylı internat məktəbinin məzunudur. Hazırda 18 saylı peşə liseyində reklam sahəsi üzrə təhsil alır.



“Ata və anam rəhmətə gedəndən sonra xalam məni internat evinə qoydu. Ata tərəfdən isə heç kim mənimlə maraqlanmadı. 9 il orada qalmışam. Sonra burada ev verildi”.

Roman və hekayə yazmağa böyük maraq göstərən Emin əməkdar yazıçı adını almaq istəyir. Yazılarında ən böyük nisgili olan ana obrazını yaratmağa çalışır.



“Hansısa ananın övladını qucaqladığını görəndə özümü çox pis hiss edirəm. Fikirləşirəm ki, kaş mənimdə anam olardı”.

“Məzun evi”nin həm sakini, həm də işçisi olan Pənahi Ənvər isə Əhmədli qəsəbəsində yerləşən 3 saylı uşaq evində oxuyub. Oranı bitirdikdən sonra peşə liseyində oxuyub və bir müddət kirayədə qalıb.



“Valideynlərimdən xəbərim yoxdur, heç axtarmıram. 6 yaşımdan internat evimdə böyümüşəm. Hər işlə məşğul olmuşam. Uşaq evinin məzunlarına iş vermirlər, çətinlik çəkirik. Sənədimizdə uşaq evi yazılanda pis baxırlar. Meşə çaqqalsız olmur, amma özümüzü doğruldub müəssisədə çalışmışıq. Evi alandan sonra burada ailə qurmuşam. Yoldaşım da internat evinin məzunudur”.

“Məzun evi”nin sakinlərinin məşğulluğu üçün şərait yaradılıb. Belə ki, artıq fəaliyyətə başlayan xalça və tikiş sexlərində 18-ə yaxın gənc çalışır. Məzunlar burada toxuduqları xalçaları sərgilərə çıxarır, hətta satırlar da.



“Məzun evi”nin direktoru Rüxsarə Axundova bildirib ki, ştatlarda işləyənlər əsasən sakinlərdir:
“Onlar əsasən texniki işçilərdir - bərbər, bağban, liftyor, çilingər. Bakı 1 nömrəli Tekstil Fabriki ilə müqaviləmiz var. Kiçik sifarişlər alırlar. Məzunlarımız bütün yayı məktəbli forması üçün kiçik işlər görürlər. Xalça sexində isə özləri toxuyur. Orada 18 uşaq təhsil alıb və onlara diplom verilib. Müəllim Bahar xanım da onlarladır. Muncuqlarla tikmə üzrə əl işlərimiz var. Sağlamlıq imkanları məhdud uşaqlarımız əsasən toxuculuqla məşğul olurlar. Pullarını buradan çıxarırlar”.



Rüxsarə xanım deyib ki, “Məzun evi” layihəsi çərçivəsində binaların tikintisi davamlı olacaq. Hazırda 3-cü binanın tikintisi gedir. Orada azyaşlı sakinləri də nəzərə alıb, uşaq bağçaları salınacaq.

“Burada uşaqlar daimi yaşacaqlar. 2015-ci ilin noyabr-dekabr aylarında məzunlar köçməyə başlayıb. Birinci binada 120, ikinci binada isə 97 sakin var. Məskunlaşan gənclərin çoxu ailəlidir. Onların bir çoxu üçün biz toy etmişik. Uşaqlar burada dünyaya göz açıb. Üçüncü binanımız artıq tikilir. Sonrakı mərhələdə tikləcək 4-cü binanın altında isə məktəb fəaliyyət göstərəcək”.



“Məzun evi” bu gənclərin ümid yeri olmaqla yanaşı, həm də güc mənbəyidir. Onlar bu mənzillərdə dostluq və qonşuluq edir, bir-birilərinə dəstək olurlar.























Aytən Zəhra
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov

AzVision.az


Teqlər: Məzun-evi   Reportaj  





Xəbər lenti